“Keçmişdən günümüzə Naxçıvan Bektaşiləri” | |
Oktyabrın 24-də AMEA-nın Fəlsəfə İnstitutunda Fikrət Bektaşi və Etimad Bektaşinin müəllifi olduğu “Keçmişdən günümüzə Naxçıvan Bektaşiləri” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə AMEA-nın Fəlsəfə, Tarix, Şərqşünaslıq, Arxeologiya və Etnoqrafiya institutlarının əməkdaşları, alimlər və Bektaşilər nəslinin nümayəndələri iştirak ediblər.
Mərasimi Fəlsəfə İnstitutunun Elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Eynulla Mədətli açaraq 700 il bundan öncə yaranmış bektaşilik təriqətinin türkçülüyə və İslam mədəniyyətinə mühüm töhfələr verdiyini söyləyib. Qeyd edib ki, bəşəri keyfiyyətlərə malik olan bektaşilik tarixən elmə, təhsilə, mədəniyyətə, qadın və kişi bərabərliyinə, əxlaqi dəyərlərə önəm verib, ayrı-seçkiliyə qarşı kəskin mübarizə aparıb.
Alim SSRİ dövründə bektaşiliyin qadağan olunduğunu, nəslin nümayəndələrinin öz soyadlarını Bektaşev şəklində dəyişdirməyə məcbur edildiklərini bildirib. E.Mədətli bektaşilərin hər zaman Azərbaycan dövlətçiliyinə sadiq olduqlarını və onların Naxçıvandakı nümayəndələrinin Yeni Azərbaycan Partiyasının yaranmasında fəal iştirak etdiklərini diqqətə çatdırıb.
Son illərdə AMEA-nın Fəlsəfə, Tarix və Şərqşünaslıq institutlarında bu təriqətlə bağlı önəmli tədqiqat işlərinin aparıldığını, kitabların ərsəyə gətirildiyini deyən alim bildirib ki, təqdimatı keçirilən nəşrdə Bektaşi sülaləsinin tarixi haqqında qiymətli sənədlər yer alıb.
Sonra kitabın müəlliflərindən Etimad Bektaşi çıxış edərək bildirib ki, vəsaitdə tarixi araşdırmalar, arxiv materialları ilə yanaşı, bəzi faktlar ilk dəfə dərc olunub. Nəşrin yeni tədqiqatlar üçün əhəmiyyətli material olduğunu deyən E.Bektaşi vurğulayıb ki, Bektaşilik soy xarakteri daşımaqla yanaşı, həm də Naxçıvanın sosial, siyasi, elm, təhsil və mədəniyyətində əhəmiyyətli rol oynayıb.
O, kitabın əsas qayəsinin kökü yüz illərə dayanan Bektaşilər nəslinin millətinə, vətəninə göstərdiyi xidmətləri, yaşam fəlsəfəsini, insani dəyərləri oxuculara çatdırmaq olduğunu deyib.
Daha sonra Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli, Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor Tahirə Məmməd, Azərbaycanın əməkdar artisti, aktyor Elxan Qasımov, Rauf Bektaşinin nəvəsi Sevinc Bektaşi və digərləri çıxış edərək kitabın çapının önəminə toxunub, bu təriqətin yüksək insani keyfiyyətləri barədə fikirlərini bölüşüblər.
Qeyd edək ki, kitabın elmi redaktoru və "Ön söz"ün müəllifi İnci Qədirzadə, rəyçiləri – AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadə və pedaqoji elmlər doktoru, professor Rüfət Hüseynzadədir.
|
|
24.10.2018 | 17:11 | |
|
|
|