Bakı Ali Neft Məktəbində Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı təlim

İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının icra katibi Hüseyn Hüseynov Bakı Ali Neft Məktəbində (BANM) Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə bağlı təlim keçib.

 

Təlimin açılışında çıxış edən BANM-ın rektoru Elmar Qasımov bu təlimin faydasından danışaraq artıq həyat məqsədinə çevrilmiş dayanıqlı inkişafa Bakı Ali Neft Məktəbində də böyük önəm verildiyini, BANM-ın Azərbaycan ali təhsil müəssisələri arasında dayanıqlı inkişafla bağlı hesabat hazırlayan ilk universitet olduğunu qeyd edib. Rektor bu yöndə maarifləndirmənin artırılması məqsədilə Ali Məktəbdə müxtəlif tədbirlər, təlimlər keçirildiyini bildirərək, təlimin də bu istiqamətdə növbəti addım olduğunu vurğulayıb.

 

Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının icra katibi Hüseyn Hüseynov təlimdə BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədi barədə geniş məlumat verərək ölkəmizdə bu məqsədlərə nail olunması istiqamətində görülmüş işlərdən, hazırlanmış Dövlət Proqramlarından bəhs edib və Azərbaycanın DİM-lərin icrası üzrə BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna 3 dəfə Könüllü Milli Hesabat təqdim edən regionda ilk ölkə olduğunu, həmçinin 4-cü hesabatın hazırlandığını qeyd edib. H.Hüseynov maarifləndirmənin əhəmiyyətinə də toxunaraq ali təhsil müəssisələrində bu istiqamətdə işlər görülməsininin vacibliyini bildirib. O, BANM-ın dayanıqlı inkişafla bağlı hesabatı ilə tanış olduğunu, hesabatı yüksək qiymətləndirdiyini və bu hesabatın digər müəssisələr üçün nümunə olaraq göstərildiyini vurğulayıb. 

 

 

 



31.12.2023 | 15:00