Bakı Ali Neft Məktəbinin tələbələri "PAŞA Sığorta"nın Hakatonunda I yeri qazanıblar

Bakı Ali Neft Məktəbində (BANM) "PAŞA Sığorta" şirkətinin keçirdiyi Hakaton müsabiqəsinin qaliblərinin adları açıqlanıb və onların mükafatları təqdim olunub.

 

Bununla bağlı keçirilən tədbirdə BANM-ın rektoru Elmar Qasımov və "PAŞA Sığorta" şirkətinin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova iştirakçılara təşəkkür edib və qalibləri təbrik edərək onlara uğurlar arzulayıblar.

 

Sonra qalib komandaların adları açıqlanıb. I yerin qalibi BANM-ın “İnformasiya təhlükəsizliyi” ixtisasının tələbələri İsmayıl Məmmədzadə, Əli Məhərrəmli və Nadir İsgəndərovdan ibarət "Karma" komandası olub. Komanda 4 000 manat məbləğində pul mükafatı qazanıb.

 

II yerə "Phaster" komandası, III yerə isə "Eclipse" komandası layiq görülüb.

 

18-19 noyabr tarixlərində BANM-də keçirilən Hakaton müsabiqəsində müxtəlif universitetlərdə təhsil alan tələbələrdən ibarət komandalar yarışıblar. Ümumilikdə Hakatona 70-ə yaxın komanda müraciət edib, 33 komanda dəvət alıb, sonda isə 22 komanda mübarizə aparıb.

 



25.12.2023 | 12:17