Qalib ölkənin qalib gəncləri | |
2 Fevral Azərbaycanda Gənclər Günüdür. Ölkəmizdə 1997-ci ildən başlayaraq qeyd olunan bu günün təsis edilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider hakimiyyətdə olduğu dövrlərdə gələcəyə hesablanmış davamlı gənclər siyasəti yürütdü, bu vacib siyasətin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzaladı.
Məqsəd gəncliyin tükənməz enerjisinin düzgün dəyərləndirilməsi, millətin, ölkənin sabahı, ümidi olan gənclərin özünü inkişaf etdirməsi, savadlı, vətənpərvər yetişməsi, təhsilində uğurlara imza atması idi. Dövlətin bunun üçün verdiyi bütün dəstək, atdığı konkret addımlar Azərbaycanda fəal, nümunəvi gənclik formalaşdırdı.
Prezident İlham Əliyev Ümummilli Liderin müəyyənləşdirdiyi gənclər siyasətinə sadiq qaldı, Azərbaycan gənclərinin inkişafına hesablanan mühüm sənədlərə imza atdı. Onlara diqqət edək:
Dövlətin gənclərə sistemli dəstək və diqqəti nəticəsində Azərbaycan gəncliyinin Qərb, Avropa təhsilinə çıxışı təmin olundu. Gənclərin səsi həm də inkişaf etmiş Asiya ölkələrinin nüfuzlu universitetlərindən gəldi. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın, habelə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın nəticəsində 5000-dən artıq Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq oldu. Bu statistika təbii ki, hər il dəyişir. Çünki 2022-2026-cı illər üçün də Dövlət Proqramının qəbul edilməsi bu siyasətin davamlılığı deməkdir və hər il nüfuzlu xarici ali təhsil müəssisələrinə getmək istəyənlərin sayı artır.
Gənclərlə bağlı fəaliyyət təkcə Dövlət Proqramlarının qəbulu ilə məhdudlaşmadı.
Gənclərin ölkənin ictimai-siyasi, mədəni həyatında fəallığını təmin etmək üçün 2007-ci il “Gənclər İli” elan olundu. Şəhər və rayonlarda “Gənclər evi” formalaşdırıldı.
Bundan başqa, “Gənclər Fondu” təsis olundu; gənclərin hərtərəfli inkişafı, cəmiyyət həyatında fəal iştirakı stimullaşdırıldı. Fond gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai, sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirdi.
“Gənclər üçün Prezident Mükafatı” təsis edildi. Mükafat elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti, gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən 10 nəfər gəncə ildə bir dəfə 10000 manat məbləğində verilir.
“Könüllülük Hərəkatı”nın formalaşdırılması da gənclər siyasətinin vacib tərkib hissəsi oldu. İndiyədək 20 mindən artıq gənc könüllülük fəaliyyətinə cəlb olunub və bu müstəvidə qazanılan təcrübə onların vəzifə, iş yerləri əldə etmələrində bir tramplin rolunu oynayır.
2019-cu ildə “Yüksəliş” müsabiqəsi təsis olundu. İntellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslər bu müsabiqə yolu ilə müəyyən edilir, nəticədə ölkədə kadr ehtiyatı bankı formalaşdırılır.
Prezident təqaüdünün hər il ali təhsil müəssisələrinə yüksək balla qəbul olunan tələbələrə verilməsi gənclərdə təhsilə həvəsi gücləndirir, onların elmə marağını daha da möhkəmləndirir. Ötən il “Heydər Əliyev İli” ilə bağlı “Heydər Əliyev adına təqaüd”ün verilməsi də məhz bu məqsədə xidmət edirdi.
Beləliklə, dinamik həyata keçirilən gənclər siyasəti ona gətirib çıxardı ki, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən, müstəqil Azərbaycanın bu günü, sabahı haqqında düşünən, üzərlərinə düşən vəzifələri dəqiq öyrənən bir gənclik formalaşdı. Azərbaycan təhsil nəticələri yüksək, həmçinin xarici təhsil təcrübəsi ilə gözəl mütəxəssis kimi yetişib, ölkəsinə töhfə verən bir gənclik qazandı.
Təkcə bu da deyil. Bu siyasət ürəyində, duyğularında VƏTƏN EŞQİ böyük olan gənclik yetişdirdi. II Qarabağ müharibəsi bu gəncliyin QEYRƏTini, MƏRDliyini, ŞƏHİDliyə necə hazır olduğunu çox gözəl sübut etdi. Bu gənclik Qarabağın azadlığında, Azərbaycanın ərazi bütövlüyünün tam bərpasında sözünü dedi, gücünü göstərdi.
Vəfa ALLAHVERDİYEVA |
|
02.02.2024 | 09:00 | |
|
|
|