BDU ilə Sosial Xidmətlər Agentliyi arasında anlaşma memorandumu imzalanıb

Bakı Dövlət Universiteti (BDU) ilə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb.

 

Mərasimdə çıxış edən BDU-nun rektoru Elçin Babayev son illər ƏƏSMN və ona tabe qurumlarla sıx əməkdaşlıq edildiyini bildirib. Rektor qeyd edib ki, ali məktəblər arasında məhz BDU-da bir neçə il əvvəl Psixoloji xidmət sektoru yaradılıb və uğurla fəaliyyət göstərir. BDU-nun sosial elmlər və psixologiya fakültəsi universitetin ən köklü fakültələrindəndir. E.Babayev verilən biliklərin təcrübədə möhkəmlənməsinin zəruri olduğunu və hər iki quruma fayda verəcəyini vurğulayıb.

 

Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov həssas əhali qruplarına göstərilən sosial xidmətlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, Agentlik bu xidmətlərin operativ və səmərəli təşkili, sosial xidmətlərə əlçatanlığın artırılması üçün mütəmadi işlər görür. Bu baxımdan sosial xidmətlər üzrə mütəxəssis hazırlığı həyata keçirən ali təhsil müəssisələri ilə əməkdaşlıq zəruridir. Həmçinin bu sahədə ixtisaslaşmış gənc kadrların işə cəlbinə xüsusi önəm verilir. Hazırda Agentlikdə BDU-nun bakalavriatura səviyyəsini bitirən 100, magistratura səviyyəsini bitirən 24 məzunu çalışır.

 


Memoranduma əsasən, növbəti 3 il ərzində universitetin müvafiq sahədə ixtisas və ixtisaslaşmaları üzrə ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyəsində təhsil alan tələbələri üçün Agentlikdə istehsalat və elmi-tədqiqat təcrübə proqramları təşkil olunacaq. Eləcə də hər iki tərəfin mütəxəssisləri birgə sosial layihələrin hazırlanması və həyata keçirilməsində iştirak edəcəklər.

 

 

 



01.02.2024 | 20:07