“Təhsil həyatımızın ən gərəkli, ən mühüm sahəsidir” | |
Azərbaycan tarixinin Heydər Əliyev dövrü taleyüklü məqamları, dövlətçilik ənənələrinin yaranması, cəmiyyətimizin demək olar ki, bütün sahələrində gedən əsaslı dəyişikliklərin uğurlu nəticələrinə, xüsusilə ölkə təhsilinə diqqət və qayğısına görə böyük bir salnamədir. Dahi şəxsiyyət təhsilin cəmiyyətin inkişafındakı rolu ilə bağlı deyirdi: “Təhsil həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər, milli mənafelər əsasında qurulmalıdır”. Və təsadüfi deyildir ki, həmin məqsədlərə xidmət edən təhsil islahatları bilavasitə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilməyə başladı. Əbədiyaşar Liderin Azərbaycan xalqının gələcəyinə istiqamətlənmiş strategiyasında təhsil sahəsinin inkişafı, dünya təhsil sisteminə inteqrasiyası hər zaman prioritet istiqamətlərdən olub.
Azərbaycan təhsilinin gələcək inkişafına hesablanmış islahatlar
Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə həyata keçirilən təhsil islahatları Azərbaycan təhsilinin gələcək inkişafına hesablanmışdı. 1972-ci ildə “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında” və 1973-cü ildə “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qəbul edilmiş qərarların icrası nəticəsində bir sıra uğurlar əldə edildi. Respublikamızda orta məktəb şəbəkəsi genişləndirildi, əsaslı keyfiyyət dəyişikliyinə nail olundu. Həmçinin ümumtəhsil müəssisələrinin dərsliklərlə təminatı problemi həll edildi və 1978-ci ildən etibarən şagirdlərə dərsliklər pulsuz verildi.
Təhsilin inkişafına xüsusi diqqət məktəb tikintisində də həmin dövrdə özünü göstərdi. Belə ki, 1979-cu ildə ümumtəhsil məktəblərinin sayı 1965-ci ilə nisbətən üç dəfədən çox artaraq 2117-yə, 1982-ci ildə isə 4267-yə çatdı. Şagirdlərin sayı 1970-ci ildəki 368 mindən 1980-ci ildə 710 minə yüksəldi. 1970-1980-ci illərdə respublikada 683,1 min şagird yerlik 1191 yeni məktəb binası tikilib istifadəyə verildi ki, bu da 1946-1970-ci illərdəki müvafiq göstəricidən iki dəfə çox idi.
Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə peşə məktəblərinin inkişafı ilə bağlı da bir sıra işlər həyata keçirildi. Ulu Öndərin təşəbbüsü ilə 1971-1975-ci illər üçün texniki peşə təhsilinin təkmilləşdirilməsi və inkişafı üzrə strategiya müəyyənləşdirildi, 54 yeni texniki peşə təhsili müəssisəsi fəaliyyətə başladı və bu təhsil müəssisələrində təhsilalanların sayı əvvəlki illərlə müqayisədə artdı.
Ali təhsilin inkişafı və milli kadr hazırlığı işinə yeni baxış
Ali məktəblərin fəaliyyətinin daha da yaxşılaşdırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi əbədiyaşar liderin təhsil siyasətində önəmli yer tuturdu. 1969-cu il noyabrın 1-də Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) 50 illiyinə həsr olunmuş təntənəli yığıncaqda iştirak edən Heydər Əliyev ana dilində söylədiyi nitqində ali təhsil sahəsində qarşıda duran vəzifələrdən danışdı. Bu, təkcə universitetin professor-müəllim və tələbə heyəti üçün deyil, bütövlükdə Azərbaycan cəmiyyəti üçün milli ruhun oyanması istiqamətində bir dönüş nöqtəsi oldu. Ali təhsil ocağının xalqımızın həyatında, elmimizin inkişafında mühüm rolunu vurğulayan Heydər Əliyev çıxışı zamanı dörd qitənin elçilərinin təhsil almaq üçün Azərbaycana gəldiklərini xüsusi qeyd etdi.
Məhz Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə 5 yeni ali təhsil müəssisəsi açıldı və ali məktəb tələbələrinin sayı 70 mindən 100 minədək artdı. 1982-ci ildə artıq ölkəmizdə 136 fakültəni və 530 kafedranı birləşdirən 21 ali təhsil müəssisəsi fəaliyyət göstərirdi.
Azərbaycanın yetirmələri, Azərbaycanın milli sərvəti...
Onu da xüsusi vurğulayaq ki, ölkə təhsilinin milli tariximizdə yüksəlişi Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində davam edib. Sovet dövrü illərində gənclərimizin respublikamızın hüdudlarından kənarda təhsil almalarına şərait yaradıldı. Ümummilli Liderin Azərbaycan təhsilinin inkişaf yolundakı böyük xidmətlərindən biri də 1970-1980-ci illərdə məhz onun təşəbbüsü və qayğısı sayəsində 15 mindən artıq Azərbaycanlı gəncin 250-dən çox ixtisas üzrə keçmiş SSRİ-nin nüfuzlu ali təhsil müəssisələrində ali təhsil almasına, yüksəkixtisaslı mütəxəssislər kimi hazırlanmasına imkan və şərait yaratması idi.
Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olduğu 1982-1987-ci illərdə də Azərbaycan gənclərinin respublikamızın hüdudlarından kənarda ali təhsil almasına şərait yaradırdı. Tez-tez azərbaycanlı tələbələrlə görüşür, onların problemlərinin həlli üçün bütün imkanlardan istifadə edirdi. Gənclərimizi “Azərbaycanın yetirmələri, Azərbaycanın milli sərvəti” kimi yüksək dəyərləndirirdi.
Ulu Öndər ölkə təhsilinə, elminə hər zaman diqqət və həssaslıqla yanaşırdı. “Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz.Təhsil millətin gələcəyidir”-söyləyən Heydər Əliyev Azərbaycana rəhbərliyinin ikinci dövründə də (1993-2003) bu sahənin yüksələn xətt üzrə inkişafına xüsusi önəm verirdi.
Azərbaycan təhsilinin böyük himayəçisi Ümummilli Lider “Təhsil sistemimizin hazırkı vəziyyətini, onun problemlərini dərindən öyrəndikdən sonra prioritet sahələr müəyyən edilməlidir”, - deyərək dünyanın inkişaf etmiş ölkələrinin təhsillə bağlı təcrübəsinə uyğun Azərbaycanda təhsil strategiyasının həyata keçirilməsi üçün mühüm işlər reallaşdırdı. 1998-ci il martın 30-da Prezidentin Sərəncamı ilə Təhsil Sahəsində İslahatlar üzrə Dövlət Komissiyası yaradıldı, “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” hazırlandı və 1999-cu il iyunun 15-də təsdiq edildi. Bu mühüm sənəddə qarşıya qoyulan hədəflər təhsilin gələcək inkişaf strategiyası müəyyənləşdirilməklə, mərhələlər üzrə təhsil sisteminin strukturunda, idarə edilməsində, məzmununda, maddi-texniki bazasında, iqtisadiyyatında, kadr hazırlığı və təminatında əsaslı islahatların aparılması oldu.
Əbədiyaşar liderin təhsillə bağlı verdiyi qərarlar ümumtəhsil məktəbləri şəbəkəsinin genişləndirilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə etibarlı zəmin yaratdı, mövcud problemlərin aradan qaldırılmasına öz müsbət təsirini göstərdi. Azərbaycan dilinin öyrədilməsi, onun dövlət dili statusunda təbliği, Azərbaycan tarixinin, ədəbiyyatının, coğrafiyasının tədrisi, müasir dövrün tələblərinə cavab verən dərsliklərin hazırlanması xüsusi diqqətdə saxlanıldı.
Heydər Əliyev uşaqları, gəncləri çox sevirdi. Gənclərimizin Azərbaycanın gələcəyi olduğunu söyləyən Ümummilli Liderin ölkəmizə rəhbərliyi dövründə məhz onların təhsilə həvəsləndirilməsi üçün də əsaslı işlər görülürdü. Təsadüfi deyil ki, ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında 2001-ci il 3 sentyabr tarixli Fərman da məhz Ulu Öndər tərəfindən imzalanmışdı. Prezident təqaüdü gənclər arasında yüksək bilik, bacarıq, səriştələr və əxlaqi dəyərlər qazanmaq uğrunda sanki yarışa çevrildi. Bu, müstəqil dövlətimizə, xalqımıza sədaqətlə xidmət edəcək yaradıcı şəxsiyyətin formalaşdırılmasına verilən böyük töhfələrdən biri idi.
Müəllim peşəsinə verdiyi dəyər
Ümummilli Lider müəllimlik peşəsinə hər zaman yüksək dəyər verirdi. Qeyd edirdi ki, müəllim adı şərəfli addır, müəllim adı yüksək addır. Müəllim vəzifəsi ona görə şərəflidir ki, o, cəmiyyət üçün ən dəyərli, bilikli, zəkalı, tərbiyəli, vətənpərvər vətəndaş hazırlayır. Müəllim dünyada yeganə şəxsiyyətdir ki, cəmiyyət öz gələcəyini - uşaqlarının tərbiyəsini yalnız ona etibar edir. Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır. Biz hamımız həyatımızda əldə etdiyimiz nailiyyətlərə, bütün varlığımıza görə müəllimə borcluyuq.
Ulu Öndər Azərbaycana rəhbərliyinin hər iki dövründə təhsilverənlərin əməyini yüksək qiymətləndirirdi, təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılmasının qayğısına qalırdı.
Dahi şəxsiyyət ölkəmizdə keçirilən bir sıra müəllimlər qurultayında iştirak edərək, çoxminli təhsil işçilərinə öz dəyərli tövsiyələrini verib.
Heydər Əliyevin ideyaları uğurla reallaşdırılır
Bu gün ölkəmizdə baş verən ən mühüm hadisələr, reallaşdırılan irimiqyaslı layihələr, əldə olunan uğurlu nəticələr məhz Ulu Öndərin ideyaları əsasında gerçəkləşir.
Heydər Əliyev işğal olunmuş torpaqlarımızın azad olunacağına əmin idi. Azərbaycanın gələcəyinin etibarlı əllərdə olduğunu bilirdi. Dahi şəxsiyyət tarixi müraciətində qeyd edirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Bəli, bu inamı doğruldan cənab Prezident İlham Əliyev xalqa müraciətində Şuşanın işğaldan azad edilməsinin tarixi əhəmiyyətindən danışarkən “Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!” - söylədi.
Və bizlər uzaqgörən Liderin siyasi varisi, layiqli davamçısı, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Ordumuzun düşmən üzərində qazandığı parlaq Qələbənin, torpaqlarımızın işğaldan azad edilməsinin, Azərbaycanın öz suverenliyini bərpa etməsi ilə bağlı tarixi anların canlı şahidləriyik. İşğaldan azad olunmuş torpaqlarımızda, doğma Qarabağımızda tikinti-quruculuq işləri aparılır. Dövlət başçısı İlham Əliyevin bizə yaşatdığı qələbə sevinci “Böyük Qayıdış” la nəticələndi. Məcburi köçkünlərimiz 30 ildən sonra öz yurd-yuvalarına qayıdırlar. Bu gün Şuşa, Füzuli, Zəngilan, Laçın və Tərtər rayonları olmaqla Qarabağ və Şərqi Zəngəzura həm də təhsilimiz qayıdıb, şagirdlərimiz, müəllimlərimiz məktəb həyatının sevincini yaşayırlar. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Xankəndidə Qarabağ Universiteti yaradılıb. Xankəndidə Qarabağ Universitetinin yaradılması məhz “Heydər Əliyev İli”nə mühüm töhfədir.
Başa vurduğumuz “Heydər Əliyev İli” təhsil tariximizə təbii ki, yaddaqalan hadisələri ilə düşür. Məhz bu il çərçivəsində reallaşdırılan hər bir tədbir, həyata keçirilən genişmiqyaslı layihələr, bilik yarışları, beynəlxalq festivallar, olimpiadalar, əldə olunan uğurlar vaxtı ilə Ulu Öndərin görmək istədiyi, arzuladığı, irəli sürdüyü ideyaların nəticəsi, bəhrəsidir.
Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Azərbaycan müəllimlərinin XVI qurultayının “Heydər Əliyev İli”ndə keçirilməsi isə əsası Ümummilli Lider tərəfindən qoyulan və ölkə başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilən Azərbaycan xalqının gələcəyinə istiqamətlənmiş strategiyasında təhsil sahəsinin inkişafının müasir reallıqlar şəraitində inamla davam etdirilməsinin bariz nümunəsidir.
Samirə KƏRİMOVA
|
|
29.12.2023 | 09:17 | |
|
|
|