“Ümummilli Lider Heydər Əliyev və Azərbaycan təhsili” | |
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayında elm və təhsil nazirinin müavini Firudin Qurbanovun moderatorluğu ilə keçən “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan təhsili” panelində Ulu Öndərin zəngin siyasi irsi, milli təhsil konsepsiyasının inkişafı sahəsində misilsiz xidmətlərindən bəhs olunub. Sessiyada çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov vurğulayıb ki, Heydər Əliyev daim qeyd edirdi ki, hər bir ölkənin gələcək uğurlu inkişafı onun gənclərinin təhsilindən asılıdır. Məhz buna görə də Heydər Əliyev respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə daim təhsilin inkişafına xüsusi diqqət yetirib. “1970-1982-ci illərdə ölkədə 1191 məktəb istifadəyə verilib, məktəbəqədər təhsil müəssisələrinin inkişaf etdirilməsi və yenilərinin yaradılması təmin olunub. O dövrdə 5 yeni ali məktəb yaradılıb, peşə məktəblərinin sayı xeyli artıb. Bunlar imkan yaratdı ki, həm təhsilalanlara, həm təhsilverənlərə lazımi şərait yaradılsın, çünki təhsilin inkişafında əsas məsələ müasir infrastrukturun yaradılmasıdır. Və bu infrastruktur imkan yaradır ki, təhsilverənlər lazımi şəraitdə, müasir tələblər səviyyəsində tədrisi həyata keçirə bilsinlər”.
Nazir müavini F.Qurbanov əlavə edib ki, Ulu Öndərin uzaqgörən siyasətində gənclərimizin xaricdə təhsil almaları ilə bağlı istiqamət də əsas yer tutur. “1970-1980- ci illərdə hər il 300-400, sonralar isə 800 gənc o vaxt SSRİ məkanında nüfuzlu ali məktəblərdə 250-dən artıq ixtisas üzrə ali təhsil ala biliblər. Və bu gün onlar müasir Azərbaycanda dövlət idarəetmə sistemində, ali təhsil sahəsində çalışırlar. Məhz o vaxt nüfuzlu ali məktəblərdə təhsil alanlar bu gün ölkənin inkişafını təmin edirlər”.
Nazir müavini xüsusi olaraq qeyd edib ki, bizim gənclər keçmiş ittifaqın bir çox ali hərbi məktəblərində ali təhsil alıblar. Bizim bugünkü qələbəmiz, Qarabağ torpaqlarımızın azad olunmasında məhz bu hərbi kadrların böyük xidmətləri vardır”.
Firudin Qurbanov Elm və Təhsil Nazirliyinin Ulu Öndərin zəngin irsinin təhsilalanlara çatdırılması sahəsində apardığı işlərin bundan sonra da davamlı xarakter alacağını vurğulayıb. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin fəaliyyəti dərsliklərimizdə, tədris proqram və vəsaitlərində daim öz əksini tapır. Eyni zamanda Heydər Əliyevin fəaliyyəti ilə bağlı şagirdlər, tələbələr arasında bir çox müsabiqələr, bilik yarışları keçirilir. “Heydər Əliyevin fəaliyyəti ilə bağlı bütün istiqamətlər - vətənpərvərlik, təhsil, hərbi quruculuq üzrə istedadlı şagirdlərimiz öz təqdimatlarını edirlər, Elm və Təhsil Nazirliyi onları xüsusi mükafatlarla qiymətləndirir. Bu iş bundan sonra da davam edəcək. Siz əmin ola bilərsiniz ki, biz Heydər Əliyevin zəngin ideya və siyasi irsini qoruyub saxlayacaq və gələcək nəsillərə çatdıracağıq”, - deyə nazir müavini bildirib.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, Heydər Əliyev ölkəyə rəhbərliyinin ilk illərindən başlayaraq Azərbaycanın yeni inkişaf istiqamətlərini müəyyənləşdirib. Xüsusən də sənaye və texnologiya sahəsində mütəxəssis çatışmazlığını aradan qaldırmaq üçün ciddi səylər göstərib. O vaxta qədər Azərbaycan üçün tələb olunan mütəxəssislər və işçilər Rusiyadan gətirilirdi. Belə bir şəraitdə Heydər Əliyevin qərarı ilə azərbaycanlı gənclərin keçmiş ittifaqın müxtəlif şəhərlərinə oxumağa göndərilməsinə başlanmışdı: “O zaman xarici ölkələrdə mütəxəssis hazırlığı mümkün deyildi, ona görə də gənclərimiz ancaq ittifaq məkanında təhsil almağa göndərilirdi. Azərbaycanın xarici siyasət sahəsində çalışacaq ilk diplomatlarımız da Kiyev və Moskvada oxudular. Qonşu Gürcüstanda beynəlxalq hüquq, diplomatiya sahəsində mütəxəssislər var idi. Buna görə də müvafiq sahələrdə elmi şuralarda iştirak üçün qonşu ölkədən mütəxəssislər dəvət etməli idik. Ulu Öndər bütün bu məsələlərlə tanış olduqdan sonra onun xüsusi tapşırığı əsasında müvafiq sahələr üzrə kadr hazırlığını təmin etmək üçün gənclərin xaricə göndərilməsinə qərar verildi. Ulu Öndər göndəriləcək gənclərin siyahısına baxanda onların hamısının oğlanlar olduğunu gördü. Qızların siyahıda olmamasının səbəbi ilə maraqlandı. Səbəb kimi bəzi valideynlərin qızların ölkədən kənarda təhsilə göndərilməsinə etiraz etməsi və bunu milli motivlərlə bağlaması göstərilirdi. Məhz Heydər Əliyevin tapşırığı ilə siyahının yenidən hazırlanması və siyahıda qızların da yer alması təmin olunmuşdu”.
Məhz Ulu Öndərin qərarı ilə başqa şəhərlərə göndərilmiş, təhsillərini tamamlayaraq məzun olmuş şəxslərin hər biri müəyyən sahələrdə çalışmaqla ölkəmizdə tanınmış mütəxəssislər olmuşdur. Bundan əlavə, Ulu Öndər ali təhsil müəssisələrinin maddi, texniki problemləri ilə tanış olurdu, bu sahədə mövcud problemləri araşdırırdı. O, ali məktəblər qarşısında yüksəkixtisaslı mütəxəssis hazırlığına tələbat olan sahələrin müəyyənləşdirilməsi kimi bir vəzifə qoymuşdu.
Qeyd edilib ki, Heydər Əliyev qızların təhsillinə böyük diqqət yetirib, qadınların savadlı olması, onların bu sahədə uğurlar qazanması üçün bir çox tədbirlər həyata keçirib. Ümummilli Liderin təhsil siyasəti bu gün Azərbaycanda uğurla davam etdirilir.
Paneldə çıxış edən YAP-ın sədr müavini Əli Həsənov, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə, professor Şahlar Əsgərov Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən söz açıblar, onunla bağlı xatirələrini bölüşüblər.
Oruc MUSTAFAYEV
|
|
22.12.2023 | 09:27 | |
|
|
|