Anar: “Gənclərin parlaq əsərlər yaradacağına inanıram”

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar “Məktəbdə...” layihəsinin qonağı olub.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan, “Kaspi” qəzeti və “Kaspi.az” saytının informasiya dəstəyi ilə ərsəyə gələn layihənin növbəti görüşü paytaxtdakı 276 nömrəli tam orta məktəbdə keçirilib.

 

Əvvəlcə məktəblə tanış olan qonaq təhsil ocağının kitabxanasına baş çəkib, kitabxana fondundakı bədii ədəbiyyat nümunələri ilə maraqlanıb. 

 

Anar xatirələrlə dolu məktəb illərinin ömür səhifəsindəki yerindən, müəllim adının, peşəsinin müqəddəsliyindən, insan şəxsiyyətinin formalaşmasında məktəbin, müəllimin rolundan söz açıb. Vətənpərvərlik tərbiyəsinin aşılanmasında kitabların əhəmiyyətindən, mütaliə mədəniyyətinin formalaşmasında təhsil ocaqlarının üzərinə düşən vəzifələrdən danışan Anar gənclərə bir sıra klassiklər və çağdaş yazarların əsərlərindən bəhrələnməyi tövsiyə edib. Bu gün çox istedadlı, yaradıcı gəncliyin yetişdiyini deyən Xalq yazıcısı onların parlaq əsərlər yaradacağına inandığını söyləyib.

 

Qonaq Azərbaycan xalqının azadlıq mübarizəsinin carçısı olan 20 Yanvar hadisələri, Qarabağda qazanılan möhtəşəm Zəfərə həsr olunan bədii ədəbiyyat nümunələrindən bəhs edib, ədəbi nəsillər arasındakı mübarizədən, bu gün gənclərin mütaliəyə marağını azaldan elektron resurslardan, sosial şəbəkələrin müsbət və mənfi tərəflərindən danışıb, məsləhətlərini verib, məktəbliləri düşündürən sualları cavablandırıb. 

 

Daha sonra Anar məktəblilərə imzalı kitablarını hədiyyə edib.

 

Məktəblilərlə görüş RTV internet televiziyası tərəfindən də işıqlandırılıb.

 

Qeyd edək ki, "Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərdə mənəvi-əxlaqi dəyərlərə hörmət və mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, sosial şəbəkələrə aludəçiliyin aradan qaldırılması və mövcud imkanlardan səmərəli istifadə yollarını təbliğ etməkdən ibarətdir.

 

 



19.01.2024 | 11:16