ADU-da Macar dili və mədəniyyəti mərkəzi yaradılıb | |
Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyi yaxın vaxtlarda Azərbaycan Dillər Universitetində (ADU) rəsmi açılışı olacaq Macar dili və mədəniyyəti mərkəzində olub.
ADU-nun rektoru akademik Kamal Abdulla universitetdə yeni yaradılacaq Macar dili və mədəniyyəti mərkəzinə baxış keçirildiyini söyləyib: “Baxış ona görə keçirilir ki, bizim tələbələrimiz otaqdan və buradakı kitablardan istifadə edə bilsinlər”. Yaxın gələcəkdə mərkəzin rəsmi açılış mərasiminin keçiriləcəyini deyən K.Abdulla sözügedən mərkəzin universitetdə ən tanınmış və ən çox istifadə olunan mərkəzə çevriləcəyinə ümidvar olduğunu diqqətə çatdırıb: “Arzu edərdim ki, Macarıstan universitetlərindən birində Azərbaycan dili və mədəniyyəti mərkəzi yaradılsın. Universitetimizdə Macarıstanın bir guşəsi olduğu kimi, Macarıstanın da bir guşəsində biz öz ölkəmizi təqdim edə bilək, macar həmkarlarımıza ölkəmiz barədə doğru-düzgün məlumat verək”.
O, mərkəzdə macar müəllimin də çalışacağını bildirib: “Biz əlimizdən gələni edəcəyik ki, tələbələr macar dili, mədəniyyəti, tarixi haqqında biliklərə bu universitetdə davamlı yiyələnsinlər. Azərbaycanla Macarıstan arasında siyasi, mədəni münasibətlərin yüksək səviyyədə olduğunu nəzərə alaraq, mən və həmkarlarım kiçik Macarıstan guşəsinin böyük siyasətin layiqli komponentinə çevrilməsi üçün çalışacağıq”.
Mərkəzin yaradılması prosesində əməyi keçən hər kəsə təşəkkürünü bildirən rektor onları təbrik edib, gələcəkdə mərkəzdən yararlanacaq tələbələrə uğurlar arzulayıb.
Səfir V. Sederkenyi mərkəzin yaradılması ilə bağlı təşəbbüsü yüksək qiymətləndirib. O, mərkəzin yaradılmasının macar dili və mədəniyyəti üzrə təhsil alan tələbələrin resurslarla təmin olunması və müəllimlərin fəaliyyətinə dəstək olmaq məqsədi daşıdığını deyib. Mərkəzin yaradılmasının Macarıstan və Azərbaycan arasında münasibətlərin inkişafına töhfə verməsi üçün vasitə olacağını qeyd edən səfir yaradılan məkanın qarşılıqlı münasibətlərin inkişaf mərkəzlərindən biri kimi istifadə olunacağını söyləyib: “Biz, həmçinin, Macarıstanda qardaş mərkəzin açılması üçün addımlar atacağıq. Çünki əməkdaşlığımızın möhkəmlənməsi üçün bu işi burada və Macarıstanda yerinə yetirməliyik. Məqsədimiz qarşılıqlı olaraq dillərin tədrisini həyata keçirməkdir”. Mərkəzin lazımi resurslar, kitablarla təchiz olunmasında yaxından dəstək olacağını deyən səfir hər kəsi təbrik edib.
Mərkəzə baxışdan sonra Budapeşt Universitetinin əməkdaşı Anna Gacsın “Nobel mükafatlı macar yazıçı İmre Kertes və romanları” mövzusunda çıxış edib.
Daha sonra İmre Kertesin yarı-avtobioqrafik romanı əsasında çəkilmiş “Bəxtsiz” filmi nümayiş olunub.
|
|
24.10.2018 | 16:32 | |
|
|
|