Universitetlərimizin tədqiqat vizyonu | |
Müasir reallıqlar şəraitində hər bir ölkənin iqtisadi inkişaf templərini, rəqabətqabiliyyətliliyini ölçən ən mühüm parametrlərdən biri elm və təhsilin inkişafından, elmi məhsulların kommersiyalaşdırılması intensivliyindən, dünya təhsil sistemində milli universitetlərin tutduğu yerdən birbaşa asılıdır. Milli universitetlərin dünya reytinqlərində mövqeyini şərtləndirən mühüm amillər arasında universitet alimlərinin elmi-tədqiqat məhsulları və onların dünyanın nüfuzlu indeksli jurnallarda yer tutmasını qeyd edə bilərik. Məlumdur ki, universitetlərin dünyada nüfuzu həm də alimlərimizin elmi məhsullarının dünya miqyasında tanınması və onlara edilən istinadların sayı ilə ölçülür.
Son illərdə ölkəmizdə aparılmış islahatlar nəticəsində elmi tədqiqat potensialı müasirləşdirilib, tətbiqyönlü tədqiqatların aparılması genişləndirilib, müasir texnologiyaların tətbiqi imkanları yaranıb və bu prosesdə əqli mülkiyyətin rolu artırılıb. Elmin müxtəlif sahələri üzrə tədqiqatlara dair nəşrlərin sayı sürətlə artıb. Son 5 ildə akademik nəşrlərin sayı 80% artıb və Cənubi Qafqaz ölkələri arasında Azərbaycan bu göstərici üzrə 2018-ci ildən etibarən hər il mütəmadi olaraq birinci yerdə qərarlaşıb. Son 4 ildə əqli mülkiyyət sahəsində institusional islahat nəticəsində Qlobal Rəqabətlilik İndeksində ölkəmiz “Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə 140 ölkə sırasında 71-ci yerdən 30-cu yerə irəliləyib, yaradıcı iqtisadiyyatın ÜDM-dəki payı 3,5%-dən 5,3%-ə yüksəlib. Son illərdə Elm və Təhsil Nazirliyi tərəfindən dünyanın nüfuzlu elmmetrik bazaları ilə qurulan əməkdaşlıq bu sahədə ciddi irəliləyişlərin əsasını qoyub. Belə ki, Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə 2023-cü ilin 14 iyun tarixində bütün ali təhsil müəssisələri və elmi-tədqiqat institutları üçün “Scopus”a çıxış imkanının təmin edilməsi məqsədi ilə “Elsevier” şirkəti ilə imzalanan müqavilə elmi nəticələrin yaxşılaşdırılmasına təkan verib. Həmçinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin ali məktəblərin akademik heyəti ilə “Scopus” və “ScienceDirect” elmmetrik bazalarından istifadənin daha səmərəli təşkili məqsədilə təşkil edilən təlimlər universitet alimlərinin publikasiya aktivliyinin artmasına səbəb olub.
Publikasiya aktivliyi özünü təkcə elm və təhsil müəssisələrinin elmi məqalələrinin kəmiyyət göstəricilərində deyil, həm də keyfiyyət parametrlərində göstərir. Hər iki göstərici üzrə əldə olunan rəqəmlər elm və təhsil müəssisələrimizin, eləcə də bu müəssisələrdə çalışan alimlərimizin dünyanın nüfuzlu elmi bazalarında rəqabətli mövqeyini gücləndirib, tanınma və impakt göstəricilərinin yaxşılaşmasına imkan verib.
Deyilənləri Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin son məlumatında da görmək mümkündür. Agentlik 2020-2023-cü illər ərzində "Scopus"da indekslənən jurnallarda dərc olunan elmi işlərin təhlilinə əsasən, ölkəmizin 5 nüfuzlu ali təhsil müəssisəsinin (Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti) göstəricilərini təqdim edib.
Bakı Dövlət Universiteti (BDU) son 4 ildə 2627 məqalə sayı ilə ən yüksək ümumi nəticə göstərib. BDU qeyd olunan illər ərzində elmi məqalələrin sayına görə Cənubi Qafqaz regionunda lider mövqe tutub. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Azərbaycan Texniki Universiteti (AZTU) dərc olunan məqalələrin sayında hər il ardıcıl artım nümayiş etdirib. Elm və Təhsil Nazirliyinə tabe 3 ali təhsil müəssisəsi (BDU, ADNSU və UNEC) həm də ölkə üzrə ilk 3-lükdə yer alıb. Qeyd olunan ali təhsil müəssisələrinin elmi nəşrlərinin sayı 2023-cü ildə əhəmiyyətli dərəcədə artıb. Bu nəticə 2023-cü ilin iyun ayında Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycanın özəl və dövlət ali təhsil müəssisələrinə, eləcə də elmi-tədqiqat institutlarına dünyanın ən böyük elmmetrik bazalarından olan "Scopus" və "Science Direct"-ə çıxış imkanlarının verilməsi ilə əlaqələndirilir.
Qeyd edək ki, "Science Direct"-də nəşr olunan 1 məqalədə Azərbaycan alimləri 10-a qədər sitat gətirir. Bu göstəriciyə əsasən, ölkənin ən nüfuzlu ali təhsil müəssisəsi olan Bakı Dövlət Universiteti QS-in dünyanın ən yaxşı 1000 universiteti sırasında yer alıb.
Əsas elmi məlumat bazalarına abunənin təşkil edilməsi ən vacib addımlardan biridir. Elm və Təhsil Nazirliyi tərəfindən yalnız Scopus-a (elmi və analitik reytinq platforması) deyil, həm də “Science Direct”-ə (dünyada ən yüksək impakt faktoru olan elmi jurnallar) girişin təmin olunması çox əhəmiyyətlidir.
“Science Direct” 196 Nobel mükafatçısından 195-nin dərc olunduğu dünyanın ən çox istinad edilən nəşridir. "Science Direct" platformasında azərbaycanlı alimlərin nəşrlərinin sayını artırmaq və bu aktivliyi qoruyub saxlamaq hazırda tədqiqat universiteti statusu qazanmaq istəyən, eləcə də beynəlxalq rəqabətliliyini gücləndirmək istəyən ali məktəblərimiz üçün ən mühüm vəzifə olmalıdır. Qeyd edək ki, əldə olunan göstəricilər Prezident İlham Əliyevin 22 iyul 2022 –ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Elmi tədqiqatların və innovasiyaların inkişafının, elm və təhsilin inkişafının təmin edilməsi istiqamərində nəzərdə tutulmuş strateji məqsədlərə çatmaqda mühüm əhəmiyyət kəsb edir. Strategiyada da qeyd olunduğu kimi, göstərilən dövrün sonuna qədər elmin müxtəlif sahələri üzrə tədqiqatların genişləndirilməsi, müasir təfəkkürlü və kreativ düşüncəli gənclərin erkən vaxtlardan elmi araşdırmalara cəlb edilməsi, elmi tədqiqatların rəqabətli və məqsədli maliyyələşdirilməsi mexanizminin yaradılması təmin olunacaq. Bu dövrdə, həmçinin beynəlxalq impakt-faktorlu jurnallarda çap olunan məqalələrin sayının 40% artması strateji hədəflərdəndir.
Elm və Təhsil Nazirliyinin və müvafiq qurumlarının son illərdə məqsədyönlü fəaliyyəti nəticəsində “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq beynəlxalq impakt faktorlu jurnallarda məqalə çapında müsbət dinamikanın formalaşması bu prosesin uğurla davam etdirildiyini göstərir.
Oruc Mustafayev
|
|
15.01.2024 | 10:47 | |
|
|
|