“MDB məkanında elm və təhsil sahəsində humanitar əməkdaşlığın vəziyyəti və perspektivləri”

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Rusiya Dövlət Humanitar Universitetində “MDB  məkanında elm və təhsil sahəsində  humanitar əməkdaşlığın vəziyyəti və perspektivləri” mövzusunda Beynəlxalq Forum keçirilib. Forumda 8 ölkəni təmsil etməklə MDB dövlətlərinin humanitar universitetlərinin rektorları, institut direktorları, həmçinin ali məktəblərin humanitar fakültələri dekanlarının 50-dən çox məruzə və çıxışları dinlənilib.

 

Forumda Azərbaycandan Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tarix və coğrafiya fakültəsinin Azərbaycan tarixi kafedrasının müdiri dosent Naibə Əhmədova iştirak idib.

 

N.Əhmədova məruzəsində müasir şəraitdə humanitar məsələlərin müzakirəsinin vacibliyini vurğulayaraq bildirib ki, Azərbaycan bu sahəyə böyük önəm verən ölkələrdən biridir. Son illər ölkəmizdə çoxsaylı beynəlxalq humanitar əməkdaşlıq tədbirləri keçirilir.         

 

“Ölkəmizin MDB ölkələri ilə bütün sahələrdə olduğu kimi, humanitar sahədə əlaqələrə verdiyi önəmin nəticəsidir ki, Rusiya Dövlət Humanitar Universitetində azərbaycanşünaslıq proqramı açılıb, Azərbaycan dilinin öyrənilməsi üzrə dərslik hazırlanıb. 2019-cu ilin may ayında Azərbaycan Dövlət Pedaqoji Universiteti Rusiya Dövlət Humanitar Universiteti ilə birgə “Bahar Məktəbi” keçirib ki, proqram çərçivəsində tələbələr Bakıda Azərbaycan tarixi, dili və ədəbiyyatı ilə bağlı mühazirələr dinləyib, mədəniyyətimizlə yaxından tanış olublar”- deyə dosent N.Əhmədova vurğulayıb.

 

Qeyd olunub ki, postsovet məkanında inteqrasiyanın əsası xalqların ümumi tarixi irsi ilə qoyulub və əsrlər boyu yaradılanları qoruyub saxlamaq, mövcud olanları inkişaf etdirmək lazımdır:”Humanitar əməkdaşlıq məsələsi tədqiqatçıların və ekspertlərin əsərlərində getdikcə daha mühüm yer tutur, müxtəlif forum və konfransların mövzusuna çevrilir. Çünki inteqrasiyanın uğuru daha çox insan kapitalının inkişafından, təhsilin və elmin tərəqqisindən, müxtəlif ölkələrin peşəkar icmaları arasında əlaqələrin möhkəmlənməsindən asılıdır. Bu gün dövlətlərarası dialoqun gücləndirilməsi yolunda beynəlxalq intellektual əməkdaşlığa böyük ehtiyac var”.

 

Məruzələrdən sonra müzakirələr aparılıb, MDB məkanında elm və təhsil sahəsində humanitar əməkdaşlığın perspektivlərinə dair Memorandum layihəsi təsdiqlənib.

 

Qeyd edək ki, artıq bir neçə ildir ənənəvi qaydada keçirilən Beynəlxalq Humanitar Forum oxşar formatda və təmsilçilik səviyyəsində keçirilən analoji tədbirlər sırasında özünə layiqli yer tapıb. İlk dəfə 2011-ci ildə Bakıda “XXI əsr: Ümidlər və çağırışlar” devizi altında keçirilən Forumun təşəbbüskarları Azərbaycan və Rusiya  Prezidentləri olmuşlar. Forum iştirakçıları arasında tanınmış dövlət xadimləri, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatları, böyük beynəlxalq təşkilatların rəhbərləri, o cümlədən dünya siyasi, elmi, intellektual və mədəni elitasının nümayəndələri yer alır. Forumlarda qlobal sahələrlə bağlı dialoqlar, fikir mübadiləsi aparılır, müvafiq qərar və bəyannamələr qəbul edilir.

 

 



23.01.2024 | 10:31