“ASAN xidmət”in təhsil xidmətləri bölməsində vətəndaş müraciətlərinin cavablandırılması müşahidə olunub | |
Paytaxt məktəblərində birinci sinfə elektron qeydiyyat prosesindəki yeniliklə bağlı 7 saylı “ASAN xidmət” mərkəzində vətəndaş müraciətlərinin cavablandırılması müşahidə edilib.
Bununla bağlı media nümayəndələrinə məlumat verən Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli “ASAN xidmət” mərkəzlərində vətəndaşlara göstərilən təhsil xidmətləri barədə məlumat verib, əməkdaşlıqda əsas məqsədin vətəndaş məmnunluğunun artırılmasından ibarət olduğunu nəzərə çatdırıb.
N.İsmayılbəyli bildirib ki, I sinfə elektron qeydiyyat prosesi ilə bağlı ilk dəfə olaraq bu ildən məktəblərin mikroərazi üzrə ünvanları vətəndaşlara açıqlanıb. I sinfə elektron qeydiyyatla bağlı mikroərazilər müvafiq icra hakimiyyət orqanlarının təqdim etdikləri dislokasiyaya uyğun olaraq müəyyənləşdirilib.
Belə ki, vətəndaşlar müvafiq məlumat bazasına (linkə) daxil olaraq daimi qeydiyyat ünvanının (yeni inşa olunmuş binalarda “Azərişıq” ASC-nin abonent kodu öz adına olan evlərin ünvanının) dislokasiyada olmasını dəqiqləşdirə bilirlər. Daimi qeydiyyat ünvanı (yeni inşa olunmuş binalarda “Azərişıq” ASC-nin abonent kodu öz adına olan evlərin ünvanı) dislokasiyada olmayan valideynlər 15 fevral 2024-cü il tarixinədək 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə yaxınlaşaraq müvafiq formanı doldurmaqla təklif və rəylərini verə bilərlər.
Qeyd edək ki, 5, 6, 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə daimi qeydiyyat ünvanı dislokasiyada olmayan, daimi qeydiyyat ünvanı dislokasiyada yanlış qeyd olunan valideynlər, eləcə də dislokasiyada daimi qeydiyyat ünvanı və müvafiq məktəbi müəyyən olunduğu halda obyektiv səbəbləri əsas gətirərək başqa məktəb seçiminə üstünlük verən valideynlər müraciət edə bilərlər.
Əlavə sualı olan vətəndaşlara Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Çağrı Mərkəzinə (146-1) zəng etmək və ya dislokasiya@baku.edu.gov.az elektron poçtuna yazmaq tövsiyə olunur.
Bakı şəhərində 2024-2025-ci tədris ili üçün uşaqların birinci sinfə elektron qeydiyyatı prosesində ərazi prinsipi tətbiq olunan ümumi təhsil müəssisələrinin əhatə dairəsi genişləndiriləcək. Süni şagird sıxlığının qarşısını almaq üçün ərazi prinsipi tətbiq olunan məktəblərdə, ilk növbədə həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə biləcəklər. Daimi qeydiyyatı olmayan valideynlərə şagird sıxlığı olmayan məktəbləri seçmək imkanı yaradılacaq.
Onu da qeyd edək ki, paytaxt məktəblərində birinci sinfə elektron qeydiyyat prosesindəki yeniliklə bağlı vətəndaş müraciətləri davam edir. Daxil olan 403 vətəndaş müraciəti (15-24 yanvar tarixlərində) cavablandırılıb və müvafiq qaydalara uyğun şəkildə icra olunub.
|
|
24.01.2024 | 12:01 | |
|
|
|