“O ömür axı, təkcə sənin deyil!”

İnsanın bir xoşbəxtliyi də ondadır ki, təkcə ölən gününü bilmir, ona görə də son ana qədər qurub-yaratmaq istəyir... Tolstoy baba isə deyirdi ki, bütün xoşbəxtlər bir-birinə bənzəyir, bədbəxtlər isə... Məncə, xoşbəxtlik də, bədbəxtlik də “nisbi”dir, bugünkü xoşbəxtlik sabahkı bədbəxtliyin başlanğıcıdır, ya da əksinə... Həyat faciələrlə doludur, dünya tarixi isə insan talelərinin, faciələrinin tarixidir. Ona görə də Aristotel faciədən çox yazırdı, çox düşünürdü. Faciəni yaşamamaq olarmı? Tanrı verən ömür payını qırmaq...Hərə öz ömür payını yaşamağa borcludur. Bəlkə də o ömrü yaşamağa məhkumdur. Onu kiməsə qurban vermək....bu, həyatın dilemmasıdır... O ömür axı təkcə sənin deyil!- bir səs gəldi içindən....” (“Həsrətin o üzü”, Məmməd İracoğlu Əliyev)

 

Tanrı insanı yaradanda bir ömür xətti çəkilir. İnsan ya bu xətti heç nə ilə, heç kim ilə kəsişmədən, öz dünyası ilə paralel aparır, ya da digər insanların ömür xətləri ilə kəsişərək seçilmişlərdən, tarixdə bir kəsişmə nöqtəsi yaradanlardan olur.

 

Professor Məmməd İracoğlu Əliyev öz ömür payı ilə elmin, ədəbiyyatın canlı daşıyıcısıdır. Bu böyük şəxsiyyəti, elm adamını tanıyanlar tanıyır, yaxından tanımayanlar, xüsusən gənc oxucular üçün Məmməd İracoğlunun həyatından bəzi fraqmentləri təqdim edirəm.

 

Əvvala, onu qeyd edim ki, professor Məmməd Əliyev Quba Pedaqoji İnstitutunun təsisçisi olub, 23 il bu elm və təhsil ocağına rəhbərlik edib...

 

Məmməd Əliyev Xızı rayonunun Zöhrabkənd kəndində anadan olub. 1966-1970-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində, 1971-1975-ci illərdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil alıb. Gənc yaşlarından xeyli müddət Azərbaycan Təhsil Nazirliyində məsul vəzifələrdə, sonra müxtəlif ali təhsil məktəblərində müəllim, kafedra müdiri işləyib, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda direktor müavini olub,  Filologiya elmləri doktoru, professordur,  Qızıl qələm mükafatı laureatı (2008), “Əməkdar müəllim” (2009) fəxri adları vardır.

 

Hazırda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin müdiridir...

 

Professorla təkcə bir neçə saatlıq ünsiyyət kifayət edir ki, qarşısındakı şəxs ədəbiyyatın, elmin gözəlliyini, həyatda elmin yaratdığı qüdrətin gücünü, elmin insana bəxş etdiyi dünyagörüşün əhəmiyyətini  duysun. O, ədəbiyyatdan güc aldığı, bütün ruhu ilə ədəbiyyata bağlı olduğu üçün böyükdür, əzəmətlidir, canlı ədəbiyyat tarixidir.

 

Professor Məmməd İracoğlu ömrü həqiqətən də özünün deyil, ədəbiyyatın ömrüdür, elmin ömrüdür. Buna görə də, özünün də dediyi kimi “Onu ancaq Kamal Qəhrəmanov, İsmayıl Şıxlı, Mirzə Cavad, Əsgər Süleymani kimi insanlar başa düşmüşdü...”

Hanı gözümün nuru, hanı qəlbimin qoru?

Kimdir udan, uduzan zaman ilə arzunun əbədi yarışında?!

Saçımın ağlığında, alnımın qırışında.

Zaman necə at çapır, yüyəni öz əlində.

Oğulsansa, tap görək, kimdir atın belində!

 

Bu gün Məmməd İracoğlunun gözünün nuru - elmin qapılarını açdığı tələbələrində, qəlbinin qoru - ədəbiyyat tarixindəki nəsillərdən-nəsillərə ötürüləcək əsərlərindədir.

 

İnsan əgər bu dünyada özünü tapmağı bacarırsa, tarixdə qalmağı da bacarır. Bu həyatda ən ali hikmət özünü tanımaqdır, özünü tapmaqdır. Məmməd İracoğlu ədəbiyyatda təkcə özünü tapmadı, qazanmadı, həm də ədəbiyyat tarixi onu qazandı: onun yazdığı, çap etdirdiyi monoqrafiyalarla, elmi məqalələrlə…

 

Onlardan bir qismini təqdim etmək maraqlı olardı : “Xalq şeirinin bəzi poetik formaları haqqında”(1975), “Azərbaycan xalq şeirində alliterasiya və qafiyə” (1975), “Lirik folklorda poetik formaların tədrisi”(1977), “Heca vəznli Azərbaycan şeirinin ritm vasitələri. Duyğular., Təkrirlər” (1983), “Bədii metod və poetik forma məsələləri” (1985), “Milli dilin tədrisinin aktual məsələləri” (1985), “M.Kaşğari divanının dil və vəzn xüsusiyyətləri” (1997), “Azərbaycan şeir sənəti (Türk şeir materialları əsasında)” (2000), “Azərbaycan şeirində ritmi-sintaktik (psixoloji) paralellər” (2008), “Azərbaycan şerinin vən və evfoniya problemləri” (2008), “Heydər Əliyev Milli təhsil sisteminin inkişafına xüsusi önəm verirdi”(2009), “Heydər Əliyev elm, təhsil və mədəniyyətin himayədarı idi” (2010), “Ədəbiyyat nəzəriyyəsi” ( 2012), “Quba-Şabran folklor örnəkləri”, I kitab, (2013), “Macar Türkoloqları” (2015), “Şerin bənd quruluşunun riyazi yazılışı” (2016), “Məhtimqulu poeziyasının bəzi xüsusiyyətləri” (2016), “Molla Pənah Vaqif və Məhtimqulu Fəraqi poeziyasının özəllikləri” (2017), “Xatirələrdə yaşayan insan professor  Mirzaga Quluzadə-110” (2018), “Bədii təfəkkürdə erkən Azərbaycançılıq düşüncəsi” (2018), “Məxtumqulu Fəraqi şeirinin poetikası” (2018), “Böyük yolun davamı (Türk xalqları ədəbiyyatına dair araşdırmalar)”, I kitab, (2019), “Böyük çölün böyük oğlu – Muxtar Auezov” ( 2019), “Dədə Qorqud şeiri” (2000), “Ədəbiyyatımızın romantizm mərhələsi təşəkkülünün sonuna qədər” (2020), “Cəlallədin Rumi və onun “Məsnəvisi” (2020), “Dünya nəsrində Orxan Pamuk zirvəsi”(2020) və s. 500-dən çox məqalələri bu qəbildəndir...

        

Adətən adamlar özündə olanı başqasına bağışlayır; müdriklər isə səndə olanı sənə ərməğan edir (Əbu Turxan).  Professor Məmməd İracoğlu həmişə çalışır ki, ədəbiyyatsevərlər özlərindəki elmin ilk qığılcımlarını görə bilsin, bu qığılcımları yandırsın və ədəbiyyat atəşi bir ömür boyu sönməsin, elmin hansı qolunda kimin nəyi ilk yaratmasından, kəşf etməsindən asılı olmayaraq bu sahə bir insana bağlı qalmasın, onu davam etdirənlər, bu yolda gedənlər olsun.

 

“Mən İsmayıl Şıxlının yolunu davam etdirirdim, Yunan-Roma ədəbiyyatından uzun illərdir ki, dərs deyirdim. Bu həvəs mənə İsmayıl Şıxlıdan qalmışdı. Çoxları kimi mən də onun kimi mühazirə oxumaq istəyirdim. Oxudum da! “

Yüz ildən sonranı düşünürəm mən,

Min ildən sonranı düşünürəm mən,

Bu qoca dünyada nələr olacaq...

 

Bəli, nə qədər ki, ədəbiyyatımızı, elmimizi belə sevənlər və sevdirənlər var, insanlarda təkrar-təkrar oxumaq, öyrənmək həvəsi bitməyəcək.

 

75 illik yubileyini keçirəcəyimiz, xeyirxahlığı ilə ürəyimizdə əbədi məkan tutan müəllimim, ustadım professor Məmməd İracoğlu haqqında, onun şəxsiyyəti, elmi və bədii yaradıcılığı haqqında çox yazmaq olar. Çünki o, canlı ədəbiyyatdır. Yazımı hörmətli müəllimim Məmməd İracoğlunun mühazirələrində gənclərə həmişə dediyi bir fikri ilə bitirmək istəyirəm: “Uğura gedən bütün yollar dolanır, yenə elmə qayıdır. Elmin yolunu dolanmadan getməyə çalışın”.

 

75 yaşınız mübarək, 100 yaşayın böyük alim Məmməd İracoğlu...

 

 

Aysel  Şeydayeva,

 

ADPU-nun Quba filialının direktor müavini, Pedaqogika üzrə fəlsəfə doktoru

 

 



12.01.2024 | 15:04