MDU-da əmək haqları artırılır

Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının növbəti iclası keçirilib.

 

İlk olaraq, “Mingəçevir Dövlət Universiteti 2030: İnkişaf Strategiyası” əlavə və dəyişikliklərlə yeni redaksiyada müzakirəyə çıxarılıb. Rektor Şahin Bayramov sənəd barədə ətraflı məlumat verib, nəzərdə tutulan strateji məqsədlər, hədəflər və fəaliyyətlər, o cümlədən müəyyən edilmiş əsas performans göstəriciləri haqqında danışıb. MDU-nun mövcud və potensial imkanları, qabaqcıl yerli və xarici universitetlərin təcrübələri nəzərə alınmaqla hazırlanmış “Mingəçevir Dövlət Universiteti 2030: İnkişaf Strategiyası” yeni redaksiyada geniş müzakirələrdən sonra qəbul edilib.

 

İclasda “MDU-da bakalavriat və magistratura səviyyələri üzrə təcrübələrin təşkili” haqqında hesabat da dinlənilib. Aparılan müzakirələrdən sonra müvafiq təklif və tövsiyələr nəzərə alınmaqla hesabat qəbul olunub.

 

Daha sonra, MDU əməkdaşlarının əmək haqlarının artırılması məsələsinə baxılıb. Aparılan müzakirələrdən sonra əməkhaqqı səviyyəsinin orta hesabla 11.8 faiz artırılması barədə qərar qəbul edilib.

 



01.02.2024 | 16:11