Dekabrın 18-də Elm və Təhsil Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən “Peşə təmayüllü siniflərin təşkili” layihəsinin 2019–2023-cü illərin yekunlarına həsr olunan “İlkin bacarıqlardan davamlı inkişafa” adlı hesabat tədbiri keçirilib.
Tədbirin keçirilməsində məqsəd 2019–2020, 2020–2021, 2021–2022-ci tədris illərində layihənin pilot fəaliyyətinin yekunlarına dair məlumatları, əldə edilən uğur və gələcəkdə nəzərdə tutulan fəaliyyətləri bölüşmək olub.
Tədbirdə əvvəlcə peşə təmayüllü siniflərdə təhsil alan şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Daha sonra elm və təhsil nazirinin müşaviri, Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Elnur Əliyev giriş nitqi ilə çıxış edib və şagirdlərə uğurlar arzulayıb.
Hesabat tədbirində çıxış edən elm və təhsil nazirinin müavini Həsən Həsənli layihənin əhəmiyyətindən danışaraq bildirib ki, peşəyönümlü siniflər şagirdlərin erkən yaşda maraqlarının müəyyənləşdirilməsi üçün olduqca önəmlidir. Nazir müavini bu siniflərdən məzun olan şagirdlərin əmək bazarına daha hazırlıqlı olduqlarını qeyd edib.
Sonra peşə təmayüllü siniflərin fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Ardınca layihənin rəhbəri Xanım Şabanova 2019–2023-cü illərə dair geniş təqdimatla çıxış edib.
Sonra “Ümumi təhsildən əmək bazarına: çətinliklər və fürsətlər” mövzusunda panel müzakirə təşkil olunub. Layihənin rəhbəri Xanım Şabanovanın moderatorluq etdiyi müzakirədə təhsil üzrə beynəlxalq ekspert Rainer Gerke, Azərbaycan HR İnstitutunun direktoru Emil Hüseynov və “Future Bright” şirkətinin Azərbaycan üzrə direktoru Könül Əliyeva iştirak ediblər.
Tədbirin sonunda peşə təmayüllü siniflərin təşkili və icrasında əməyi keçən əməkdaşlara təşəkkürnamələr təqdim edilib.
Qeyd edək ki, ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsinə şərait yaradan peşə təmayüllü siniflərə 196 məktəbdə 4000-dən çox şagird cəlb olunub.
|