Azərbaycanlı psixoloqların araşdırması beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə daxil olan jurnalda çap edilib

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov, institutun əməkdaşları- psixoloq Ülkər Zalova Nuriyeva, klinik psixoloqlar Mələk Allahverdiyeva, Təhmasib Abbasov və Narınc Rüstəmovanın həmmüəllifi olduqları “Məktəb Təcrübəsi Şkalasının Azərbaycan dilində adaptasiya olunması: onun psixoloji sıxıntı və məktəb məmnunluğuna təsirinin araşdırılması” (Azerbaijani adaptation of the perceived school experience scale:  examining its  impact on psychological distress and school satisfaction) adlı məqalə beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə daxil olan “Scopus”, “Web of Science”, “Index Copernicus”, “EBSCO” və digər bazalarda indekslənən "Problems of Education in the 21st Century" jurnalında dərc edilib.

 

Tədqiqatın məqsədi Azərbaycan yeniyetmələri arasında Məktəb Təcrübəsi Şkalasını tətbiq etmək üçün onun adaptasiyasını həyata keçirmək, həmçinin məktəb təcrübəsi, psixoloji sıxıntı və məktəb məmnunluğu arasında qarşılıqlı əlaqəni araşdırmaqdır.

 

Məlumatlar 1095 azərbaycanlı yeniyetmədən (635 qız və 456 oğlan) toplanıb.

 

 Adaptasiya prosesi boyunca təsdiqedici faktor analizi, meyarla əlaqəli etibarlılıq və etibarlılığın qiymətləndirilməsi aparılıb.

 

 Bundan əlavə, məktəb təcrübəsi, psixoloji sıxıntı və məktəb məmnuniyyəti arasındakı əlaqə vasitəçi təhlil əsasında araşdırılıb. 

 

Təsdiqedici faktor təhlilinin nəticələri göstərib ki, sorğu vərəqəsi 14 bəndi əhatə etməklə məktəblə əlaqəli üç qoruyucu faktoru əks etdirir və məqbul uyğunluq nümayiş etdirir.

Aparılan tədqiqat nəticəsində məktəb təcrübəsinin məktəb məmnuniyyəti ilə müsbət korrelyasiya, eyni zamanda, psixoloji sıxıntı ilə mənfi əlaqələri nümayiş etdirdiyi müəyyən olunub. 

Nəhayət, nəticələr psixoloji sıxıntının məktəb təcrübəsinin məktəb məmnunluğuna təsir etməkdə vasitəçi rol oynadığını ortaya qoyub. Əldə edilən nəticələr Məktəb Təcrübəsi Şkalasının Azərbaycan versiyası qənaətbəxş psixometrik xüsusiyyətlərə malik olduğunu deməyə əsas verir.

 

 Qeyd edək ki, bu testin adaptasiyası Elm və Təhsil Nazirliyinin sifarişi ilə Psixologiya Elmi- Tədqiqat İnstitutu tərəfindən həyata keçirilib. 

 

Məqalə ilə ətraflı tanış olmaq üçün linkə keçid edə bilərsiniz.

 

https://acrobat.adobe.com/id/urn:aaid:sc:AP:91796061-b4f7-4bd6-967d-2b3cab078c4c

 

 



27.12.2023 | 13:37