“İnnovasiya və sahibkarlıq: startap ekosistemi” adlı kitabın təqdimatı olub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM), Bakı Mühəndislik Universiteti (BMU) və ABŞ-ın Nevada Universitetinin birgə əməkdaşlığı çərçivəsində hazırlanmış “İnnovasiya və sahibkarlıq: startap ekosistemi” adlı kitabın (dərs vəsaiti) təqdimatı keçirilib. Kitab BMU-da rəsmi şəxslər, elm adamları, tələbələr və aidiyyəti sahə üzrə mütəxəssislərin iştirakı ilə ictimaiyyətə təqdim olunub.

 

Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev dünyanın və ölkəmizin prioritet məsələlərindən olan startap ekosistemi haqqında yazılmış dərs vəsaitinin önəmini vurğulayıb. Texnopark təcrübəsinə malik universitetdə gələcək inkişafın təmin edilməsi, məhsuldarlıq və səmərəliliyin artırılması məqsədilə həyata keçirilən islahatyönümlü addımlardan, qarşıda duran əsas hədəflərdən danışan rektor bu sırada innovasiya və startap ekosisteminin inkişafını ayrıca qeyd edib.

 

Tədqiqat və elmi tərəqqi fonunda dərs vəsaiti və ya tədris materialları ilə təminatın əhəmiyyətini vurğulayan Y.Piriyev “İnnovasiya və sahibkarlıq: startap ekosistemi” kitabının ölkəmizdə bu sahənin öyrənilməsi və inkişafında mühüm rol oynayacağına inamını ifadə edib, nəşrin müəlliflərinə təşəkkürünü bildirib.

 

İİTKM-in icraçı direktoru iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı isə vurğulayıb  ki, müasir sahibkarlıq mühitində startaplar innovasiyaların hərəkətverici qüvvələrindən biridir və riskləri düzgün idarə etməyi bacaran cəsarətli biznes liderlərinin özünütəsdiq platforması kimi çıxış edir. Yəni, startaplar həm qlobal, həm də yerli miqyasda iqtisadi artımın və məşğulluğun katalizatorlarındandır. V.Qasımlı “İnnovasiya və sahibkarlıq: startap ekosistemi” kitabının startapların mətbəxinə səyahət imkanı verdiyini, onların uğurlarının sirlərini açmaq üçün bələdçi rolunu oynadığını və bu dərs vəsaitinin də yerli ekosistemin inkişafına töhfə verəcəyini bildirib.

 

Sonra Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi Vazeh Əskərov, Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, İİTKM-in operatoru olduğu “Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva, BMU-nun dosenti Elçin Süleymanov və “Startap School-1” müsabiqəsinin qaliblərindən “Metatesk” layihəsinin rəhbəri Günay İmanzadə çıxış edərək, həm təqdimatı keçirilən kitabın əhəmiyyətindən, həm də innovasiya ekosisteminin mövcud vəziyyətindən və bu sahənin çağırışlarından bəhs ediblər.

 

Tədbirdə bildirilib ki, “İnnovasiya və sahibkarlıq: startap ekosistemi” kitabı BMU-nun Tədris Metodiki Şurasının müvafiq protokolu ilə 01.11.2023-cü ildə dərs vəsaiti kimi təsdiq edilib.

 

Kitabda qloballaşma, iqtisadi artım, rəqabətqabiliyyətliliyin təmin olunması, eləcə də ümumi inkişafda innovasiya və startapların rolu ilə bağlı xarici ölkə modelləri arasında müqayisələr aparılıb, həmçinin Azərbaycanda startap ekosisteminin formalaşmasının institusional məsələləri, mövcud vəziyyəti və perspektivləri təhlil olunub.

 



30.01.2024 | 16:36