Şamaxı Astrofizika Rəsədxanası: Geomaqnit sahəsinin fəallaşması ehtimalı var, geomaqnit qasırğası isə gözlənilmir

 

Elm və Təhsil Nazirliyinin Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

 

Kosmik hava durumu ilə bağlı bildirilib ki, hesabat dövrü ərzində Günəş fəallığı orta səviyyədə olub.  Maksimal sinifli alışma 3536 oblastında M1.9 sinifli alışma olub. Həmçinin alışmalar ilə bağlı R1 səviyyəli radiosiqnalların kəsilməsi, 10 sm dalğa uzunluğunda radioalışmalar və II tip radioemissiya və Yerə istiqamətlənmiş Tac Kütlə Atılmaları (TKA) qeydə alınıb. Günəş ləkələrinin sayı artaraq, 12 ləkə qrupunda 183 ləkə və kiçik Tac dəliyi müşahidə edilir.

 

Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olub.

 

Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 530 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti  Yer orbitində 9 nT, radial istiqamətdə isə  -7 nT  olub.  Hal-hazırda Günəş küləyinin sürəti  normaldır (324 km/san), planetlərarası maqnit sahəsinin maksimal qiyməti 4 nT, radial istiqamətdə isə  -1 nT təşkil edir. Kp indeksi 0.67-ə bərabərdir, kosmik hava sakitdir.

 

Kosmik hava proqnozuna gəlincə, proqnoz günlərində (15-21 yanvar) C sinif alışmanın baş verməsi ehtimalı 95%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 30%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.

 

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı proqnozlaşdırılır.

 

Günəş küləyinin sürətinin müsbət qütblü Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə artacağı gözlənilir.

 

Geomaqnit sahəsi – 14 yanvarda baş vermiş TKA Merkuri və Veneraya yönəldiyi üçün Yerə təsiri olmayacaq, müşahidə olunan Tac dəliyi isə geoeffektiv deyil.   16-17 yanvarda Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə  geomaqnit sahəsinin fəallaşması ehtimalı var, geomaqnit qasırğası gözlənilmir.

 



16.01.2024 | 12:13