“Heç bir texnologiya müəllimi əvəz edə bilməz”

Məlum olduğu kimi, yanvarın 24-26-də Londonda BETT təhsil texnologiyaları sərgisi keçirilib. Dünya ölkələrindən 1200-dən çox qabaqcıl şirkət, 60 mindən çox iştirakçının təmsil olunduğu BETT təhsilin keyfiyyətini təkmilləşdirməyə töhfə verən ən son texnologiya və innovativ təhsil həllərini bir araya gətirib. Bu ilin başlıca mövzusu “Gələcəyi yaratmaq” olan sərginin əsas tərəfdaşları “Microsoft”, “Google”, “Lenovo” və bir sıra digər yüksək texnologiyalı sənaye liderləridir.

  

Tədbirin açılış mərasimində çıxış edən Böyük Britaniyanın təhsil naziri Gillian Kigan süni intellektə yanaşmada sübut və innovasiyanın vacibliyini qeyd edib. Nazir çıxışında təhsildə süni intellektdən faydalanmaq üçün beynəlxalq əməkdaşlığa çağırış edib: “Möhkəm tənzimləmə və sübuta əsaslanan yanaşma ilə yanaşı, inkişaf etməkdə olan texnologiyanın təklif etdiyi imkanlardan yararlanmaq istəyiriksə, beynəlxalq əməkdaşlıq da vacibdir”. 
  

Sektoru yeniliklər etməyə, tədris və öyrənməni dəyişdirmək üçün süni intellektin  potensialını araşdırmağa təşviq edən  təhsil naziri minlərlə müəllim, texnoloji ekspert və pedaqoqun iştirak etdiyi konfransda deyib:

 

“Keçən ilin martında bu səhnədə dayandığımdan bəri biz generativ süni intellektin (AI) sürətlə inkişafa davam etdiyini və bütün dünyada müzakirələri qızışdırdığını gördük.  Bu müzakirələr süni intellektin gətirə biləcəyi bəzi imkanlar  və çətinliklərlə bağlı oldu.  Bu gün biz dünya üzrə aparıcı ekspertlərimizin və pedaqoqlarımızın fikirlərini bir araya gətirərək təhsildə süni intellektlə bağlı ən son tədqiqatımızı dərc edirik... Mən ölkələri sübutlar yarandıqca, paylaşmağa davam etməyə çağırıram ki, biz hamımız bütün dünya üzrə sinif otaqlarında fərq yaratmaq üçün bu imkanlardan daha yaxşı istifadə edə bilək”.

 

Süni intellekt gündəlik həyatın bir hissəsinə çevrilir

 

Təhsil naziri qeyd edib ki, süni intellekt gündəlik həyatın bir hissəsinə çevrilir və gənclərimiz bunun onların gələcəkləri üçün nə demək olduğunu düşünməyə başlayırlar.  “Keçən ay mən  icma kolleclərində tələbələrlə onların sinifdə texnologiyadan necə istifadə etdikləri və süni intellektin onların təhsili üçün nə demək olduğu barədə söhbət etdim. Onlar mənimlə ChatGPT kimi vasitələrdən necə istifadə etmək haqda danışdılar. Texnologiyadan təhlükəsiz istifadənin zəruriliyindən də danışdılar. Gənclərimizin süni intellektin sinifdə edəcəyi dəyişiklikləri qəbul etməyə hazırlıqlarına, lakin onun gətirə biləcəyi çətinliklərdən də məlumatlılıqlarına arxayın oldum”. 

 

Süni intellekt və təhsili bir-birinə yaxınlaşdırmaq

  

Nazir AI-nin təhsilə tətbiqini dəstəkləmək üçün beynəlxalq səviyyədə gördükləri işlər barədə məlumat verib: “Biz süni intellekt və təhsili bir-birinə yaxınlaşdırmağa gəldikdə ən yaxşı təcrübəni bölüşmək üçün bir çox ölkələrlə sıx əməkdaşlıq edirik. Bir misal Estoniyadır. Onlar müəllimlərin strategiyanın təyin etdiyi, süni intellektin hər bir tələbə üçün sifarişli öyrənmə yolunu müəyyənləşdirəcəyi,  planlaşdırma və ölçmə aparacağı bir model təqdim edirlər. Şagirdlər öyrənməni təkmilləşdirmək üçün fərdiləşdirilmiş rəy alır və müəllimlər şagirdlərinin necə performans göstərdiyini və harada təkmilləşə biləcəklərini anlamağa kömək etmək üçün diaqnostika əldə edirlər.

 

Yaponiyaya gəldikdə, bizdən öyrəndiyi kimi, biz də onlardan öyrənirik. Keçən il G7-yə səfərim zamanı onların süni intellekt və oyun da daxil olmaqla, mövzuları öyrənən tələbələrinə dəstək olmaq üçün ən müasir texnologiyadan necə istifadə etdiklərini gördüm. Onlar da süni intellekt dünyasının müsbət və mənfi tərəflərini öyrənirlər və məmnunam ki, biz bu imkanları dərk etmək, bu riskləri azaltmaq üçün birlikdə işləyirik”. 
 

Heç bir texnologiya müəllimi  əvəz edə bilməz
 

Nazir süni intellekt kimi texnologiyaların müəllimləri əvəz edəcəyinə dair fikirlərə də aydınlıq gətirib: “Mən, həmçinin süni intellekt və ya hər hansı digər texnologiyanın bizim parlaq müəllimlərimizi bir növ əvəz edəcəyini düşünənləri əmin etmək istəyirəm: bu, baş verməyəcək! Heç bir texnologiya müəllimi  əvəz edə bilməz. Texnologiyalar onlara uğur qazanmaq üçün lazım olan inamı verməkdən ibarətdir. Hətta Bill Qeyts bir dəfə demişdi: “Texnologiya, sadəcə bir vasitədir; uşaqlarla birlikdə işləmək və onları motivasiya etmək baxımından müəllim hər şeydən önəmlidir” və əlbəttə ki, texnologiya onlara həyatda uğur qazanmaq üçün ehtiyac duyacaqları inamı verir. “Deyəcəyim tək şey budur ki, yeniliklərə davam edin, paylaşmağa və öyrənməyə davam edin!“.
   

Onun sözlərinə görə, EdTech sektorunda gələcəyə baxan çoxlu yenilikçilər  və liderlər var. Təhsil naziri,  həmçinin hökumətin AI-yə qarşı mübarizə üçün lazım olan hər şeylə təchiz olunmuş perspektivli bacarıq sektorunu necə yaratdığını izah edib:” Ötən il 22000-dən çox insan rəqəmsal təhsilə başlayıb, texniki ixtisasların artırılması üzrə rəqəmsal kurslar və bacarıqların inkişafı üzrə tədris kursları həm şagirdlərin, həm də tələbələrin öz bacarıqlarını inkişaf etdirmələrinə və AI ilə bağlı imkanlardan yararlanmalarına  kömək edir...

 

Biz gələcək üçün imkanları nəzərdən keçirsək də, qabaqcıl texnologiyadan istifadə ilə bağlı yaranan çətinliklərə məhəl qoymamağımız vacibdir. Sizi əmin etmək istəyirəm ki, yeni texnologiyalar yaranan zaman bizim əsas prioritetimiz gənclərin təhlükəsizliyidir. Nə qədər hazırlıqlı olduğumuzu düşünsək də, imkanları qavramağımızı və süni intellektin gətirə biləcəyi hər hansı problemin öhdəsindən gəlməyi təmin etmək üçün kifayət qədər bacarıqlı insanlara ehtiyacımız var”. 

 

Tədbirdə çıxış edən Böyük Britaniyanın elm, innovasiya və texnologiya üzrə dövlət katibi Mişel Donelan bildirib: “AI-nin dəyişən üstünlükləri artıq bütün cəmiyyətdə hiss olunur. Bilirəm ki, hamımız onun potensialından istifadə etməyə nail ola bilərik ki, gənc zəkalarımız  təhsil alsınlar, parlaq müəllimlərimiz isə dərs versinlər. Süni intellektdən istifadə edərək şagirdlərə oxumalarına kömək etmək üçün fərdi dəstək verə bilərik, həmçinin müəllimlərə lövhə qarşısında daha çox vaxt vermək üçün onları bir sıra inzibati vəzifələrdən azad edə bilərik. Bu, ölkənin hər sinifində dünyanın aparıcı təhsil sistemini yaratmağa imkan verəcəkdir”.

 

Oruc MUSTAFAYEV

 



31.01.2024 | 14:29