24 Yanvar Beynəlxalq Təhsil Günüdür

Bu il UNESCO 24 Yanvar- Beynəlxalq Təhsil Gününü son illərdə sosial medianın istifadəsi ilə sürətlə böyüyən və cəmiyyətlərimizin quruluşuna zərər verən bir fenomen olan nifrət nitqinə qarşı təhsil və müəllimlərin oynadığı həlledici rola həsr edir.

 

Təşkilatın məlumatında qeyd olunur ki, “nifrət nitqi qərəz və ayrı-seçkiliyi artıra, şiddəti təşviq edə və normaya çevrilə bilər. Sosial medianın istifadəsi ilə güclənən və müxtəlif bölgələrdə yeni, uzanan böhranlarla şiddətlənən bu fenomenin son qlobal eskalasiyası dünyadakı icmaların təhlükəsizliyinə ciddi təsir göstərir. Bu gün UNESCO üzv dövlətləri israrla insan ləyaqətini və barışı qiymətləndirən cəmiyyətlərin inkişafı üçün bir vasitə olaraq təhsilə üstünlük verməyə çağırır”.
   

UNESCO-nun baş katibi Odre Azulenin Beynəlxalq Təhsil Günü münasibətilə verdiyi bəyanatında daha sonra deyilir: "Nifrət nitqinin sürətlə yayılması bütün icmalar üçün təhlükə yaradır. Bizim ən yaxşı müdafiəmiz istənilən sülh səylərinin mərkəzində olmalı olan təhsildir. Kollektiv vəzifəmiz hər yaşdan olan təhsilalanlara nifrət dolu kəlamları ifşa etmək və insan hüquqlarına hörmət edilən inklüziv, demokratik cəmiyyətin əsasını qoymaq imkanı verməkdir. Uğur qazanmaq üçün bu fenomenlə mübarizənin ön cəbhəsində olan müəllimləri daha yaxşı öyrətməli və dəstəkləməliyik".

 

Bu gün UNESCO nifrət nitqinin aradan qaldırılması üzrə dünyanın bir neçə min müəllimi üçün bir günlük onlayn təlim təşkil edəcək ki, bu da onlara nifrət nitqinin daha yaxşı aşkarlanması, qarşısının alınması üçün alətlər verəcək. Bu təlim UNESCO-nun üzv dövlətlərinə və təhsil mütəxəssislərinə təhsil yolu ilə nifrət nitqinə qarşı mübarizədə kömək aksiyasının bir hissəsidir.

 

Elə bu gün UNESCO Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı Qərargahında dünyanın hər yerindən təhsil nazirləri, təhsil sahəsinin rəhbərləri və müəllimləri toplayaraq, bütün dünyada davamlı sülhə nail olmaqda təhsilin mərkəzi rolunu müzakirə edəcək.

 

Qeyd edək ki, 2023-cü ilin noyabrında UNESCO-ya üzv 194 dövlət bu sahədə qlobal çərçivələr müəyyən edən yeni tövsiyə sənədi qəbul edib.
 

Oruc MUSTAFAYEV

 



24.01.2024 | 10:00