Məktəblilərdən azadlıq mübarizəsinə həsr olunmuş maraqlı kompozisiyalar | |
Paytaxtdakı 167 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunan “Azadlığa gedən yolun zirvəsi” adlı tədbir keçirilib.
Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Hüseyn Əsgərov, Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid İlqar İbrahimovun müəllimi Sevil Salahova, müəllim və şagirdlər iştirak ediblər.
Öncə qonaqlar məktəbdə fəaliyyət göstərən dərnək üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirib, məktəb şəhidlərinin abidəsi önünə tər çiçəklər düzüblər.
Tədbir Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbir iştirakçılarını salamlayan direktor Taleh Quliyev məktəbin 20 Yanvar şəhidi İlqar İbrahimovun adını daşıdığını xatırladıb və xalqımızın qəhrəmanlığından danışıb.
Tədbirdə çıxış edən BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov 20 Yanvar hadisələrinin tarixindən bəhs edib, 34 il öncə baş verən faciənin müstəqillik uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatı kimi Azərbaycan tarixinə həkk olunduğunu vurğulayıb. Azərbaycan xalqının apardığı mübarizə tarixinin bizi 20 Yanvar hadisələrindən keçirib müstəqilliyə və zəfərə qovuşdurduğunu diqqətə çatdıran H.Əsgərov şəhid kimi əbədiyyətə qovuşan Vətən övladlarının şücaətinin, son nəfəsədək mübarizəsinin gənc nəsillərə çatdırılmasının vacibliyindən danışıb.
Təhsil ocaqlarında şagirdlərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onlarda bu hisslərin kiçik yaşlardan formalaşdırılması istiqamətində məqsədyönlü işlər görüldüyünü bildirən H.Əsgərov 20 Yanvar hadisələrinə həsr olunan tədbirlərin keçirilməsinin də bu məqsədlərə xidmət etdiyini bildirib.
Tədbirdə şagirdlər müstəqillik və vətənpərvərlik mövzularında ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
|
|
20.01.2024 | 09:42 | |
|
|
|