Azərbaycan Tələbələrinin Elm və İnnovasiya Forumu | |
“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin “Elm və İnnovasiya” proqramının təşkilatçılığı, Təhsilin İnkişafı Fondu və Azərbaycan Texniki Universitetinin dəstəyi ilə “Azərbaycan Tələbələrinin Elm və İnnovasiya Forumu” keçirilib.
Tələbələri elm və innovasiyalar istiqamətində davamlı fəaliyyətə cəlb etmək, Azərbaycan tələbələrinin elm sahəsində aparıcı mövqe tutmalarına yön vermək, həmçinin elmi araşdırmaların və sərbəst məqalə yazmağın əsaslarını öyrətmək məqsədi ilə həyata keçirilmiş forumda ali təhsil müəssisələrinin təbiət elmləri ixtisaslarında bakalavr və magistr pillələrində təhsil alan 80 tələbə iştirak edib.
Forum Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, daha sonra Ulu Öndər Heydər Əliyevin və bütöv Azərbaycan uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsinin ehtiram və qürur hissi ilə yad edilməsi ilə başlayıb.
Giriş nitqi ilə çıxış edən Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması və biznesin inkişafı şöbəsinin əməkdaşı Rəsul Həşimov tələbələri salamlayıb və elm yolunda daim öz üzərində çalışan tələbələrin fəaliyyətinin təqdirəlayiq olduğunu qeyd edərək ölkəmizdə tələbələr üçün yaradılan bir çox təhsil imkanlarına əlçatanlıqdan söz açıb.
Forumun açılış mərasimi “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin sədri Leyla Zeynalovanın çıxışı ilə davam edib. O, forumun elm sahəsindəki gələcək liderləri bir araya toplamaq, həmçinin tələbələri öyrətmək və ilhamlandırmaq məqsədi ilə təşkil edildiyini vurğulayıb.
Tədbirin davamında tələbələr üçün Milli Onkologiya Mərkəzinin Molekulyar Onkologiya laboratoriyasının müdiri Leylaxanım Məlikova, Amerika Psixoloqlar Assosiyasının üzvü, Psixi alqoritimlər nəzəriyyəsinin müəllifi Klinik Psixoloq Rövşən Nəzərli, Eksperimental Psixoloji laboratoriyanın direktoru Fidan Qənbərli, Milli Onkologiya Mərkəzinin həkimi Səbinə Mehdizadə, Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nərgiz Bayramova, ADA Universitetinin müəllimi, sosial tədqiqatçı İnqilab Şahbazov, İRİA-nın İnnovasiya Ekosistemi departamentinin baş layihə meneceri Camal Ağayev, “Zəhra kosmosda” platformasının təsisçisi Zəhra İmanova, ADMİU-nun Keyfiyyətin Təminatı və Strateji Planlaşdırma şöbəsinin müdir müavini Elçin Cəfərov və Corc Vaşinqton Universitetinin doktorantı Sani Salehin iştirakı ilə panel sessiyalar həyata keçirilib.
“Yeni nəsil elmdə səyahət”, “Məqalə yazmaq sənəti”, “İnnovasiya və gələcəyə yönəlik həllər” mözularında keçirilmiş panel sessiyaların sonunda forum iştirakçılarının sualları cavablandırılıb və maraqlı müzakirələr aparılıb.
Qeyd edək ki, forum çərçivəsində elm və innovasiya sahəsindəki geniş spektrdəki tədqiqatları və ideyaları özündə əks etdirən 9 poster təqdimat sərgilənib və spikerlər tərəfindən dəyərləndirilib.
|
|
22.12.2023 | 16:25 | |
|
|
|