Təhsilin İnkişafı Fondu əməkdaşlığını genişləndirir | |
Dekabrın 22-də Sumqayıt Dövlət Universitetinin Heydər Əliyev Mərkəzində Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, layihələr üzrə menecer Rəsul Həşimov və universitetin professor-müəllim, eləcə də tələbə heyətinin iştirakı ilə görüş keçirilib. Görüşdə əsas məqsəd hər iki qurum arasında tanışlıq və əməkdaşlıq imkanlarının müzakirəsi olub.
Görüşdə iştirak edən SDU-nun rektoru Rüfət Əzizov qonaqları salamlayıb və onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Fondun təhsilin inkişafı istiqamətində gördüyü işlərdən, həyata keçirdiyi proqramlardan, dövlətin təhsilin inkişafına verdiyi xüsusi önəmdən danışan Rüfət Əzizov vurğulayıb ki, təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Rektor SDU-nun fəaliyyət istiqamətləri, yeniliklər və gələcək prioritetləri barədə məlumat verib. Bildirib ki, hər bir elm-təhsil müəssisəsinin qarşısında konkret məqsədlər durur. Bu illər ərzində Sumqayıt Dövlət Universiteti böyük inkişaf yolu keçib, ölkənin sənaye mərkəzi olan Sumqayıt şəhəri və region üçün mütəxəssis hazırlığı sahəsində mühüm nailiyyətlər əldə edib və bu gün də peşəkar kadrların yetişdirilməsi istiqamətində uğurlu addımlar atır.
Rektor onu da qeyd edib ki, SDU-da universitet-sənaye əlaqələrinin genişləndirilməsi istiqamətində uğurlu addımlar atılır və qarşılıqlı əməkdaşlığın qurulmasında bu əlaqələrin yaradılması olduqca əhəmiyyətlidir. Bu istiqamətdə görüşlərin təşkili də vacib amillərdəndir. Rektor müəllim və tələbələrə Təhsilin İnkişafı Fondu tərəfindən gerçəkləşdirilən layihələrdən yararlanmağı tövsiyə edib.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov çıxış edərək dəvətə görə universitet rəhbərliyinə təşəkkürünü ifadə edib. Bildirib ki, ali təhsil müəssisələrində innovasiya və elmi-tədqiqat zəruridir. Bu səbəbdən də universitetlər öz iş mexanizmlərini uyğun qurmalı, zamanın tələbinə uyğun planlamalıdır. Ali təhsil müəssisələrində tədrisdə məzmunun yenilənməsində birgə fəaliyyət istiqamətləri, elmi-tədqiqat layihələrində birgə əməkdaşlıq aparılmalıdır.
Sonra sədr Təhsilin İnkişafı Fondunun gördüyü işlərlə bağlı təqdimatla çıxış edərək Fondun yaradılması, məqsədləri, missiyası, Fond tərəfindən həyata keçirilən layihələr, təqaüd proqramları barədə ətraflı məlumat verib. Bildirib ki, ölkə Prezidenti İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılan Təhsilin İnkişafı Fondunun fəaliyyətləri peşə təhsili istisna olmaqla təhsilin bütün pillələrini əhətə edir. Qısa zaman kəsiyində ali təhsil müəssisələri ilə bağlı 5 əsas strateji fəaliyyət istiqaməti müəyyən olunub. Strateji fəaliyyət istiqamətlərində akademik mobillik proqramlarının icrası, ali təhsil müəssisələrinin institusional inkişafı, elmi jurnal, nəşrlər və dərsliklərin hazırlanması, universitet-sənaye iş birliyinin inkişafında iştirak və ali təhsil müəssisələri tələbələrinin inkişafına dəstək və digər məsələlər əhatə olunur.
Sədr həmçinin qarşıda mühüm layihələrin olduğunu qeyd edib. Onu da bildirib ki, bütün bunlar tələbələri elm və innovasiyalar istiqamətində davamlı fəaliyyətə cəlb etməyə, tələbələri elm sahəsində aparıcı mövqe tutmalarına təkan verəcək.
Görüşdə universitetin strateji məqsədləri və hədəfləri, sənaye-universitet işbirliyi, tələbələrin karyera imkanlarının genişləndirilməsi, müəllim və tələbələrin ingilis dili üzrə danışıq bacarıqlarının inkişafı ilə bağlı həyata keçirilən işlər müzakirə olunub. Tədbir iştirakçılarının təklifləri dinlənilib, suallar Elnur Nəsibov tərəfindən ətraflı cavablandırılıb.
Sonda rektor Rüfət Əzizov Təhsilin İnkişafı Fondunun rəhbərliyinə səmimi görüş və gələcəkdə həyata keçiriləcək layihələrə göstərəcəkləri dəstəyə görə təşəkkürünü bildirib.
STP ilə əməkdaşlıq perspektivləri
Təhsilin İnkişafı Fondunun nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkının (STP) qonağı olub.
STP-nin Baş İnsan Resursları İnzibatçısı Şölə Əliyeva STP-nin fəaliyyəti, unikal sahələr üzrə kadr bazasının formalaşdırılması istiqamətində gördüyü işlər və gələcək planları haqqında danışıb.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov peşəkar kadr hazırlığının təmin olunması üzrə mühüm işlər görən STP ilə universitet-sənaye işbirliyinin inkişaf etdirilməsi və innovasiya sisteminin inkişafı istiqamətində əməkdaşlıq əlaqələrinin qurulmasının əhəmiyyətini vurğulayıb.
Görüşdə STP Şirkətlər Qrupu və Təhsilin İnkişafı Fondu arasında qızların təhsilinə dəstək, internat məktəbində böyümüş və hazırda peşə məktəblərində təhsil alan gənclər, eləcə də şəhid xanımları və övladları üçün müxtəlif proqramların həyata keçirilməsi, birgə “bootcamp”ların təşkil edilməsi istiqamətində əməkdaşlıq perspektivləri müzakirə olunub.
|
|
29.12.2023 | 10:00 | |
|
|
|