Gələcək araşdırmalar üçün tutarlı mənbə | |
Oktyabrın 24-də Bakı Slavyan Univeristetində “Azərbaycan ədəbiyyatı” kafedrası və Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondunun birgə təşkilatçılığı ilə “Qarabağın müsəlman azərbaycanlı elitası siyasi təlatümlər içərisində və müasirləşmə yolunda (1850 - 1940)” kitabının təqdimat mərasimi olub.
Tədbiri BSU-nun Elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov açaraq kitabın elmi-siyasi əhəmiyyətindən ətraflı danışıb. O, alman dilində belə bir kitbın ərsəyə gəlməsini dünyanın Qarabağ həqiqətləri ilə tanış olmasında yeni bir addım kimi dəyərləndirib. R.Novruzov kitabın ensiklopedik mahiyyət daşıdığını, orada göstərilən hər bir faktın və rəqəmin rəsmi sənədə söykəndiyini qeyd edərək onun gələcək araşdırmalar üçün də tutarlı mənbə olacağını bildirib.
Sonra professor R.Qeybullayeva Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondunun son illərdə bir sıra çox önəmli layihələrə imza atdığını və bu əsərin də həmin layihələrdən biri olduğunu bildirib. O, kitabın tezliklə dünyanın digər dillərinə tərcüməsinin vacibliyini vurğulayıb.
Tədbirdə universitetin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin nəzdində “Beynəlxalq münasibətlər” kafedrasının müdiri, professor Habil Məmmədov, "Mütərcim" Tərcümə və Nəşriyyat-Poliqrafiya Mərkəzinin icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru Əliş Ağamirzəyev, Pedoqoji fakültənin dekanı, professor Flora Naci və digərləri çıxış edərək kitabın məziyyətlərindən danışıb, öz arzu və təkliflərini bildiriblər.
Sonda Almaniyanın Berlin Humboldt Universitetinin “Azərbaycan tarixi kafedrasının rəhbəri, professor, kitabın həmmüəllifi Yeva-Mariya Aux və Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondunun icraçı Direktoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Elçin Babayev tədbir iştirakçılarına öz qiymətli təklif və fikirlərinə görə miinnətdarlıqlarını bildiriblər.
Şakir CƏFƏROV |
|
25.10.2018 | 16:15 | |
|
|
|