“SABAH qrupunda əsl teatr ab-havasında yetişdik”

Bəzi insanlardan peşəsi haqda soruşanda, “təsadüfən belə alındı”, deyirlər. İddialı adamlarda isə hədəf həmişə bəlli olur və bu yolda heç tərəddüd etmədən irəliləyirlər. Xədicə məhz uşaqlıqdan eyni maraq, eyni arzu ilə böyüyüb. Elə simasındakı özgüvənliyi, aktrisa duruşu ona əsl sənət adamı görkəmi verir. Təbii ki, istedadı da.

 

Beləliklə, ADMİU SABAH qrupu Aktyor sənəti 4-cü kurs tələbələri ilə tanışlığımız davam edir. Budəfəki müsahibimiz Xədicə Məmmədova 1994-cü ildə Bakıda doğulub. Məhəmmədi kənd tam orta məktəbini bitirib.

 

- Məktəb illərində tədbirlərdə şeirlər söyləyirdim, səhnəciklərdə yer alırdım. Onda hələ anlamırdım ki, bu, aktyorluqdur. Evdə balaca maqnitofonum vardı. Ağlımdakı ssenariyə uyğun mahnılar qoyub, güzgü qarşısında saatlarla oyunlar qururdum. Gah ana, gah balaca qızcığaz olurdum. Öz-özümə danışırdım. İzlədiyim filmlərdə xoşuma gələn obrazları təqlid edirdim. Hətta bəzən özlüyümdə aktyorları səhv oynamaqda günahlandırırdım. Əsəbləşirdim ki, niyə hansısa məqamda süni ağladı və sairə.

 

- Evdə sizə göz qoyan yox idi? Demirdilər, bu qıza nə olub görəsən?

 

- Hə, anam hərdən qapıdan sakitcə tamaşa edirdi mənə. Bəzən düşünürdülər ki, yəqin psixoloji problemim var. Bir sözlə, dəli hesab edirdilər (Gülür).

 

- Sizi psixoloq yanına apardılar?

 

- (Gülür). Yox, sağ olsun anam. Kim olmaq istəyimlə maraqlandı. Filmlərlə bağlı onunla müzakirə aparmağa başladım. Yadımda qalan epizodları göstərdim ona. Dedi, qızım, buna aktyorluq deyirlər. Beləcə, məqsəd-məramımı ayırd etdim. Başa düşdüm ki, aktyor olmaq istəyirəm. Artıq böyüdükcə bunun keçici həvəs olmadığını anladım. Məhz valideynlərim məni ADMİU-ya yönləndirdilər. Qabiliyyət imtahanına gələn gün elə bəzənib düzənmişdim, sanki imtahana yox, toya gəlmişdim. Deməli, hündürdaban ayaqqabı geyinmişəm. Həyəcandan əsirəm. Yadımda deyil, münsiflərdən kimsə ayaq üstə zorla dayandığımı hiss edib, ayaqqabılarımı çıxara biləcəyimi dedi. Elə bil bütün həyəcanım o anda dağıldı. Təmsilləri çox sevirəm. Bir neçəsini hazırlayıb gəlmişdim. “Ayı və kəpənək” təmsilini göstərdim. Gah ayı olurdum, gah kəpənək. Obrazlar arasında belə sürətli keçidlər etməyim, səs tembrimi, oyunumu anında tənzimləməm münsiflərin xoşuna gəldi.

 

- Adətən tələbələrin universitetlə bağlı xəyalları çox böyük olur. Xüsusən, incəsənət sahəsini seçənlər düşünürlər ki, artıq məşhurluğun bir addımlığında dayanıblar.

 

 

- (Gülür). Eynən. Əslində, az da olsa bu məşhurluğu tez yaşadıq. SABAH qrupu sayəsində. Ona görə bu məsələdə digər tələbələrdən daha şanslıyıq, deyə düşünürəm. Çünki elə ilk kursdan SABAH qrupuna qəbul olunduq. Əsl teatr ab-havasında yetişdik. Sadəcə, əvvəllər daha dikbaş idim (Gülür). Yəni, rol seçimində.

 

- Niyə, dostlarınıza düşən rolda gözünüz qalırdı?

 

- Yox, əlbəttə. Ümumiyyətlə, kurs rəhbərimiz tələbələr arasında ayrı-seçkilik etməyib. Obrazın görünüşümüzə, istedadımıza tam uyğun olmasına diqqət yetirib. Sadəcə,  istər-istəməz uşaqlar arasında qısqanclıq yaranırdı.  Məsələn, “Romeo və Cülyetta” tamaşasında dayə roluna əvvəl çox həvəssiz yanaşmışdım. Məşq prosesində rolun xarakterinə bələd olduqca sevməyə başladım. Bu obrazı canlandırmaqla həm komik, həm dramatik oyun qabiliyyətimi üzə çıxardım. Çünki dayə obrazı iki fərqli situativ xarakterə malik idi. Bu da mənə böyük təcrübə qazandırdı. Ümumiyyətlə, düşünürəm ki, pis obraz yoxdur. Aktyor özü rolunu sevdirməyi bacarmalıdır. Mən də rolumu tamaşaçıya məhz özüm sevdirə bildim. Bundan başqa, Müsyö Jordanda Şəhrəbanu da ən sevdiyim və özümü sərbəst ifadə etdiyim obrazımdır.

 

- Gələcəkdə aktyor fəaliyyətinizlə bağlı hədəfləriniz haralara gedib çıxır?

 

- Gələcəkdə özümü Azərbaycan və Türkiyə teatr səhnələrində görmək istəyərəm. Düzdür, film və serial da maraqlıdır. Rol almaq maraqlı təcrübə olardı mənim üçün. Keyfiyyətli, səviyyəli filmlər də çəkilir son vaxtlar. Hətta bir neçəsinə baxıram. Bizim universitetin tələbələri də oynayır. “Ögey ana”, “Ata ocağı” serialları xoşuma gəlir. Vaxt tapdıqca izləməyə çalışıram. 

 

- Uşaqlıqdakı filmlərə tənqidi yanaşmanız təbii ki, indi professional mərhələyə yaxın sayılır. Yəni, peşəkarlıq səviyyəniz indi düzgün qiymətləndirməyə imkan verirmi?

 

- Əfsus, bəzi serial və filmlərimizdə bir az sünilik var. Hətta bayağılıq da var, deyərdim. İstəyərdim aktyorlar daha sərbəst olsunlar.

 

- Belə çıxır ki, yenə sünilikdən şikayətçisiniz.

 

- (Gülür). Hə, deyəsən, elə uşaqlıqdan peşəkaram.

 

- Özünüzə nə arzulayırsınız?

 

- Sənətdə seçilməyi.

 

- Necə seçilə bilərsiniz sizcə. Xədicə hansı keyfiyyətləri ilə həmkarlarından fərqlənməyi bacarar?

 

- Çətin sualdır. Hər halda yaxşı oynamaqdan başqa əlimdən heç nə gəlmir.

 

- Özünüz haqda yüksək fikirdəsiniz. Yaxşı oynamaq. Elə bu bəs edir.

 

- Hə, qeyri-ixtiyari dedim. Amma deyəsən, doğrudan da belədir (gülür).

 

Gülnarə İLHAM

 



09.03.2018 | 16:00