Aşqarlar Kimyası İnstitutunda 2023-cü ildə mühüm fundamental və tətbiqi nəticələr əldə edilib

Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun 2023-cü ildəki elmi, elmi-təşkilati fəaliyyəti məhsuldar olub.

 

Bu haqda məlumat verən institutun icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayev bildirib ki, təmsil etdiyi elmi müəssisənin əməkdaşları tərəfindən 2023-cü ildə bir əsas istiqamət və bir problemi əhatə edən 12 mövzu, 35 mərhələ üzrə Zərif üzvi sintezin və kompüter modelləşməsinin imkanlarından istifadə etməklə müxtəlif təyinatlı üzvi reagentlərin və kompozision materialların, yüksək təsirə malik fizioloji fəal birləşmələrin, o cümlədən, potensial dərman maddələrinin məqsədli sintezi və funksional təsir mexanizminin öyrənilməsi sahəsində fundamental və tətbiqyönlü tədqiqatlar aparılıb və 6 fundamental, 5 tətbiqi xarakterli olmaqla, 11 ən mühüm nəticə əldə edilib.

 

Ən mühüm nəticələrdən bəhs edən Ə.Sucayev deyib ki, müştərək beynəlxalq tədqiqatlar çərçivəsində tərkibində tiosianat qrupu saxlayan yeni heterotsiklik birləşmələrdən ibarət canlı orqanizmlərin bəzi patoloji proseslərinin yeni nəsil inhibitorları yaradılıb. Xüsusən, karbon anhidraz izoenzimin yeni inhibitorları qan damarları və kapilyarların genişlənməsi, tıxanmasının qarşısını almaq qabiliyyətinə malik potensial dərman təsirinə malikdir.

 

İnstitut rəsmisi əlavə edib ki, Portuqaliyanın Lissabon Universitetinin əməkdaşları ilə birlikdə pirazol əsaslı birləşmələrin, həmçinin optimal struktura malik N-əvəzli tiokarbamidlərin yeni metal kompleksləri sintez edilib. Həmin komplekslər stirolun benzaldehidə peroksid oksidləşməsində ilk dəfə katalizator kimi tətbiq olunub və məqsədyönlü məhsul kimi benzaldehidin çıxımı 80%-ə qədər artıb: “Fundamental tədqiqatlar zamanı metalların turş mühitdə korroziyasının qarşısını yeni inhibitorlar, tərkibində siyrilməyə qarşı xassələrin daşıyıcıları olan tion və sulfid kükürd atomlarını saxlayan uyğun efirlər, allilkaprilat, butilmetakrilat və stirolun birgə polimerləşməsindən ikili və üçlü birgə polimerlər də alınıb”.

 

İcraçı direktor qeyd edib ki, fundamental nəticələrin yeniliyi və əhəmiyyəti nüfuzlu beynəlxalq jurnallarda dərc olunan məqalələrə dünya alimləri tərəfindən edilən çoxsaylı istinadlarla təsdiqlənib.

 

Tətbiqi xarakterli nəticələrə gəldikdə isə, Ə.Sucayev vurğulayıb ki, institut alimlərinin tədqiqatları zamanı xüsusi təyinatlı itiyerişli yerüstü texnikanın turboüfürmə ilə yüksək gücləndirilmiş dizel mühərriklərinin bütün mövsümlərdə istismarını təmin edən yeni motor yağı yaradılıb: “Strateji material olan xüsusi təyinatlı sürtkü yağlarının yaradılması ölkəmizin müdafiə qüdrətini artırır, xarici ölkələrdən asılılığını azaldır və müdafiə sənayesinin inkişafına yardım edir. Yeni yağın istehsalı Yüksək Texnologiyalar Parkının rezidenti olan Təcrübə-Sənaye Zavodunda həyata keçirilir. Yaradılmış yeni xüsusi təyinatlı motor yağının Müdafiə Nazirliyi sərəncamında olan müvafiq xüsusi təyinatlı texnikada sınaqlarına başlanılıb və ilkin nəticələr müsbət olub”.

 

İnstitut rəsmisi digər bir tətbiq olunan mühüm nəticənin Bakı Neft Emalı Zavodlarının uzun illər ərzində fəaliyyəti nəticəsində əmələ gəlmiş Abşeronun Balaxanı ərazisinə tullanaraq həddindən artıq ekoloji gərginlik yaradan min tonlarla turş qudronun emal məhsulundan istifadə edərək mazut əsasında alınan qalıq yanacaqların istismar xassələrini yaxşılaşdıran əlavə yaradılmasından ibarət olduğunu diqqətə çatdırıb: “Turş qudronun emal məhsulu artıq tətbiq edilir.

 

İnstitutda yaradılmış “Depressator-AKİ” aşqarının istehsalı institutun “Aşqar” EİB-də bu il də davam etdirilib. Eyni zamanda aviasiyada istifadə olunan sintetik sürtkü yağının 200ºC-dən yuxarı temperaturlarda oksidləşməsinin qarşısını alan və istismar müddətini uzadan AKİ-194, o cümlədən yağlayıcı-soyuducu mayelərə yüksək bakterisid və funqisid xassələrə malik yeni aşqarlar da yaradılıb”.

 

Onun sözlərinə görə, bəzi fundamental və tətbiq xarakterli elmi nəticələrin yeniliyi və mühüm əhəmiyyəti 13 patentlə təsdiq edilib.

 

Hesabat dövründə institutun elmi fəaliyyəti haqqında məlumat verən Ə.Sucayev diqqətə çatdırıb ki, il ərzində 52 elmi məqalə, o cümlədən  onlardan  22-i respublikada, 30-u xaricdə (17 məqalə  Web of Science  və Scopus bazalarında, 10 məqalə isə digər beynəlxalq bazalara  daxil olan jurnallarda)  olmaqla, ümumilikdə 164 elmi əsər çap olunub. 2023-cü  ildə  institut əməkdaşlarının məqalələrinə 300-ə  yaxın is­ti­­nad edilib.



21.12.2023 | 11:05