Rektor Ankarada türk dövlətlərinin çoxtərəfli elmi əməkdaşlığına dair seminarda iştirak edir

Türkiyənin Ankara şəhərində Beynəlxalq Türk Akademiyası, Türk Dövlətləri Təşkilatı və Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) birgə təşkilatçılığı ilə "Türk dövlətlərinin regional və qlobal problemlərin həlli istiqamətində birgə çoxtərəfli elmi əməkdaşlığı" mövzusunda  işçi seminar (“Workshop on science based multilateral collaboration and co-creation among turkic states for tackling regional  and global challenges”) keçirilir.

 

İşçi seminara Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər ölkələrdən nümayəndələr qatılıb. Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev seminarda iştirak edir.

 

Seminarın açılış mərasimində TÜBİTAK-ın prezidenti professor Hasan Mandal, Türk Dövlətləri Təşkilatının Baş katibi səfir Kubanıçbek Ömüralıyev, Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev çıxış edərək türkdilli ölkələrin regional və qlobal problemlərin həlli istiqamətində birgə fəaliyyətinin zəruriliyinə toxunublar. Qeyd olunub ki, türk dövlətlərinin çoxtərəfli elmi əməkdaşlığı regional və qlobal problemlərlə mübarizədə töhfə verə bilər.

 

Seminarda türk dövlətlərinin müxtəlif elmi təşkilat və müəssisələrinin nümayəndələrinin tədqiqat, inkişaf və innovasiya fəaliyyətlərinə dair təqdimatları olub.

 

Daha sonra türk dövlətləri arasında elm əsaslı çoxtərəfli əməkdaşlıq və birgə yaradıcılıq yolu ilə regional və qlobal problemlərin həlli üçün əsas aktual mövzular müzakirə olunub.

 

 

 



26.12.2023 | 16:07