İlk təqaüdçülər

Dekabrın 16-da Azərbaycan müəllimlərinin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş XVI qurultayı başa çatıb. Qurultayın bağlanış mərasimində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsis edilmiş ali təhsilin bakalavriat səviyyəsində əyani formada təhsil alan və təhsildə yüksək nailiyyətləri olan 100 tələbəyə “Heydər Əliyev adına təqaüd” təqdim olunub. Xatırladaq ki, təqaüd ali təhsil müəssisələrində bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani formada təhsil alan, təhsildə yüksək nailiyyətləri olan tələbələrə verilib. Sərəncama əsasən, Elm və Təhsil Nazirliyi təqaüdçülərə dövlət büdcəsinin vəsaiti hesabına 3000 manat məbləğində mükafatı birdəfəlik ödəyir.

 

“Təqaüd gələcək planlarımı böyütməkdə stimul oldu”

 

İlk 100 gəncin siyahısında yer alanlardan biridir Röya Qasımova. O, Bakı Ali Neft Məktəbində “Biznesin idarə edilməsi” ixtisası üzrə təhsil alır. Ali məktəbə 2020-ci ildə qəbul olunub. Həmin ilin qəbul nəticələrinə görə öz ixtisası üzrə ölkə ikincisi və Prezident təqaüdçüsüdür: “Tələbə adı qazananda məcburi köçkün idim. Unuda bilməyəcəyim böyük nailiyyətlərimdən biri Qubadlının işğaldan azad olunması günündə ölkə Prezidentinin dəvətilə Qubadlıya səfər edən qonaqlardan biri olmağımdır. Hazırda ortalama balım 98-dir. Artıq Prezident təqaüdçüsü olmaqla yanaşı, həm də Heydər Əliyev adına təqaüdçüsüyəm. Özü də bu təqaüdə layiq görülən ilk 100 nəfərdən biriyəm.  Böyük qürurdur. Bu hadisə gələcək planlarımı böyütməkdə mənim üçün stimul oldu. Bundan sonra daha həvəslə oxuyacağam”. Təqaüdü hara xərcləyəcəyi barədə planına gəlincə, 3000 manat təhsili üçün dəyərli  sərmayə olacaq: “Təqaüdü karyerama xərcləyəcəyəm. İxtisasım üzrə özümü daha da təkmilləşdirmək, təhsilimi xaricdə davam etdirmək istəyirəm. Bütün bu planlarımda bu vəsaitin mənə böyük köməyi dəyəcəyini düşünürəm”.

 

 

“Bu təqaüd gələcəkdə həm hərbi, həm də mülki sahədə fəaliyyətimi stimullaşdırır”

 

Heydər Əliyev adına Hərbi İnstitutun IV kurs tələbəsi Nurlan Bəhmənli də Heydər Əliyev adına təqaüdçülərindəndir. Yardımlı rayonu Ənvər Mirzəyev adına kənd orta məktəbinin və Cəmşid Naxçıvanski adına hərbi liseyin məzunudur: “Heydər Əliyev adına Hərbi İnstitutda Qoşun kəşfiyyatı ixtisası üzrə təhsil alıram.  Təhsil müddətində 4 semestr zərbəçi, 1 semestr əlaçı akademik göstəricisinə nail olmuşam. Hazırda ortalama balım 98.7-dir. “Məktəb birincisi” statusum var. “Komando başlanğıcı kursu”nu birinciliklə bitirmişəm”. 

 

Nurlan Bəhmənli uğurlu 100 gəncdən biri kimi, Heydər Əliyev adına təqaüdə layiq görülməsindən qürurla danışıb: “Bu təqaüd gələcəkdə həm hərbi, həm də mülki sahədə fəaliyyətimi stimullaşdırır. Düşünürəm ki, bu uğur məni, mənim kimi digər gəncləri daha da həvəsləndirəcək. Təqaüdə görə Prezident İlham Əliyevə öz təşəkkürümü bildirirəm. Ali Baş Komandanımızı əmin etmək istəyirəm ki, qazandığım bütün uğurları Azərbayacana və xalqımıza həsr edəcəyəm”.

 

Nurlan vəsaitdən ailəsinin bəzi ehtiyaclarını ödəmək üçün də istifadə edəcək: “Valideynlərimin bəzi xərclərini qarşılayacağam. Bir də gələcəkdə işimi səmərəli qurmaq üçün texnologiyaya ehtiyacım var. Bu ehtiyacımı təmin edəcəyəm. Kibertəhlükəsizlik kurslarına yazılmağı düşünürəm, məqsədim müasir dövrün tələblərinə uyğun müəyyən qədər yeni texnologiya və sistemlərin iş prinsipinə, bütün sirlərinə yiyələnməkdir”.

 

“Bu qayğı gənclərimizi daha da həvəsləndirəcək”

 

Təqaüdçülərdən biri də Selcan Kərimovadır. Azərbaycan Texniki Universitetində “Kompüter mühəndisliyi” ixtisası üzrə ingilis dilində təhsil alır. Ortalama balı 99.9-dur: “Təəssüf edirəm ki, təqaüdünü özü ala bilmədi. 100 iştirakçı arasında onun da səhnəyə çıxdığını görməyi çox istəyərdim. Özü burada olmasa da, bu uğuru məni çox qürurlandırdı”. 

 

Selcanın atası da, anası da müəllimdir: “Hələ məktəb dövründən Selcan böyük nailiyyətlər qazanıb. Şahmat üzrə 3-cü dərəcəyə sahibdir. Fortepiano ixtisası üzrə Şövkət Ələkbərova adına musiqi məktəbinin məzunudur. “Xəmsə” Milli İntellektual Oyunu üzrə “Yaz kuboku”nun qalibi olub. İnformatika fənni üzrə respublika fənn müsabiqəsinin, Astronomiya Olimpiadasının qaliblərindəndir, Misirdə keçirilmiş AFS global “STEAM Academy” təqaüdünün qalibi olub”.

 

Pəri Kərimova qızının uğurları siyahısına əlavə olan bu son uğurunun onu stimullaşdıracağını düşünür: “Təşəkkür edirəm bu layihəyə, bu diqqət və qayğıya görə. İnanıram ki, bu qayğı gənclərimizi daha da həvəsləndirəcək. Bundan sonra qızım və hər bir təqaüdçü daha böyük səylə çalışacaq”.

 

Anası deyib ki, Selcan aldığı bu təqaüdü tamamilə özünün inkişafına xərcləyəcək: “Valideyni olaraq onun bir manatını da təhsilindən kənara xərcləməsini istəmərəm”.

 

Ruhiyyə DAŞSALAHLI

 



22.12.2023 | 10:43