BDU son 4 ildə Cənubi Qafqaz regionunda da lider mövqedədir | |
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi 2020-2023-cü illər ərzində “Scopus”da indekslənən jurnallarda dərc olunan elmi işlərin təhlilinə əsasən, Elm və Təhsil Nazirliyinə (ETN) tabe ilk 5 universitetin göstəricilərini təqdim edib.
Qrafikdən də göründüyü kimi, Bakı Dövlət Universiteti (BDU) son 4 ildə 2627 məqalə sayı ilə ən yüksək ümumi nəticə göstərib. Universitet qeyd olunan illər ərzində elmi məqalələrin sayına görə, həm də Cənubi Qafqaz regionunda lider mövqe tutub. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Azərbaycan Texniki Universiteti (AzTU) dərc olunan məqalələrin sayında hər il ardıcıl artım nümayiş etdirib.
Yuxarıda adları qeyd olunan Elm və Təhsil Nazirliyinə tabe 3 ali təhsil müəssisəsi (BDU, ADNSU və UNEC) həm də ölkə üzrə ilk 3-lükdə yer alıb.
Qeyd olunan ali təhsil müəssisələrinin elmi nəşrlərinin sayı 2023-cü ildə əhəmiyyətli dərəcədə artıb. Bu nəticəni 2023-cü ilin iyun ayında Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycanın özəl və dövlət ali təhsil müəssisələrinə, eləcə də elmi-tədqiqat institutlarına dünyanın ən böyük elmmetrik bazalarından olan “Scopus” və “Science Direct”ə çıxış imkanlarının verilməsi ilə əlaqələndirmək olar.
Bu illərdə qeyd olunan ali təhsil müəssisələrinin, ümumilikdə 5157 tədqiqat işi bazaya daxil edilib.
|
|
12.01.2024 | 19:08 | |
|
|
|