“Çinar” rəqs ansamblının üzvləri Latviyada müsabiqədə iştirak ediblər

Riqada yaşayan azərbaycanlı həmvətənlərimizin “Çinar” rəqs ansamblı Latviyanın müstəqilliyinin 100 illiyinə  həsr olunan  müsabiqədə iştirak edib. Ansambl 600 qrup arasında fərqlənərək finala yüksəlib. “Çinar” rəqs qrupunda çıxış edən Ayla Cəfərova, Əminə Mahmudova və Emiliya Mahmudovanın “Sarı gəlin” rəqsi ilə finala çıxan 44 qrupun sırasındadır. Riqa VEF Mədəniyyət Mərkəzində keçirilən finalda azərbaycanlı uşaqlar “Qaval rəqsi” ilə münsiflər heyətini  bir daha heyrətləndiriblər. Milli geyimli iştirakçıların rəqsi tamaşaçılarda  xoş ovqat yaradıb.

    

Qeyd edək ki, Latviyada yaşayan müxtəlif xalqların nümayəndələrinin iştirak etdiyi bu müsabiqə artıq üçüncü ildir ki, keçirilir. Məqsəd xalqlararası mədəniyyətləri genişləndirməklə onların Latviya tərkibində milli mənsubiyyətlərinin dərk edilməsini təmin etməkdir. Builki tədbir Riqa Dumasının təhsil, mədəniyyət və idman departamentinin dəstəyi ilə Riqa Şəhər Mediyası tərəfindən  həyata keçirilib.

       

Sifai SƏFƏROVA



23.10.2018 | 14:41