“Azəralüminium” UTECA tələbələri üçün xüsusi təqaüd təsis edib | |
Azərbaycan Texnologiya Universiteti (UTECA) ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə cəmiyyəti olan “Azəralüminium” MMC dövlət müəssisəsi arasında mövcud əməkdaşlıq münasibətləri çərçivəsində UTECA tələbələri üçün xüsusi təqaüd təsis edilib.
Bu barədə universitetin rektoru vəzifəsini müvəqqəti icra edən edən dosent Yaşar Ömərovla “Azəralüminium” MMC-nin direktoru Maksim Cavadov arasında keçirilən görüşdə razılaşma əldə olunub və müvafiq saziş imzalanıb.
Razılaşmaya əsasən, xüsusi təqaüd universitetin texniki və texnoloji ixtisaslarında təhsil alan, ən yüksək akademik göstəricilərə malik 2 tələbəsinə veriləcək. Təqaüd hər tələbə üçün 100 manat məbləğində müəyyən olunub və yeni təqvim ilindən etibarən hər ay verilməsi nəzərdə tutulub.
Müəssisə ilə universitet arasında əldə edilən digər razılığa əsasən, regionda məşğulluğa dəstək verilməsi baxımından “Azəralüminium”un kadr ehtiyatının daim sabit saxlanılması sahəsində fəaliyyətin təmin edilməsi, mütəxəssis hazırlığının keyfiyyətinin yüksəldilməsi və əmək bazarının tələblərinə uyğun kadr hazırlanması məqsədilə “Azəralüminium” tərəfindən UTECA-da 2 ixtisaslaşmış auditoriya qurulacaq. Yaxın zamanda auditoriyaların qurulması işlərinə başlanılacaq.
Görüşdə, həmçinin "Metallurgiya mühəndisliyi" ixtisasının tədris planına müvafiq fənlər daxil etməklə, onun yenilənməsi və bunun üçün birgə işçi qrupunun yaradılmasına dair razılığa gəlinib.
Qeyd edək ki, universitet-sənaye əlaqələrinin gücləndirilməsini hədəfləyən UTECA son 1 ildə bir çox iri sənaye müəssisələri ilə əməkdaşlıq memorandumları imzalayıb, mövcud əlaqələri genişləndirib.
|
|
19.12.2023 | 10:45 | |
|
|
|