“Vikipediya” onlayn ensiklopediyasının yaradılmasının 23 ili tamam olur | |
Yanvarın 15-i dünyada Beynəlxalq Vikipediya Günü kimi qeyd olunur. Bu il internetdə uğurla reallaşdırılan və milli maraqlar baxımından böyük əhəmiyyət kəsb edən, dünyanın ən zəngin elektron ensiklopediyası olan “Vikipediya”nın yaranmasının 23 ili tamam olur.
“Vikipediya” onlayn ensiklopediyası fəaliyyətə başladığı gündən qısa müddət ərzində internetin ən populyar layihələrindən birinə çevrilib. “Vikipediya” internetdə açıq şəkildə yayımlanan, dünyanın bir çox dillərində viki texnologiyasının tətbiqi ilə könüllü istifadəçilər tərəfindən yaradılan, biliklərə əsaslanan, bilavasitə veb-brauserdən idarə olunan çoxdilli, əməkdaşlığa əsaslanan onlayn ensiklopediyadır.
Son zamanlar “Vikipediya”nın Azərbaycan dili bölməsində məqalələrin sayının daha da artması müşahidə olunmaqdadır. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) da ölkəmizdə “Vikipediya” fəaliyyətinə mühüm töhfələr verir, Akademiyanın elmi müəssisə və təşkilatlarında çalışan əməkdaşlar ensiklopediyada məqalələrin zənginləşdirilməsində və yaradılmasında yaxından iştirak edirlər.
Bu istiqamətdə fəaliyyətin daha məhsuldar və səmərəli təşkili üçün AMEA-nın Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin təşkilatçılığı ilə Akademiyanın elmi müəssisələrinin əməkdaşları üçün “Vikipediya” təlimləri keçirilir. Təlimlərin keçirilməsində məqsəd AMEA-nın elmi müəssisə və təşkilatlarında könüllü “Vikipediya” qruplarının formalaşdırılmasıdır. Həmin qruplar məqalələrin redaktəsi və yeni məqalələrin yaradılması işlərində yaxından iştirak edirlər.
Qeyd edək ki, qısa müddət ərzində AMEA əməkdaşları tərəfindən “Vikipediya”da azərbaycanca, eləcə də xarici dillərdə 1500-ə yaxın məqalə yaradılıb, yaxud redaktə olunub və ya tərcümə edilib.
Bu barədə AMEA-dan bildirilib.
|
|
15.01.2024 | 14:14 | |
|
|
|