BDU-da Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbir keçirilib | |
Bakı Dövlət Universitetinin (BDU) Rus Mərkəzinin və “Rossotrudniçestvo” təşkilatının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, bu il Azərbaycan xalqı müstəqil dövlətimizin memarı, dünya şöhrətli siyasi xadim, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyini böyük sevgi və ehtiramla qeyd edir. Ulu Öndər Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan bənzərsiz şəxsiyyətdir. Bütün həyatını xalqımızın xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin qurulmasına və inkişafına həsr etmiş dahi liderin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir.
Rektor diqqətə çatdırıb ki, Azərbaycan ilə Rusiya arasında elm və təhsil, mədəni-humanitar sahələrdə uğurlu əməkdaşlıq münasibətləri var. Bu münasibətlərin inkişafında ali təhsil müəssisələri xüsusi rola malikdir.
Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Azərbaycanın ən böyük və qədim universiteti olan BDU-da olmaqdan məmnunluğunu bildirib. Səfir qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanın inkişafında müstəsna xidmətləri olmuş böyük şəxsiyyətdir. O, Azərbaycan-Rusiya əlaqələrinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etməsində Ulu Öndər Heydər Əliyevin böyük rola malik olduğunu bildirib.
Milli Məclisin deputatı, Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin isə çıxışında vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanı çoxsaylı bəlalardan xilas edən, ölkənin müstəqilliyini qoruyan və möhkəmləndirən böyük siyasətçi olub: “Əgər Ümummilli Lider Heydər Əliyev olmasaydı, Azərbaycanın vəziyyəti necə olardı? Ölkə böyük təhlükə qarşısında idi, onu bu xaosdan Ulu Öndər çıxardı”.
Elm və Təhsil üzrə Dövlət Agentliyinin Ali və orta ixtisas təhsili müəssisələri ilə iş şöbəsinin müdiri Samir Həmidov bildirib ki, Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin öyrənilməsi və təbliğinə həmişə böyük ehtiyac var. S.Həmidov Ulu Öndərin hakimiyyətdə olduğu illər ərzində sülh, sabitlik siyasəti yürütdüyünü, Azərbaycanın hərtərəfli inkişafı üçün çalışdığını qeyd edib.
“Rossotrudniçestvo” təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri İrek Zinnurov, "Rusiya (Sovet) Ali Məktəb Məzunlarının Azərbaycan Assosiasiyası” İctimai Birliyinin sədri Üzeyir Əliyev, BDU-nun professoru, tarix elmləri doktoru Azad Rzayev çıxışlarında Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün gördüyü çoxşaxəli fəaliyyəti, həyata keçirdiyi layihələr, ölkəmizin beynəlxalq aləmdə söz sahibinə çevrilməsindəki misilsiz xidmətlərindən danışıblar.
Tədbir bədii hissə ilə davam edib. |
|
18.12.2023 | 18:57 | |
|
|
|