Tayvanda STEAM

Tayvan (Çin Xalq Respublikası) Asiyanın yüksək keyfiyyətli təhsil verən bölgələrindən biri hesab olunur. Tayvan təhsili dünyada 17-ci, Asiyada isə  4-cü yerdədir. Tayvan şagirdləri 2022-ci ildə keçirilən PISA (Programme for International Student Assessment) beynəlxalq qiymətləndirmə proqramında yüksək nəticə nümayiş etdirirərək lider mövqedə qərarlaşıblar. Belə ki, qiymətləndirməyə əsasən Tayvan şagirdləri 533 balla 3-cü yerə layiq görülüblər.

 

STEM/STEAM təhsilə keçid

 

2001-2003-cü illərdə Tayvan məktəblərində STEM tədris metodologiyasının təşviqi məqsədilə  təbiət, həyat elmləri və texnologiya sahələrini geniş əhatə edən tədris planı hazırlanıb. 2014-cü ildə ölkədə 12 illik baza təhsil metoduna keçilib. 2018-ci ildə isə təbiət elmləri, texnologiya və riyaziyyat yönümlü tədris proqramı işlənib.

 

Tayvan şagirdlərin STEM-də iştirakı və onların dəqiq elmlər üzrə savadlılığının artırılması məqsədilə bir neçə dəfə kurikulumda islahatlar aparıb. STEM 2010-cu ilin ortalarında orta məktəb təhsil proqramları tərəfindən mühüm tədris konsepsiyası kimi geniş şəkildə qəbul edilib və məktəb kurikulumunun inkişafı üçün yeni tendensiyaya çevrilib.

 

Məktəbəqədər təhsil müəssisələrində

 

Erkən təhsil uşaqların gələcəkdə formalaşmasında çox önəmli rol oynayır. STEAM təhsilinin əsas məqsədlərindən biri uşaqlara real dünya konteksti ilə bağlı orijinal öyrənmə təcrübəsi verməkdir.

 

Tayvanda erkən uşaqlıq dövründə STEAM fəaliyyətləri açıqdır, yəni onlar ciddi qaydalara əməl etmirlər. Müəllim uşağa nəyin doğru və ya yanlış olduğunu söyləmək əvəzinə, uşağın düşüncəsini öz nəticəsinə gətirməyə sövq edir. Məsələn, uşaqlar blok tikmə məşqləri zamanı bloklardan alət və ya texnologiya kimi istifadə edirlər. Quraşdırdıqları binaların yıxılmaması üçün müxtəlif strategiyaları planlaşdıraraq və sınayaraq mühəndislik bacarıqlarını inkişaf etdirirlər. Onlar elmi anlayış olan sınaq və səhvdən istifadə edirlər. Blokları yığdıqda və ya bir sıraya qoyduqda, onları necə işlətmək lazım olduğunu düşünürlər, blokların hansı formalarının bir-birinə daha yaxşı uyğunlaşdığını araşdırırlar ki, bu da riyaziyyat anlayışıdır.

 

Elmi fəaliyyətlər uşaqlara dünyada təbii hadisələrin necə işlədiyini anlamağa kömək edir. Bundan əlavə, təcrübə aparmaq onlara müşahidə etmək, suallar vermək, gördüklərini təsvir etmək, mümkün proqnozlar vermək, nəticələri müqayisə etmək və öyrəndiklərini başqaları ilə bölüşmək kimi bacarıqları inkişaf etdirməyə kömək edir. Tayvanlı mütəxəssislər hesab edir ki, STEAM-də ən böyük yanlış fikir texnologiyanın yalnız kompüter və ya planşet kimi elektronikanın istifadəsini əhatə etməsidir. Elektronika texnologiyanın bir hissəsidir, lakin texnologiyanı birləşdirmək üçün sinifdə ekran vaxtı əlavə etmək lazım deyil. Texnologiya sadəcə olaraq “alətlər” üçün gözəl bir sözdür. Bu səbəbdən məktəbəqədər uşaqlar sadə alətlərdən - yazmaq üçün karandaş, kəsmək üçün qayçı və obyektə yaxından baxmaq üçün böyüdücü şüşələrdən istifadə edirlər.

 

Ümumtəhsil məktəblərində

 

Tayvanda şagirdlərin STEAM potensialı hərtərəfli və çoxşaxəli məktəb sistemi vasitəsilə qurulur. Məktəb kurikulumunda təbiət elmləri, riyaziyyat, texnologiya sahələri təşviq edilir.

 

Ümumtəhsil məktəblərində şagirdlərə özlərinin biliklərini araşdırmaq və düşünmə qabiliyyətlərini tətbiq etmək imkanları yaradan layihəəsaslı öyrənmə tətbiq edilir. Şagirdlər siniflərdən asılı olaraq əyləncəli şəkildə LEGO, Robototexnika, Lego Robotics, proqramlaşdırma, Minecraft və kodlaşdırma, 3D çap, dizayn düşüncəsi, kodlaşdırma və s. proqramlara yiyələnirlər. Belə məktəblərdən biri 7-ci sinifdən 12-ci sinfə qədər şagirdləri əhatə edən Şi Yuan Liseyidir. Lisey Tayvanda STEAM təhsili verən qabaqcıl məktəblərdən biridir. Məktəb müasir avadanlıqlarla təchiz olunmuş dörd xüsusi sinif otağına malikdir. Fugui İbtidai məktəbi, Puli Junior Liseyi və Huiven Liseyi şagirdlərinə nisbətən erkən STEAM təhsili verir. Bu məktəblərin şagirdləri müxtəlif yerli və beynəlxalq müsabiqələrdə STEAM bacarıqlarını nümayiş etdirərək qalib olurlar.

 

Tayvanda özəl beynəlxalq məktəblər də fəaliyyət göstərir. Məktəblərdə STEAM metodikası ibtidai sinifdən tədris olunmağa başlayır.

 

Tayvanda dövlət və özəl məktəblər üçün məktəbdən sonra proqramlar, eləcə də assosiasiyalar mövcuddur. Bu proqramlar 3-16 yaş arası müxtəlif yaş qruplarına uyğun fəaliyyətlər yaratmaq üçün getdikcə genişlənən çoxsaylı xüsusi seminar və təcrübələrdən istifadə edir. Burada kompüter laboratoriyaları, LEGO Robotics, Oyun strategiyalı riyaziyyat, Multimedia animasiyası, VEX IQ Robot, 3D Çap, Kod sehrbazları, Gənc ixtiraçılar, Moda texnologiyası, Minecraft World Building və MOD kodlaşdırması, Roblox yaradılması və kodlaşdırma kimi kurslar mövcuddur.

 

Ali təhsildə

 

Tayvanda fəaliyyət göstərən ali təhsil müəssisələri dünyanın ən yaxşı universitetlərinin reytinq sırasında yer alır. 2024-cü il üzrə “Times Higher Education” dünya universitetləri reytinqinə əsasən Tayvanın top - 10 ən yaxşı universiteti bunlardır: Tayvan Milli Universiteti, Tayvan Çin Tibb Universiteti, Tayvan Asiya Universiteti, Tayvan Milli Elm və Texnologiya Universiteti (Taiwan Tech), Tsing Hua Milli Universiteti, Yang Ming Chiao Tung Milli Universiteti, Taypey Tibb Universiteti, Cheng Kung Milli Universiteti (NCKU), Tayvan Normal Milli Universiteti və Yunlin Milli Elm və Texnologiya Universiteti.

 

Sadalanan universitetlərin əksəriyyəti STEM sahələr üzrə ixtisaslaşmış ən yaxşı ali məktəblərdən hesab edilir. Bu ali məktəblər biotexnologiya və tətbiqi mikrobiologiya, hüceyrə biologiyası, kimya mühəndisliyi, riyaziyyat, kompüter elmləri, elektrik və elektronika mühəndisliyi, nanoelmlər və nanotexnologiya, neyroelmlər, onkologiya, optika, immunologiya, əczaçılıq və toksikologiya, radiologiya, kosmik elmlər, aviasiya, təmiz enerji və yanacaq, geoelmlər, mexanika mühəndisliyi, robot texnikası, maşınqayırma, inşaat, struktur mühəndisliyi, beynəlxalq iqtisadiyyat, eləcə də digər sahələr üzrə ixtisaslaşmış mütəxəssis və alimlər yetişdirir. Ali məktəblərin kampuslarında çoxlu sayda tədqiqat institutları və laboratoriyalar fəaliyyət göstərir.

 

Elmi və texniki təhsilin əhəmiyyətinə görə Tayvan dünyada böyük gücə malikdir. Son illərdə Tayvanın dizayn komandaları tez-tez beynəlxalq dizayn mükafatlarının qalibləri olurlar.  Tayvanın dizayn təhsil sistemindəki nailiyyətlərinin qlobal miqyasda tanınması və təhsil islahatları uzunmüddətli iqtisadi artımını və rifahını yaxşılaşdırmaq istəyən inkişaf etməkdə olan ölkələr üçün nümunə ola bilər.

 

Lamiyə ƏLİMƏRDANOVA

 



26.01.2024 | 12:02