Davosdan gələn həyacanlı mesajlar

Dezinformasiya ilk dəfə olaraq dünyanın ən böyük qısamüddətli qlobal risklərinin siyahısında başda gəlir. Bu barədə Dünya İqtisadi Forumunun  (World Economic Forum) yanvarın 10-da  yaydığı 2024-cü il Qlobal Risklər Hesabatında (Global Risks Report 2024 ) bildirilir. Hesabat Forumun 1490 ekspertinin sorğusu əsasında tərtib olunub.

 

Dünya İqtisadi Forumu artan qlobal fikir ayrılıqları qarşısında dünya ölkələri arasında dialoqa ehtiyac olduğunu vurğulayıb.

 

Ekspertlərin tərtib etdiyi ən böyük qısamüddətli qlobal risklərin siyahısında ilk dəfə dezinformasiya öndə gəlir.  Uzunmüddətli siyahıda təbii təhlükələr ilk yerə çıxıb: iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi, ehtiyatların çatışmazlığı, kibercinayət, süni intellektin əlverişsiz nəticələri və ekstremal hava hadisələri var.

 

Mütəxəssislər  izah edirlər ki,  bu çağırışlar nə qədər böyük olsa da, bizim də cavab vermək qabiliyyətimiz böyükdür.

 

Qısamüddətli risklər (2 illik)

 

Sorğuda iştirak edən mütəxəssislərin 53% -i dezinformasiyanı əsas risklər hesab edir, xüsusilə texnologiya sahəsində. Onların hesablamalarına görə, dezinformasiya yaxın iki il ərzində ən böyük risk təşkil edəcək. “Dezinformasiya iki illik dövrdə reytinqlərdə sürətlə birinci yerə yüksəlib və ehtimal ki, bu il bir neçə ölkədə seçkilər keçirildiyindən risk daha kəskin olacaq”, - deyə hesabatda bildirilir.

 

Ekspertlər qeyd edirlər ki, dezinformasiyanın yayılması artıq xüsusi bacarıq tələb etmir; süni intellektin köməyi ilə həyata keçirilə bilər ki, bu da artıq “saxta məlumatların və sözdə sintetik məzmunun - mürəkkəb səsli klonlaşdırmadan saxta veb saytlara qədər partlayıcı artımına” səbəb olub.

 

Yeni hesabatda dezinformasiya kiberhücumlar və süni intellekt texnologiyasının əlverişsiz nəticələri kimi riskləri qabaqladı.

 

Həmçinin qısamüddətli risklər siyahısına aşağıdakılar daxildir:

  • *ekstremal hava şəraiti;
  • *sosial və ya siyasi qütbləşmə;
  • *dövlətlərarası silahlı münaqişələr;
  • *iqtisadi imkanların çatışmazlığı;
  • *inflyasiya;
  • *məcburi miqrasiya;
  • *tənəzzül;
  • *çirklənmə.

 

Qeyd olunur ki, ekstremal temperaturlar havanın kondisionlaşdırılmasına tələbatı artırır, bu da enerji sistemlərini həddən artıq yükləyir, elektrik kəsilməsinə səbəb olur. Onlar, həmçinin istilik zərbələri, infarkt və insult ehtimalını artırmaqla insanların sağlamlığına ciddi təhlükə yaradır.

 

Hesabat qısamüddətli perspektivdə dünyanın üzləşəcəyi əksər neqativ təzahürləri əks etdirib.

 

Xüsusilə:

  • *Respondentlərin 54% -i müəyyən qeyri-sabitlik və qlobal fəlakətlərin mülayim riskini gözləyir.
  • *30% -i daha çox turbulentlik (burulğanlıq) gözləyir.
  • *3% -i qlobal fəlakətli risklərin qısamüddətli perspektivdə reallaşacağını  gözləyir.
  • *6% sabit və ya sakit bir dövr proqnozlaşdırır.

 

Uzunmüddətli risklər (10 illik)

  

10 illik perspektivdə nəzərdən keçirilən uzunmüddətli risklərin siyahısına ekoloji risklər başçılıq edir.

  

Ekspertləri xüsusilə aşağıdakılar qorxudur:

  • *ekstremal hava şəraiti,
  • *kritik iqlim dəyişiklikləri,
  • *biomüxtəlifliyin itirilməsi,
  • *ekosistemin kollapsı, təbii ehtiyatların çatışmazlığı.

 

Dezinformasiya da bu siyahıda mövcuddur, lakin yalnız beşinci yerdədir.

 

Artıq nəticələr milyardlarla insanın həyatına təsir edir. Ekstremal hava şəraiti, süni intellektin yaratdığı yalan məlumat,  humanitar böhran, kiberhücumlar və sosial-siyasi qütbləşmə artıq baş verib.

 

Qeyd edək ki, Dünya İqtisadi Forumunun builki Davos (İsveçrə) toplantısı yanvarın 15-19-da   keçiriləcək.
 

Oruc MUSTAFAYEV

 



12.01.2024 | 09:39