BDU ilə Türkiyənin Hacəttəpə Universiteti arasında anlaşma memorandumu imzalanıb

Türkiyənin Hacəttəpə Universitetinin rektoru Mehmet Cahit Güranın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.

 

Nümayəndə heyəti ilə görüş zamanı BDU-nun rektoru Elçin Babayev qonaqlara universitetin tədris, elmi fəaliyyəti, beynəlxalq əlaqələri ilə bağlı məlumat verib. Qeyd edib ki, BDU qardaş Türkiyənin bir sıra nüfuzlu universitetləri ilə səmərəli əməkdaşlığa malikdir. BDU-da təhsil alan xarici tələbələrin də çoxu Türkiyədəndir. Onların əksəriyyəti hüquq və psixologiya ixtisaslarına meyl göstərirlər. Rektor Elçin Babayev Hacəttəpə Universiteti ilə müxtəlif istiqamətlərdə ikili diplom və “Erasmus” mübadilə proqramları çərçivəsində uğurlu əməkdaşlıq imkanlarının olduğunu deyib.

 

Hacəttəpə Universitetinin rektoru Mehmet Cahit Güran da Azərbaycanın ən böyük ali təhsil müəssisəsi ilə əməkdaşlığın hər iki universitetə fayda verəcəyini bildirib. O, rəhbərlik etdiyi ali təhsil müəssisəsinin Türkiyənin ən nüfuzlu universitetlərindən biri olduğunu, burada 3700-dən çox akademik heyətin çalışdığını və 53000-dən çox tələbənin təhsil aldığını diqqətə çatdırıb.

 

Daha sonra BDU və Türkiyənin Hacəttəpə Universiteti arasında anlaşma memorandumu imzalanıb. Memorandum təhsil və tədqiqat sahəsində hər iki universitet arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədini daşıyır. Memorandumda tələbələrin, akademik və inzibati heyətin, nəşrlərin və digər müvafiq materialların qarşılıqlı mübadiləsi, birgə seminar, tədris proqramlarının təşkili, ortaq elmi-tədqiqat və inkişaf layihələrinin həyata keçirilməsi öz əksini tapıb.

 

Qeyd edək ki, əsası 1967-ci ildə qoyulmuş Hacəttəpə Universitetində 16 fakültə, 15 institut, 4 peşə məktəbi, 2 məktəb, 1 konservatoriya fəaliyyət göstərir. Universitetdə 98 tədqiqat mərkəzi mövcuddur.

 

 



25.12.2023 | 13:00