İlahiyyat İnstitutu: hədəf dinşünaslıq və islamşünaslıq üzrə mütəxəssislər yetişdirməkdir | |
Oktyabrın 24-də Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) fəaliyyətinin ilkin nəticələri ilə bağlı media nümayəndələri üçün mətbuat konfransı keçirilib.Milli Məclis üzvlərinin, ölkənin nüfuzlu media qurumlarının rəhbərlərinin, İnsitut əməkdaşlarının iştirak etdiyi tədbiri açan Aİİ-nun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov rəhbərlik etdiyi qurumun fəaliyyəti, ilk tədris ilinə hazırlığı, reallaşdırdığı layihələr və perspektivləri barədə danışib.
Qurum yarandığı gündən təhsil ocağına ən böyük dəstək göstərən təşkilatlardan birinin də media olduğunu deyən rektor Azərbaycanda din siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu, hazırda isə Prezident İlham Əliyev tərəfindən uğurla və uzaqgörənliklə davam etdirildiyini bildirib. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin 9 fevral 2018-ci il tarixli sərəncamı ilə yaradılan institut ona göstərilən etimadı doğrultmaq üçün səylə çalışır. Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin bazasında yaradılan İlahiyyat İnstitutu gələn ildən onun üçün ayrılmış ayrıca binada fəaliyyətini davam etdirəcək. Rektor əlavə edib ki, İlahiyyat İnstitutunun yaradılmasında qarşıya qoyulan əsas hədəflərdən biri həm dinşünaslıq, həm də islamşünaslıq üzrə mütəxəssislərin yetişdirilməsidir. 2018-2019-cu tədris ilində fəaliyyətinə islamşünaslıq və dinşünaslıq ixtisasları üzrə başlayan institutda dünya standartlarına cavab verən tədris üçün zəruri olan bütün tələblər yerinə yetirilib. Adıçəkilən ixtisaslar üzrə tədris standartları hazırlanıb və Təhsil Nazirliyi tərəfindən təsdiq olunub. Hazırda institutda bir fakültə (ilahiyyat), 3 kafedra – “Dinşünaslıq”, “Dinlər”, “İctimai fənlər” kafedraları fəaliyyət göstərir. İndi institutda 103 tələbə təhsil alır. Onlardan 60 nəfər bu il (25 nəfər dinşünaslıq, 35 nəfər isə islamşünaslıq üzrə) qəbul olunub. Rektorun dediyinə görə, bütün tələbələr pulsuz dərsliklərlə təmin olunub.
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputati Hikmət Babaoğlu, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “SƏS” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “Trend” İnformasiya Agentliyinin baş direktoru, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz, Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət institutun yaradılmasını təqdirəlayiq hal kimi qiymətləndirərək mediada dini mövzularda informasiyaların nüfuzlu mənbələrə, elmi əsaslara söykənməsinin vacibliyini bildiriblər. Çıxışlarda İlahiyyat İnstitutunun media ilə əlaqələrinin möhkəmləndirilməsi, orta və ali məktəblərdə dini mövzularda elmi seminarların keçirilməsi, elmi əsaslara söykənən dini ədəbiyyat və tədris materiallarının işlənib hazırlanması kimi bir sıra təşəbbüs və təkliflər səsləndirilib.
Qeyd edək ki, İlahiyyat İnstitutu yüksək dini-mənəvi mühitin qorunub saxlanılması, inkişafı və dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasının təmin olunması məqsədilə müasir təhsil standartları və dünya təcrübəsi əsasında təsis edilmiş yeni ali təhsil müəssisəsidir.
Oruc MUSTAFAYEV
|
|
24.10.2018 | 14:41 | |
|
|
|