Valideynlər inklüziv siniflərlə bağlı məlumatlandırılıb | |
Paytaxt məktəblərindəki inklüziv siniflərdə təhsil alan sağlamlıq imkanları məhdud şagirdlərin valideynləri tədris prosesi ilə bağlı məlumatlandırılıb.
İnklüziv siniflərlə tanışlıq çərçivəsində təşkil olunmuş görüşlərdə valideynlər övladlarının təhsil aldığı müəssisə ilə yaxından tanış olub, məktəbdə yaradılmış müvafiq infrastruktur, tədris resursları və təhsil müəssisəsində həyata keçirilən layihələr barədə məlumatlandırılıb, dərslərdə iştirak edib, məktəbin müəllim kollektivi ilə müzakirələr aparıblar.
Həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin baş məsləhətçisi, 1 nömrəli psixoloji-tibbi-pedaqoji komissiyanın sədri Elşad Səfixanov və məktəb rəhbərliyi valideynləri inklüziv təhsillə bağlı ətraflı məlumatlandırıb, onlara bu kateqoriyadan olan uşaqlarla davranış zamanı nəzərə almalı olduqları zəruri məsələlərə dair tövsiyələr verib.
Valideynlərin məktəb mühitinə göstərə biləcəkləri töhfələrlə bağlı rəyləri, təklifləri dinlənilib və səmərəli fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, müvafiq görüşlərin keçirilməsinin məqsədi valideynlərin məktəb mühiti ilə yaxından tanışlığı və onlara təhsil müəssisəsinin fəaliyyəti, inklüziv tədrisin təfərrüatları barədə ətraflı məlumat verməkdən ibarətdir.
|
|
18.12.2023 | 16:24 | |
|
|
|