Gürcüstanın təhsil, elm və gənclər nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da | |
Azərbaycanda səfərdə olan Gürcüstanın təhsil, elm və gənclər naziri Giorgi Amilaxvarinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.
Rektor Elçin Babayev bildirib ki, Gürcüstanın təhsil və elm naziri Giorgi Amilaxvarinin başçılıq etdiyi nümayəndə heyətinin səfəri xalqlarımız arasında təhsil və elm sahələrində möhkəm dostluq və əməkdaşlığa sübutdur: “Bu səfər Azərbaycan və Gürcüstan arasında mövcud olan əlaqələri möhkəmləndirməklə yanaşı, təhsil və elm sahələrində əməkdaşlıq, akademik mübadilə və birgə tədqiqat təşəbbüsləri üçün yeni imkanlar açacaq. Biz birlikdə tələbələrimiz üçün daha parlaq gələcək qura və ölkələrimizdə elm və təhsilin inkişafına töhfə verə bilərik”.
Rektor E.Babayev BDU ilə Gürcüstanın ali təhsil müəssisələri arasında əməkdaşlığı genişləndirməyin zəruri olduğunu bildirib: “BDU məmnuniyyətlə Gürcüstanın nüfuzlu elm və ali təhsil müəssisələri ilə dinamik əməkdaşlığa hazırdır. Bu tərəfdaşlıq qarşılıqlı müəllim, tələbə mübadiləsini, birgə layihələrin həyata keçirilməsini, müxtəlif istiqamətlər üzrə ikili diplom proqramlarının imzalanmasını əhatə edə bilər”.
Gürcüstanın təhsil, elm və gənclər naziri Giorgi Amilakhvari Azərbaycanın ən böyük və qədim universitetində olmaqdan məmnunluğunu ifadə edib, Gürcüstan-Azərbaycan əlaqələrinin son 30 ildə sürətlə və yüksək səviyyədə inkişaf etdiyini deyib. Nazir qeyd edib ki, Azərbaycanla Gürcüstan arasında elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri, müəllim və tələbə mübadiləsi, birgə elmi tədqiqatların aparılması xalqlarımızın inkişafına öz töhfəsini verəcək. Nazir BDU-da keçirilən görüşün yeni ideya və layihələrin reallaşdırılmasına təkan verəcəyini bildirib.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova bildirib ki, ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi vacib məsələdir. Giorgi Amilaxvarinin rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri çərçivəsində təhsil, elm sahələrində əməkdaşlığın yeni mərhələyə yüksəlməsi istiqamətində müzakirələr aparılıb. O qeyd edib ki, Azərbaycanın ali təhsil müəssisələrinin flaqmanı olan BDU bu prosesdə önəmli rol oynaya bilər. BDU-da gürcü dili, regionşünaslıq və qafqazşünaslıq ixtisasları tədris olunur.
Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze səfərin önəmini yüksək qiymətləndirib və Azərbaycanla siyasi, iqtisadi sahədə olduğu kimi, humanitar, mədəni əlaqələrin bundan sonra daha da inkişaf etdiriləcəyini deyib.
Daha sonra Gürcüstanın təhsil, elm və gənclər nazirinin I müavini Aleksandr Tsuladze, Tbilisi Dövlət Universitetinin rektoru Cava Samuşia, Gürcüstan Texniki Universitetinin rektoru David Qurqenidze, Kutaisi Beynəlxalq Universitetinin rektoru Aleksandr Tevzadze, BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov Bakı Dövlət Universitetinin Gürcüstanın ali təhsil və digər müvafiq müəssisələri ilə sıx əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üzrə təkliflərini səsləndiriblər.
Sonda nazir Giorgi Amilaxvari BDU-da gürcü dili ixtisası üzrə təhsil alan tələbələrin suallarını cavablandırıb.
|
|
25.01.2024 | 18:34 | |
|
|
|