Şəhid məktəblilər | |
Azərbaycan xalqının tarixində elə hadisələr var ki, onun üzərindən illər keçsə də unudulmayıb, əksinə qan yaddaşımızda əbədi həkk olunub. Məhz 20 Yanvar 1990-cı il də xalqımızın tarixində təkcə faciə deyil, həm də istiqlal mücadiləsinin qələbəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Sovet imperiyasının əsarətində yaşamağa məhkum olan xalqımızın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir 20 Yanvar. 34 ildir ki, xalqımız bu günü, Vətənimizin azadlığı və suverenliyi uğrunda qurban getmiş mərd oğul və qızlarının xatirəsini dərin hörmət və ehtiramla yad etmək üçün Şəhidlər xiyabanına axın edir. Həmin Qanlı Yanvar gecəsi azadlığımız, müstəqilliyimiz uğrunda canlarını qurban verən oğul və qızlarımız arasında şagirdlərimiz də oldu. Larisa Məmmədova, İlqar İbrahimov, Vera Bessantina və Nəriman Hüseynov. 1990-ci il yanvarın 19-na qədər həyat eşqi ilə dolu, qayğısız uşaqlıqları var idi... Həmin o faciə yaşanılan günə qədər şagird kimi öz doğma məktəblərinə sevə-sevə gedirdilər. Hər birinin xəyalları, arzuları, sevimli müəllimi və sinif yoldaşları var idi. Larisa Məmmədova Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksinin, İlqar İbrahimov 167 nömrəli tam orta məktəbin VII sinif şagirdləri idi. 15 yaşlı Nəriman Hüseynov isə paytaxtdakı 42 nömrəli tam orta məktəbdə VIII sinifdə oxuyurdu. Həmin faciənin qurbanı olan daha bir məktəblimiz- Vera Bessantina 258 nömrəli tam orta məktəbin XI sinif şagirdi idi. Onların hər birinin yarımçıq qalan ömür hekayəsi, faciənin qurbanı olması insanı sarsıdır, dəhşətə gətirir.
On üç yaşlı körpə bala, Yazıq anan necə dözsün Bu kədərə, bu məlala? Məzarının baş ucunda kuklan da var. Bu gün laylay çalmalıykən sən kuklana, Kuklan sənə laylay çalar. Sən özün də kukla idin. Bu dünyanın əvvəlini, axırını Heç bilmədin. Kim kuklaya güllə atar? Atan oldu...
Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin 20 Yanvarda öldürülən Larisa Məmmədovaya ithaf etdiyi “On üç yaşlı körpə bala” şeirində deyildiyi kimi, doğrudan da bu dünyanın əvvəlini, axırını bilmədən, həmin günə qədər sevimli məktəbinə böyük həvəslə gedərək nə xəyallar quran bu balaca qızın öz şirin dünyası, gözəl bir ailəsi var idi. Ailənin ilki idi. Ata-anası, balaca bacısı və qardaşı onu çox sevirdi. Qanlı Yanvar gecəsindən 34 il keçsə də, valideynlərinin ürəyindəki övlad yanğısı hər dəfəsində yenidən alovlanır. Anası Qalina xanım, atası Fərman Məmmədov üçün həmin faciəni xatırlamaq həmin dəhşətli günü yenidən yaşamaq deməkdir.
Qalina xanım 20 Yanvar faciəsindən danışarkən göz yaşlarını saxlaya bilmir: “Həmin gecə həyatımızı dəyişdi. Larisa hər zaman mənə uşağa baxmaqda, ev işlərində kömək edərdi. Həddindən artıq diqqətcil, həyatsevər və qayğıkeş idi. Həyat yoldaşım Fərman Məmmədov 2 saylı avtobazada kortej rəisi işləyirdi. Həmin gün işə gedirdi. Larisa da ona aldığımız yeni paltarlarını geyinərək atası ilə getmək istədiyini söylədi. Larisanı atası ilə getmək fikrindən nə qədər daşındırmağa çalışsam da, o, inadkarlıq edərək sonunda öz istədiyinə nail oldu. Mən atamla getmək, insanları və bayrağı görmək istəyirəm, -dedi. O gecə onu buraxmazdım, amma həmişə atasının yanında olmağa can atırdı, ona işə yemək aparır, avtobusuna minir, hətta onunla birlikdə mitinqlərə də gedirdi. Belə bir faciənin baş verəcəyini ağlıma gətirməzdim...
Yanvarın 19-dan 20-nə keçən gecə şəhərdə atəş səsləri eşidiləndə küçəyə çıxdım və çox narahat oldum. Evdə 4 aylıq Nərminə, 5 yaşlı Emin tək qalsa da, səhərə qədər bayırda həyat yoldaşımı və Larisanı gözlədim. Səhər Semaşko xəstəxanasından mənə zəng edib ərimin vəziyyətinin ağır olduğunu bildirdilər. Qonşularımla birlikdə dərhal oraya getdim. Əsgərlər zavodun yanında Fərmanla Larisanın oturduqları avtobusu gülləbaran etmişdilər. Həyat yoldaşım Fərman ayağından yaralanmışdı. Larisam isə ürək nahiyəsindən güllə yarası alaraq yerindəcə həlak olmuşdu”.
Larisanın anası Qalina Məmmədova xatirələrində bildirir ki, qızının yaşı az olmasına baxmayaraq, o, həyatda hər şey üçün tələsirdi, ömrünün ən gözəl dövründə sanki bu dünya ilə vidalaşacağını bilirdi.
Larisa Məmmədova bir şagird kimi də nümunəvi olub. Dərslərini yaxşı oxumaqla yanaşı, toxuculuq, tikiş dərnəklərinə gedib. Pianoda çalmağı bacarırdı, eyni zamanda gözəl rəsmlər çəkirdi. O ərəfələrdə onun rəsmlərindən ibarət sərgisi keçirilməli idi.
Vaxtilə təhsil aldığı 132-134 nömrəli Təhsil Kompleksində artıq neçə illərdir ki, onun adını daşıyan dərnək fəaliyyət göstərir. Larisanın adını əbədiləşdirmək məqsədi ilə onunla bağlı yaradılmış guşədə isə uşaqlıq, ailə, məktəb fotoları yerləşdirilib. Təhsil müəssisəsinin şagirdləri mütəmadi olaraq guşəyə baş çəkir, Larisa ilə bağlı məlumatlarla yaxından tanış olurlar. Qızcığazın vətən sevgisi, qəhrəmanlıq hekayəsi bu təhsil müəssisəsində oxuyan hər bir şagird üçün örnəkdir. Onunla bağlı “dəyirmi masa”lar təşkil edilir. Rəsmə xüsusi sevgisi olduğu üçün vaxtaşırı rəsm sərgiləri keçirilir.
“Təhsil müəssisəsinin rəhbərliyi, pedaqoji kollektivi və şagirdlər onu unutmur, xatirəsini hər zaman ehtiramla anır”-, deyir Larisanın bacısı Nərminə müəllim. Bacısı həlak olanda o, 4 aylıq olub. Artıq neçə illərdir ki, bu təhsil kompleksində ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir. Hər dəfə ümumtəhsil müəssisəsinə daxil olanda Larisanın fotosu ilə üz-üzə gələn Nərminə müəllimə bacısından sanki doğmalıq, sevgi ötürülür. Kim bilir, yaşasaydı məsum baxışlı Larisa Məmmədova bacı və qardaşına gözəl bacı olmaqla yanaşı, istedadlı pianist və ya tanınmış rəssam ola bilərdi. Bütün arzuları yarımçıq qaldı...
Deyilənlərə görə, Larisanın paytaxtımızda ən sevdiyi yerlərdən biri Şəhidlər xiyabanının yerləşdiyi Dağüstü Park olub. Şəhərin ən hündür yerindən Bakını seyr etməyi xoşlayardı. Bəlkə də şəhidlik zirvəsinə yüksələn Larisanın alın yazısı idi ki, məhz o sevdiyi məkanda uyumalı, ziyarətinə isə hər il çoxlu sayda insan axışmalıdır.
Məktəb 13 yaşlı İlqarın adını fəxrlə, qürurla daşıyır
Bakıdakı 167 nömrəli tam orta məktəbin həyətində bir büst ucaldılıb. Və bu büst 20 Yanvar faciəsinin qurbanı 13 yaşlı İlqar İbrahimovundur. Körpə canıyla qəhrəmanlıq simvoluna çevrilən İlqar məktəbin şagirdi olub. 34 il öncə yaşanmış həmin o müdhiş gecədə həlak olan İlqarın xatirəsinə ehtiram göstərən məktəbin şagirdləri büstün ətrafının təmizliyinə nəzarət edir, mütəmadi olaraq təzə tər güllər qoyurlar.
1990-cı ilin 19-20 yanvarında, ayazlı-şaxtalı gecədə 13 yaşlı İlqar qonşuları Nazimin “ Zaparojes” markalı maşını ilə dostları Zakir və Pərvizlə düşmən tanklarının önünə sinələrini sipər edən soydaşlarımıza ocaq qalayıb isinmək üçün odun aparırdı. Bu dəfə onlar tanklarla üzləşdilər. Maşınlarını saxlayıb qaçmağa başladılar. İlqar isə arxada qaldı. Düşmən tankı əvvəlcə onların maşınının üstünə çıxıb əzik-üzük etdi. Sonra da İlqara bir neçə atəş açaraq onu ölümcül yaraladı. İlqarı xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmadı.
İlqar tanıyanların yaddaşında yaraşıqlı, sakit təbiətli, qayğıkeş uşaq kimi qaldı. O, poeziya vurğunuydu. Ən əsası isə xalqını, torpağını sevən bir yeniyetmə idi. Bir çox uşaqlar kimi hobbisi marka, maşın şəkilləri toplamaq olub. Məktəbi bitirdikdən sonra hərbiçi olmağı arzulayırdı. Arzuları yarımçıq qaldı...
İllər keçir, 167 nömrəli tam orta məktəbin şagirdləri məzun olaraq estafeti digərlərinə ötürürlər. 20 Yanvar şəhidi İlqar İbrahimovun adını daşıyan bu məktəbdə təhsil alan hər yeni şagird də bu adın məsuliyyətini dərk etməklə yanaşı, həmçinin böyük qürur hissi keçirirlər.
Onun son və əbədi mənzili Şəhidlər xiyabanıdır
Mədinə Talıblı, Hüseyn Dadaşov, Ləman Əliyeva, Ələddin Həsənov və adlarını çəkmədiyimiz digər uşaqlar Bakıdakı Arif Vəliyev adına 258 nömrəli tam orta məktəbin IX sinif şagirdləridir. Hər il olduğu kimi, bu il də məktəbin müəllim-şagird kollektivi Vera Lvovna Bessantinanın əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gəliblər.
Məktəblilər adıçəkilən təhsil müəssisəsinin şagirdi olmuş 20 Yanvar şəhidi Vera Bessantinanın əziz xatirəsini ehtiramla anaraq onunla bağlı fikirlərini bölüşürlər. Qeyd olunur ki, Vera Bessantina XI sinif şagirdi idi. O, həm də 23 nömrəli musiqi məktəbinin skripka sinfini bitirmişdi. Düşmən gülləsi onu evlərində yaxalamışdı.
Veranın anasının söylədiklərinə istinad edən uşaqlar həmin gündən söz açırlar: “Yanvar ayının 19-da axşam həmişəkindən də bir az tez yatdıq. Yerimizə tez girməyin səbəbi bu idi ki, televiziya yayımı dayandırılmışdı, heç nəyə baxıb vaxtımızı keçirə bilmirdik. Yatıb rahatlanmaq istəyirdik. Sabah görüləsi işlərim çox idi. Gecə yarıdan keçəndən sonra tankların gurultusuna, güllələrin şaqqıltısma yuxudan ayıldıq. Bu nə səs idi? Kim idi güllə atan? Güllələri kimə atırdılar, niyə atırdılar? Niyə şəhərimizin dinc həyatını pozurdular? Biz İnşaatçılar prospektindəki “Olimp” mağazası yerləşən binanın beşinci mərtəbəsində yaşayırdıq. Bütün bu suallara cavab tapmaq üçün pəncərəyə yaxınlaşıb aşağı baxmaq istədim.Yuxudan ayılan Vera da küçədə nələr baş verdiyini öyrənmək üçün işığı yandırıb pəncərədən aşağı boylandı. Elə bu vaxt pəncərəmiz atəşə tutuldu. Şüşələr çilik-çilik olub yerə töküldü. Vaxt itirmədən geri çəkilib döşəmənin üstünə atıldıq. Qızım Vera “ay ana”, deyib arxası üstə yerə yıxıldı. Veramı qan içində gördüm. İmperiya əsgərinin atdığı güllə onun qarın nahiyəsindən dəymişdi. Vaxt itirmədən təcili tibbi yardıma zəng vuraraq həkim çağırdım. Vera hələ özündə idi, bizimlə danışırdı. Onu ehtiyatla təcili tibbi yardım maşınına yerləşdirdik. İlahi, doğma şəhərimizin küçələri nə gündə idi! Zirehli, tırtıllı texnikaların gurultusu, nəriltisi, avtomat və başqa silahlardan açılan atəş səsləri şəhərimizi başına götürmüşdü. Quduzlaşmış imperiya əsgərləri bir neçə yerdə maşınımızın qarşısını kəsdi”.
Əliyalın insanlara qarşı amansızlıq göstərən ordu nə qocaya, nə qadına, nə də uşaqlara rəhm edirdi. Və Vera da bu qəddarlığın qurbanı oldu. Maşın xəstəxanaya çatmamış yenidən atəşə tutuldu. Digər təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılsa da, artıq gec idi. Vera Bessantina güllə yarasından əbədi olaraq gözlərini yummuşdu.
Onun da son və əbədi mənzili bizim and yerimiz olan Şəhidlər xiyabanı oldu.
Şagirdlər 20 Yanvar faciəsinin Azərbaycan xalqına qarşı terror aktı olduğunu deyərək həmin müdhiş gecənin qurbanlarının əziz xatirəsini hər zaman ehtiramla yad etdiklərini söyləyirlər: “Vətən və torpaq şəhidləri ilə ucalır. O dəhşətli gecədə şəhid olanlar Azərbaycanın tarixinə parlaq səhifə yazdılar”.
Ailənin yeganə oğlu 15 yaşlı Nəriman
Düşmən gülləsinə tuş gələn növbəti məktəblimiz Nəriman Vəli oğlu Hüseynovdur. O, Bakıdakı 42 nömrəli tam orta məktəbin VIII sinif şagirdi idi. Vəli kişinin 15 yaşına çatdırdığı ilki Nəriman ailənin yeganə oğlu idi. Nərimanın anası uzun illər ağır xəstə olub. İki bacısına da Nəriman qulluq edirdi.
20 Yanvar günü atışma səsinə küçəyə çıxan Nəriman Salyan qazarmasının yanında avtomat gülləsi ilə yaralanır. Məhəllə uşaqları onu xəstəxanaya aparırlar. Onlar xəstəxanaya çatanda hər yan zülmət imiş. Semaşko adına xəstəxananın işıqları söndürülübmüş. Səhər tezdən Nərimanın meyitini Semaşko adına xəstəxananın meyitxanasından tapıblar. Çoxlu sayda güllə onun döş qəfəsində sağalmaz yaralar açmışdı.
Yeniyetməlik çağında olan Nərimanın həyatına beləcə son qoyuldu.
Vətən sevgisi hər şeydən üstündür...
Bəli, 1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının hüzn və şərəf günüdür. Həmin gün Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil oldu. 20 Yanvar şəhidləri xalqımızın milli azadlığı, suverenliyi üçün yol açdılar. Həmin yolu açanların sırasında 13 yaşlı Larisa və İlqar, 15 yaşlı Nəriman, 16 yaşlı Vera da oldu. Bu şəhidlik təsdiq edir ki, hər bir Azərbaycanlının qəlbində Vətən sevgisi hər şeydən üstündür.Və bu sevgi yaşa baxmır...
Samirə KƏRİMOVA
|
|
20.01.2024 | 09:16 | |
|
|
|