“Müasir dünyada, sadəcə bilmək yetmir ”

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) ötən ay açıqladığı Beynəlxalq Tələbə Qiymətləndirmə Proqramının (PISA) 2022-ci il nəticələri Türkiyə Sənayeçi və İş Adamları Dərnəyi (TÜSİAD) və OECD tərəfindən təşkil edilən konfransda qiymətləndirilib. “Təhsilə İcmal: PISA 2022 nəticələrinin iqtisadi inkişaf və gələcək iş həyatı üçün önəmi” adlı konfransda təhsilin və iş həyatının gələcəyi ilə bağlı qiymətləndirmələr aparılıb. İclasda videokonfrans vasitəsilə iştirak edən OECD-nin Təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxer Türkiyənin PISA 2022 nəticələrində digər OECD ölkələri arasında ən çox irəliləyiş əldə edən ölkə olduğunu bildirib.

 

“Sadəcə bilmək yetmir”  

 

“Türkiyəni təhsildəki irəliləyişinə görə təbrik edirəm. Bunu mütləq hər kəs yüksək qiymətləndirməlidir. Dünyamız dəyişir və bəzi yeniliklər var. Bu günün şagirdləri sabahın iqtisadiyyatını yaradacaqlar. Bu səbəbdən dünyanın ən böyük və ən ciddi qiymətləndirmə mərkəzi olan PISA 15 yaşlı uşaqların bildiklərini və edə biləcəklərini araşdırır. Türkiyədə şagirdlər öyrəndiklərini təkrarlamağı yaxşı bacarırlar, lakin bildiklərini tətbiq etməkdə çətinlik çəkirlər. Bu günlərdə bu, çox vacibdir. Müasir dünyada, sadəcə bilmək yetmir. Bildiklərinizlə nə etməyiniz vacibdir. Türkiyə buna diqqət etməlidir”.

 

“Türkiyə riyaziyyat sahəsində müsbət irəliləyiş əldə edib”
 

A.Şleyxer qeyd edib ki, “81 ölkədən 15 və daha yuxarı yaşda olan şagirdlərin riyaziyyat, təbiət elmləri savadlılığını və oxu bacarıqlarını qiymətləndirdik. Biz 2003-cü ildən riyaziyyat sahəsini ölçməyə başlamışıq.  2018-ci ildən OECD ölkələrində tələbələrin riyaziyyat səriştələrində azalma müşahidə olunur. Lakin Türkiyə bu sahədə müsbət irəliləyiş əldə edib. Türkiyə təhsildə keyfiyyət baxımından irəliləyiş əldə etmiş ölkələrdən biridir. Belə ölkələr çox deyil”.

 

“Məktəblər arasında fərqlər görürük”

   

PISA-nın direktoru Türkiyə təhsilində böyük gender boşluğu görmədiklərini bildirib. “Qızlar və oğlanlar, demək olar ki, eyni səviyyədədir. Lakin sosial boşluğu nəzərə alsaq, bu, OECD-nin orta göstəricisindən yüksəkdir. Türkiyədə varlı və kasıb ailələrin uşaqları arasındakı fərqlər çox açıqdır və bunun aradan qaldırılması lazımdır. Bəzi ölkələr bu boşluğu aradan qaldıra bildilər. Türkiyə də buna diqqət yetirməlidir. Məktəblərdə resurslardan istifadəyə diqqət yetirilməli, kənd yerlərində təhsilin keyfiyyəti yüksəldilməlidir”.

 

“Şagirdlərin məşğulluğu artırılmalıdır”

  

A.Şleyxerə görə, məktəblər arasında fərqləri dəyişmək üçün ilk ağla gələn maliyyədən  istifadə edilməsidir, lakin bu, təkbaşına kifayət etmir. Öyrənmə vaxtının yaxşılaşdırılması da çox vacibdir. Ölkələr arasında məktəbdə və məktəbdənkənar öyrənmə vaxtlarında böyük fərqlər var. Məsələn, Mərakeşdə şagirdlər həftədə 50 saat məktəbdə olur, İsveçrədə isə bu, 30 saatdır. Tələbələrin məhsuldarlığına baxdıqda, İsveçrənin Mərakeşi qabaqladığını görürük. Tələbələr daha az vaxtda daha çox öyrənə bilərlər. Deməli, kurikuluma əlavə saatların əlavə edilməsinin əhəmiyyəti yoxdur.  Türkiyədə məktəblərdə şagirdlərin məhsuldarlığı artırılmalı və daha çox öyrənmələrinə şərait yaradılmalıdır”.

 

 

“Məktəblərdə telefonlar tamamilə qadağan edilməlidir”

 

Məktəblərdə rəqəmsal alətlərin istifadəsinin şagirdlərin akademik performansına təsirini də qiymətləndirən A.Şleyxer davam edib: “Bir çox ölkələrdə şagirdlərin  əksəriyyəti əllərində cihaz olmadıqda, özlərini pis hiss edirlər. Türkiyə və Malayziya bu baxımdan çətin vəziyyətdədir. Təhsilalanların  70 faizi “Telefonum olmayanda özümü kədərli və sıxılmış hiss edirəm”- deyib. Tələbə əsəbi olanda nəticələr yaxşı olmur. Digər tərəfdən, məktəbdə smartfondan istifadə edən şagirdlərin digər şagirdlərlə müqayisədə diqqətlərinin daha çox dağınıq olduğu  müəyyən edilib. Bu baxımdan, düşünürük ki, məktəblərdə telefonlar tamamilə qadağan edilməlidir”.
 

 

Təhsilin keyfiyyətini artırmaq üçün texnologiyadan daha çox istifadə edilməli olduğunu qeyd edən A.Şleyxer əlavə edib ki, “texnologiya öyrənmə məqsədləri üçün çox faydalı ola bilər. Ancaq boş vaxtı qiymətləndirmə məqsədləri üçün istifadə edildikdə, öyrənmə səviyyəsini aşağı salır. Bu da öz növbəsində texnologiya ilə qurulmuş öyrənmə münasibətlərinə mənfi təsir göstərir”.  

 

Kurikulum PISA-ya uyğun hazırlanmalıdır”

 

Konfransda əsas məruzə ilə çıxış edən TÜSİAD İdarə Heyətinin sədri Orhan Turan 5 il ərzində peşə və bacarıqlarda böyük dəyişikliklərin olacağının təxmin edildiyini söyləyib. “2003-cü ildən PISA tədqiqatında iştirak etməyimiz çox dəyərlidir. Bununla birlikdə, təhsil siyasətimizdə PISA-dan da səmərəli istifadə etməliyik. Bu kontekstdə, iş dünyası olaraq, yeni kurikulum dəyişikliyinin PISA-nın qeyd etdiyi sahələrə uyğun hazırlanmalı olduğuna inanırıq. Biz kiçik yaşlardan əzbər öyrənməkdənsə, analitik təfəkkürə əsaslanan ixtisaslı və inklüziv təhsil təqdim etməliyik. Texnologiya və innovasiyalara əsaslanan 21-ci əsr iqtisadiyyatı üçün üstün performans göstərən təhsilalanları daha  yüksəkliklərə qaldırmaq vacibdir. Türkiyə son 10 ildə PISA tərəfindən ölçülən üç sahədən ikisində yaxşılaşma göstərən azsaylı ölkələrdən biridir. PISA-dan gələn  simptomlara ciddi yanaşmalıyıq”,-deyə  Orhan Turan bildirib.

 

Orhan Turan əlavə edib ki, "gələcək nəsli koqnitiv, sosial və rəqəmsal bacarıqlara sahib,  xarici dilləri bilən, yaradıcı, tənqidi və fənlərarası düşünə bilən, ömür boyu öyrənmə bacarıqlarına qadir, fərqliliklərə  və təbiətə həssas olan insanlar kimi həyata hazırlamalıyıq".

 

Oruc MUSTAFAYEV

 



15.01.2024 | 12:00