BMU məzunu Prezident mükafatına layiq görülüb

Bakı Mühəndislik Universitetinin (BMU) məzunu Taryel Ağazadə  Prezident İlham Əliyevin “2024-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” Sərəncamı ilə mükafatlandırılanlar sırasında yer alıb.

 

Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənənərək mükafata layiq görülən 10 gəncdən biri olan Taryel Ağazadə BMU-nun bakalavriat pilləsini 2021-ci ildə bitirib.

 

Universitetin mühəndislik fakültəsinin mexanika mühəndisliyi (ingilis) ixtisası üzrə məzunu olan Taryel tələbə ikən fəallığı ilə seçilib, hətta həmin dövrdən bir çox beynəlxalq startap brendlərinin Azərbaycan təmsilçisi kimi çıxış edib. Məzun olduqdan sonra fəaliyyətinin əhatə dairəsini daha da genişləndirən Taryel Böyük Britaniya, Amerika, Portuqaliya, Almaniya, İspaniya, Hollandiya, Macarıstan, Ukrayna, Makedoniya, Qazaxıstan, Gürcüstan, Türkiyədə təşkil olunan çoxsaylı beynəlxalq tədbir və konfranslarda iştirak edib. Eyni zamanda “Mobile World Congress”, “Web Summit”, “TechCrunch Disrupt”, “Surge Summit”, “Digital Bridge 2023”, “Money20/20” kimi innovasiya yönümlü tədbirlərdə ölkəmiz üçün kontent hazırlayıb.

 

O, 2020-ci ildə “İnnovativ Azərbaycan” devizi altında lokal ekosistem oyunçularını dəstəkləmək məqsədilə təsis olunan Azərbaycan İnnovasiya Mükafatının  “İlin influenseri” nominasiyası üzrə, 2022-ci ildə isə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təşkil olunan “IDDA Awards” innovasiya müsabiqəsinin “Ekosistem lokomotivi” nominasiyası üzrə qalib olub.

 

Hazırda “Kapital Bank”ın İnnovasiya proqramının rəhbəri Taryel Ağazadə texnologiya, elm və startap sahəsi üzrə media platforması olan “Tedroid”in təsisçisidir.

 



01.02.2024 | 17:51