“Azərbaycanda Çin dilinin tədrisində praktiki yeniliklər” mövzusunda elmi seminar | |
Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda “Azərbaycanda Çin dilinin tədrisində praktiki yeniliklər” mövzusunda elmi-praktiki seminar keçirilib. Seminarın məqsədi azərbaycanlı tələbələrin Çin dilini öyrənməsinin effektivliyini təhlil etmək və qiymətləndirmək, ali məktəbdə Çin dilinin tədrisinin metodik sisteminin səciyyəvi cəhətləri ilə bağlı konseptual və praktiki məsələləri müzakirə etmək olub.
Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov ADU nümayəndə heyətinin Pekində keçirilən Ümumdünya Çin dili konfransında iştirakından danışaraq bildirib ki, həmin konfransda “Çin dili + peşə təhsili” adlı xüsusi proqramın yaradılması, “ağıllı təhsil” şəbəkələrinin genişləndirilməsi, innovativ tədris modellərindən istifadə və Çin dilində təhsilin intellektual transformasiyası kimi məsələlər müzakirə edilib.
Seminarda çıxış edən Konfutsi İnstitutunun əməkdaşı Firəngiz Mahmudzadə tələbələrin təhsil motivasiyasının inkişafında müasir tendensiyalar haqqında danışaraq, Çin dilinin tədrisində kommunikativ oyunlar, interaktiv texnologiyaların tətbiqini və tələbələrin nitq bacarıqlarının inkişaf etdirilməsində xüsusi tapşırıqlar sistemindən istifadə edildiyini xüsusi olaraq vurğulayıb.
Seminarda çıxış edən ADU-nun Çin dili müəllimi Cavidə Əliyeva Çin dilinin müxtəlif səviyyəli qruplar üzrə tədrisində, o cümlədən tələbələri Çin dili imtahanlarına hazırlayarkən tətbiq olunan yeni tədris formalarından, tələbələrin Çin dilində dinləmə bacarıqlarının inkişafında həmin dilin daşıyıcısı olan müəllimlərin rolundan bəhs edib.
Seminarda çıxış edən ADU-nun Çin dili müəllimi Kamalə Məmmədova tələbələrdə Çin dilinin ilkin səviyyəsi üzrə kommunikativ səriştənin, o cümlədən şifahi və yazılı ünsiyyət bacarıqlarının formalaşmasının metodiki aspektləri və heroqlif yazının əsaslarının tədrisi metodikası haqqında danışıb.
|
|
27.01.2024 | 11:02 | |
|
|
|