Bakı məktəbində Milli Qəhrəman Polad Həşimovun xatirəsi yad olunub | |
Paytaxt məktəbində Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun anadan olmasının 49-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
İlyas Əfəndiyev adına Elitar gimnaziyada təşkil olunan tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Hüseyn Əsgərov, şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı, BŞTİ-nin əməkdaşı Ofelya Salmanova və övladı Aybəniz Həşimova, məktəbin direktoru, müəllimlər, şagirdlər, valideynlər iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan gimnaziyanın direktoru Səadət Cahandarova Polad Həşimov kimi igid Azərbaycan oğullarının göstərdiyi şücaət və qəhrəmanlıqlardan, belə igidlərdən örnək alan gənc nəslin üzərinə düşən vəzifələrdən danışıb.
BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov bu gün dövlət səviyyəsində şəhidlərimizə, Milli Qəhrəmanlarımıza, qazi və şəhid ailələrinə göstərilən diqqət və qayğıdan söz açıb.
Gənc nəslə qürur yerimiz olan Polad Həşimov kimi ölümsüz ömür yaşayan səngər generalını tanıtmağın vacibliyini qeyd edən H.Əsgərov bu işdə təhsil müəssisələrinin mühüm rolundan bəhs edib.
Polad Həşimovun həyat yoldaşı, BŞTİ-nin əməkdaşı Ofelya Salmanova Milli Qəhrəmanın qısa və şərəfli ömür yolundan, onunla bağlı xatirələrindən söz açıb. Bildirib ki, Polad Həşimovla bərabər Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın hər biri gənc nəslə əsl örnəkdir.
Tədbir şagirdlərin vətənpərvərlik mövzularında hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam edib.
|
|
15.01.2024 | 16:15 | |
|
|
|