“Bayrağımızın dalğalanması qürurverici idi” | |
Məktəblilərimiz Beynəlxalq “VEX Robotics Türkiye Open” yarışmasında böyük uğura imza atıblar. Məlumat verildiyi kimi, yanvarın 13-də Türkiyənin İstanbul şəhərində Beynəlxalq “VEX Robotics Türkiye Open” müsabiqəsi keçirilib. Ölkəmizi təmsil edən “Robo Force” komandası müxtəlif ölkələrdən yarışmaya qatılan 100 komanda arasında VEX IQ kateqoriyası üzrə 2-ci yerə layiq görülüb. Eyni zamanda, komanda tərəfindən hazırlanan robot “Ən yaxşı mühəndislik həlli” nominasiyasının qalibi seçilib. Qalib gənclərimizi daha yaxından tanımaq qərarına gəldik və “VEX Robotics Türkiye Open” yarışmasındakı təəssüratları ilə tanış olduq.
“Arzum bu sahə üzrə xaricdə təhsil almaqdır”
Erkam Məsiyev, Humanitar fənlər təmayüllü məktəb-liseyin 10-cu sinif şagirdi, “Robo Force” komandasının rəhbəri: “Mən “Robo Force” komandasının lideri, sürücüsü, mühəndisi və proqramçısıyam. Biz artıq 2 ildir ki, müxtəlif müsabiqələrə qatılırıq. İndiyə kimi STEAM Azərbaycanın dəstəyi ilə Azərbaycan, Qazaxıstan, Türkiyə və Amerikada keçirilən bir çox VEX yarışlarında iştirak edib uğurlar qazanmışıq. Qatıldığımız yarışlarda “Best of Best”, “Teamwork Champion”, “Robot Skills Champion”, “Robot Skills 2nd place”, “Teamwork 2nd place”, “Build award” və “Sportsmenship” kuboklarına sahib olmuşuq. “VEX Robotics Türkiye Open” yarışması boyu biz rekordu yenilədik və birinciliklə davam etdik. Finalda isə müəyyən şanssızlıqlar yaşayaraq 2-ci yerə sahib olduq. Yenə də bu, bizim üçün böyük uğurdur və ilin yaxşı bir başlanğıcıdır. Bayrağımızın yarışmada dalğalanması bizim üçün qürürverici idi. Vətənə uğurla qayıdaraq ailə üzvlərimiz daxil olmaqla bizə güvənən, dəstəyini əsirgəməyən şəxslərin inamını doğrultmuş olduq. Yarışmada nümayiş etdirdiyimiz robotumuza kubları götürmək və qaldırmaq üçün lift mexanizmi əlavə etmişdik. Robotumuzun xüsusi vurğulamaq istədiyim “intake” - qəbul hissəsidir ki, robot onun sayəsində kubları götürərək ən yuxarıya qədər qaldırır. Bundan sonrakı əsas hədəfimiz Azərbaycanda keçiriləcək seçim turunda qalib olub Amerikada ölkəmizi layiqincə təmsil etməkdir. Gələcəkdə arzum bu sahə üzrə davam edərək mexatronika sahəsində xaricdə təhsil almaqdır”.
“Hazırkı hədəfimiz dünya çempionatına lisenziya qazanmaqdır”
Aylin Məsiyeva, Humanitar fənlər təmayüllü məktəb-liseyin 11-ci sinif şagirdi: “Mən “Robo Force” komandasının mentoru olaraq fəaliyyət göstərirəm. Komandamız 2 ildir bu yarışlarda iştirak edir. Komandamızın bu ilin ilk uğuru olan “VEX Robotics Türkiye Open” qalibiyyətimiz barədə danışmaq xoşdur və iki kubokla Vətənə qayıtmağımıza çox şadıq. Yarışmada müxtəlif ölkələrdən olan 100 komanda iştirak edirdi. SAF 2023 Beynəlxalq STEAM Azərbaycan Festivalından tanış olduğumuz komandaları da orada görüb onlarla robotlarımızda olan yeniliklər haqqında müzakirələr apardıq. Finalda isə 99 bal yığaraq 10 ballıq fərqlə 2-ci yerə çıxdıq. Bu nəticə bizim üçün digər yarışlara hazırlaşmağa böyük motivasiyadır. Durmadan yeni yarışlara hazırlaşmağa davam edirik. Hədəfimiz ölkə finalında iştirak edib uğur əldə etmək və dünya çempionatına lisenziya qazanmaqdır. Mənim arzum gələcəkdə informasiya təhlükəsizliyi və ya süni intellekt sahələrindən biri üzrə xaricdə təhsil almaqdır. Qazandığımız uğur münasibətilə komanda yoldaşlarımı təbrik edir, uğurlarımızın daimi olmasını arzulayıram”.
“Ölkəmizi layiqincə təmsil etdiyimiz üçün qürur duyuruq”
Araz Çıraqov, Seyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının 10-cu sinif şagirdi: “Mən “Robo Force” komandasında sürücü olaraq fəaliyyət göstərirəm. 2 ildir qatıldığımız yarışmada hər il yeni xəritə və yeni tapşırıqlar olur və biz də bu tapşırıqları yerinə yetirəcək bir robot düzəldirik. STEAM Azərbaycanda hazırlaşaraq builki xəritəyə əsasən turnir üçün robot hazırladıq. Robotumuzla “Teamwork 2nd place” və “Build award” kuboklarını aldıq. “Build Award” kubokunu almağımıza səbəb robotumuzun çoxfunksiyalı, sürətli və ən əsası, düzgün konstruksiyaya malik olması idi. “VEX Robotics Türkiye Open” yarışması dostluq çərçivəsində keçsə də, maraqlı və həyəcanverici anlar yaşandı. Ali təhsilimi də bu istiqamət üzrə davam edərək mexatronika sahəsində Almaniyada təhsil almaq istəyirəm. Komandamızla ölkəmizi layiqincə təmsil etdiyimiz üçün qürur duyuruq!”.
“Daha yüksək hədəflərə nail olmaq niyyətindəyik”
Fatih Emçiyev, Seyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının 10-cu sinif şagirdi: “Mən “Robo Force” komandasında dizayner, mühəndis və sürücü olaraq fəaliyyət göstərirəm. Biz SAF 2023 Beynəlxalq STEAM Azərbaycan Festivalından sonra daha da mükəmməlləşdirmək üçün robotumuzu tamamilə dəyişdik. “VEX Robotics Türkiye Open” yarışmasındakı robotumuz festivaldakından çox fərqlənirdi. Eyni zamanda biz öz strategiyamızı da dəyişməli olduq. Biz 112 bal yığaraq qalibiyyət sevincini yaşadıq. Beynəlxalq yarışmada Azərbaycanı təmsil etməyimiz və bu ilin ilk uğurunu qazanmağımızla fəxr edirik! Bununla belə, daha yüksək hədəflərə nail olmaq niyyətindəyik. Mənim arzum gələcəkdə biznesin idarə olunması sahəsində xaricdə təhsil almaq və yüksək səviyyəli peşəkar mütəxəssis kimi ölkəmə fayda verməkdir”.
Lamiyə ƏLİMƏRDANOVA
|
|
26.01.2024 | 09:45 | |
|
|
|