Türkiyənin Ərzurum Texniki Universiteti ilə əməkdaşlıq protokolu imzalanıb | |
Naxçıvan Dövlət Universiteti ilə (NDU) Ərzurum Texniki Universiteti arasında onlayn görüş keçirilib. Görüşdə Ərzurum Texniki Universitetinin rektoru Bülent Çakmak ölkələrimiz arasında qardaşlıq münasibətlərinə toxunub, bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Universitetlərarası əlaqələrdən danışan Bülent Çakmak Naxçıvan Dövlət Universiteti ilə qarşılıqlı və faydalı əməkdaşlığın genişləndirilməsi istiqamətində layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
NDU-nun rektoru Elbrus İsayev ali təhsil ocağının kadr potensialı, maddi-texniki imkanları, beynəlxalq əlaqələri, tərəfdaş olduğu xarici ölkə universitetləri haqda məlumat verib.
Rektor rəhbərlik etdiyi ali təhsil ocağının beynəlxalq əlaqələrində Türkiyə universitetlərinin xüsusi payı olduğunu diqqətə çatdırıb. Qardaş ölkənin təcrübəsini öyrənmək baxımından birgə əməkdaşlığın xüsusi əhəmiyyətə malik olduğu bildirilib. E.İsayev Türkiyə universitetləri ilə texniki sahədə gələcək əməkdaşlıq məsələlərinin vacib məqamlarına da toxunub.
Qeyd olunub ki, NDU ilə informasiya texnologiyaları üzrə dünya nəhəngi IBM şirkəti arasında əməkdaşlıq əlaqələri qurulub. IBM şirkəti ilə imzalanan memoranduma əsasən, ali təhsil ocağında Proqramlaşdırma Mühəndisliyi İnstitutu yaradılacaq.
Rektor universitetdə yaradılacaq Texnopark üçün qabaqcıl dünya təcrübəsinin, həmçinin Ərzurum Texniki Universitetinin bu sahədə imkanlarının öyrənilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə universitetlərarası sosial və elmi əməkdaşlıq, birgə layihələrin icrası istiqamətində işlər müzakirə edilib. Sonra hər iki universitet arasında birgə əməkdaşlığa dair protokol imzalanıb.
Protokolda elmi rəqabətliliyin təmin ediməsi, tələbə, müəllim mübadiləsi, Ərzurum Texniki Universiteti Yüksək Texnoloji Proqram və Araşdırma Mərkəzi, Texnoloji Transfer Ofisi ilə birgə tədqiqatlar, “Ərzurum Texniki Universiteti Mucit Park” vasitəsilə “Bilim insanı yetişdirmə Proqramı” çərçivəsində Naxçıvan Dövlət Universitetinin nəzdində olan Beynəlxalq məktəb, kollec və universitet tələbələrinə innovativ düşünmə, proqramlaşdırma və robototexnika sahəsində təlimlərin təşkili, elmi tədqiqat sahələrində birgə araşdırmalar, tədqiqatlar aparmaq əsas fəaliyyət istiqamətləri kimi müəyyənləşdirilib.
|
|
30.01.2024 | 11:44 | |
|
|
|