“Türk dünyası: ortaq tarixi-mədəni dəyərlər, müasir reallıqlar və gələcəyə baxış”

Bakı Dövlət Universitetinin (BDU) tarix fakültəsinin təşkilatçılığı ilə “Türk dünyası: ortaq tarixi-mədəni dəyərlər, müasir reallıqlar və gələcəyə baxış” mövzusunda I beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib. 

 

Açılış mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev bu ilin Azərbaycan üçün əlamətdar hadisələrlə zəngin olduğunu, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyini və Qarabağda şanlı Zəfərimizi, erməni seperatizminə son qoyulmasını böyük sevinclə qeyd etdiyini deyib. Rektor belə bir ildə Türk dünyasının birliyini dəstəkləyən konfransın keçirilməsinin təqdirəlayiq addım olduğunu bildirib. Qeyd edib ki, son dövrlər Türk dünyasının birliyi istiqamətində Azərbaycan Respublikasının fəaliyyəti uğurla davam etdirilir. 2009-cu ilin oktyabrında türkdilli dövlətlərin başçılarının qədim Azərbaycan yurdu Naxçıvanda keçirilən Zirvə Görüşündə imzalanan sazişlə yaradılan türkdilli dövlətlər arasında əməkdaşlığın yeni formatı artıq qlobal müstəvidə mühüm amilə çevrilir. Dörd ölkə başçısının - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin prezidentləri tərəfindən imzalanan həmin Sazişə əsasən, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması və illər keçdikcə, xüsusilə Azərbaycanın və Türkiyənin intensiv fəaliyyəti sayəsində quruma üzv ölkələr arasında əlaqələr daha da genişləndirilir.  2021-ci ilin noyabrında İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 8-ci Zirvə Görüşündə isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının Türk Dövlətləri Təşkilatı adlandırılması, Türkmənistana təşkilatda müşahidəçi statusunun verilməsi, Azərbaycan Prezidentinin “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi, “Türk dünyasına baxış - 2040” sənədi ilə qərarların qəbulu bir daha bu birliyin sarsılmazlığından xəbər verir.  

 

Rektor Prezident İlham Əliyevin bu ilin noyabrın 3-də Qazaxıstanın paytaxtı Astanada keçirilən Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə Görüşünün türkdilli dövlətlər arasında əlaqələrin inkişafındakı əhəmiyyəti barəsində etdiyi tarixi çıxışı da xatırladıb. Türk dünyasının böyük bir ailə kimi daim inkişaf edəcəyini və ortaq dəyərləri ilə dünyaya örnək olacağını deyib. 

 

BDU-nun tarix fakültəsinin dekanı professor İbrahim Zeynalov konfrans çərçivəsində keçiriləcək plenar iclaslarda aparılacaq müzakirələrin mahiyyətinə toxunub. Bildirib ki, Türk dünyasının yaranması, inkişafı və gələcək addımlarına həsr olunan məruzələr hərtərəfli təhlil olunacaq. Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan–Türkiyə qardaşlığı, Türk dünyasının birliyi, həmrəyliyi ilə bağlı fikirləri Prezident İlham Əliyevin siyasi fəaliyyətində təsdiqini tapmaqda və bütün sahələrdə öz töhfəsini verməkdədir.  

 

Sonra BDU-nun qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri, akademik Yaqub Mahmudov, Qafqaz xalqları tarixi kafedrasının müdiri professor İradə Hüseynova, Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) Türkmənistan təmsilçisi professor Oquljeren Hacıyeva, Türkiyənin Ağrı İbrahim Çeçen Universitetinin dosenti Ahmet Edi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin ümumi tarix kafedrasının müdiri professor Sevinc Əliyeva çıxışlarında Türk birliyinin dünyada böyük əhəmiyyətə malik olduğunu və Azərbaycanın bu birlikdə mərkəzi mövqe tutduğunu diqqətə çatdırıblar. 

 

4 bölmə ilə işini davam etdirən konfrans sabah yekunlaşacaq. 

 



19.12.2023 | 18:38