Tanınmış özbək aliminin BDU-da elmi seminarı | |
Özbəkistan Milli Universitetinin özbək filologiyası fakültəsinin dekanı filologiya elmləri doktoru, professor Hamidulla Baltabayev Bakı Dövlət Universitetinin (BDU) filologiya fakültəsinin qonağı olub.
Fakültə dekanı dosent Elçin Məmmədov son illər ölkələrimiz arasında olan elmi-mədəni əlaqələrdən, fakültə alimlərinin Özbəkistanın müxtəlif universitetləri ilə uğurlu əməkdaşlığından söz açıb. Görüşdə iştirak edən dekan müavini Anar Fərəcov, Türkologiya kafedrasının müdiri professor Məhərrəm Məmmədov və həmin kafedranın doktorantı Məleykə Mirzəli Özbəkistan-Azərbaycan ədəbi-mədəni əlaqələrindən bəhs ediblər.
Sonra özbəkistanlı alim Hamidulla Baltabayevin Türkologiya kafedrasında elmi seminarı təşkil olunub. Professor Məhərrəm Məmmədov qonağa kafedranın tarixi, tədris və tədqiqat istiqamətləri haqqında məlumat verib. Professor Firuzə Ağayeva Hamidulla Baltabayevin yaradıcılığı haqqında geniş çıxış edib. O qeyd edib ki, əsas tədqiqat obyekti Cədid hərəkatı olan və türk xalqları ədəbiyyatı araşdırmaları üzrə tanınmış alimin Azərbaycana olan sevgisi də xüsusi vurğulanmalıdır.
Sonra söz məruzəçiyə - professor Hamidulla Baltabayevə verilib. Məruzəçi “Özbək Cədid ədəbiyyatının Azərbaycan ədəbiyyatı ilə əlaqələri” mövzusunda çıxış edib. XX əsrin əvvəllərində Türküstan coğrafiyasında başlanan Cədidçilik hərəkatının məğzinin yeniləşmək ilə bağlı olduğunu qeyd edib. Bu dönəmdə xüsusilə Abdurauf Fitrətin yaradıcılığının özbək dili və ədəbiyyatına olan töhfələrindən söz açıb. Həmçinin qeyd edib ki, onun əsərlərində bir sıra məqamlar Hüseyn Cavid yaradıcılığı ilə oxşarlıq təşkil edir.
Sonra mövzu ilə bağlı müzakirələr aparılıb. Türkologiya kafedrasının əməkdaşları – professorlar Elbrus Əzizov və Ramiz Əskər, dosentlər İslam Vəliyev və Kəmalə Nəcəfova mövzu ilə bağlı öz fikirlərini bölüşüblər.
Sonda Türkologiya kafedrasının müdiri Məhərrəm Məmmədovun adından özbəkistanlı alimə “Təşəkkürnamə” təqdim edilib.
|
|
23.12.2023 | 11:04 | |
|
|
|