NDU-da bakalavriatura səviyyəsində 76 ixtisas üzrə 7500-dək tələbə imtahan verəcək | |
Naxçıvan Dövlət Universitetində (NDU) 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb.
Universitetin rektoru Elbrus İsayev keçirilən imtahanların gedişi ilə tanış olub, tələbələrə uğurlar arzulayıb.
Bakalavriatura səviyyəsində 76 ixtisas üzrə 7500-dək tələbə, magistratura səviyyəsində isə 75 ixtisaslaşma üzrə 400-ə yaxın magistrant imtahan verəcək. Qeyd edək ki, gün ərzində orta hesabla 160-170 qrup imtahanlarda iştirak edir.
İmtahanlar yazılı, şifahi və elektron-test üsulu ilə, əsasən iki növbəli olmaqla həyata keçirilir. İmtahanların ardıcıllığı tələbələrin istəyinə əsasən təyin edilib, imtahan cədvəlləri isə “E-cədvəl” mobil tətbiqi vasitəsilə tələbələrə çatdırılıb.
İmtahan nəticələri imtahan gününün sonunda tələbələrin şəxsi kabinetlərinə yerləşdirilir. Həmçinin imtahan sualları da semestrin əvvəlindən LMS platforması üzərindən tələbələrin şəxsi kabinetinə daxil edilib.
Məlumat üçün bildirək ki, sessiya zamanı imtahanda iştirak etməyən və ya akademik borcu yaranan tələbələrə 2 fənn üzrə imtahan vermək üçün 2024-cü ilin fevral ayının ilk ongünlüyündə şərait yaradılacaq.
Sessiyanın gedişinə operativ nəzarət, təhsilalanların biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə universitetdə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar daxil olmuş şikayətlərin araşdırılmasını təmin edəcək. Apelyasiya Komissiyasına müraciət, həmçinin müraciətə cavabın verilməsi tamamilə elektron qaydada həyata keçirilir.
Qeyd edək ki, imtahan sessiyası fevral ayının 1-dək davam edəcək.
|
|
11.01.2024 | 17:47 | |
|
|
|