Müəllimlərin XVI qurultayının ilk gününün panel sessiyaları

Dekabrın 15-də öz işinə başlayan Azərbaycan müəllimlərinin XVI qurultayı plenar iclasdan sonra panel sessiyaları ilə davam etdirilib.

 

Elm və təhsil nazirinin müavini Firudin Qurbanovun moderatorluğu ilə keçirilən “Ümummilli lider Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda olan panel sessiyasında müasir Azərbaycanın inkişafında Heydər Əliyevin tarixi missiyası, onun zəngin siyasi irsi, ümummilli liderin hakimiyyəti illərində azərbaycanlı gənclərin keçmiş SSRİ-nin nüfuzlu universitetlərində təhsil almağa göndərilməsindən bəhs edilib. Nazir müavini həmçinin ulu öndərin irsinin öyrədilməsi üçün dərsliklərimizdə Heydər Əliyevlə bağlı mövzuların yerləşdirildiyini diqqətə çatdırıb. 

 

Sessiyada çıxış edən Azərbaycan Respublikası Prezidenti Katibliyinin sabiq rəisi Dilarə Seyidzadə, Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova, Baş nazirin sabiq müavini Əli Həsənov, professor Şahlar Əsgərov ulu öndərlə bağlı xatirələrini bölüşüb, Heydər Əliyevin misilsiz xidmətlərindən danışıblar.

 

“Elm və ali təhsilin inteqrasiyası” panelində Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizovun moderatorluğu ilə elm və təhsil sahəsinin inteqrasiyası mövzusunda müzakirə keçirilib. Qeyd olunub ki, ixtisas sahələrinin sayının artırılması cəmiyyətdə iş yerlərinin tələblərinə uyğun olmalıdır. Eyni zamanda elmi-tədqiqat institutları ilə universitetlərin birgə fəaliyyətinin təkmilləşdirilməsinin nəzərdə tutulduğu bildirilib.  

Müzakirələrdə ali təhsil və elm arasında inteqrasiyanın doğru prinsiplər əsasında qurulmasının vacibliyi, universitetlərdə müəllimlərin dərslərə yanaşma formasının  mühümlüyü, həmçinin müəllimlərin təkmilləşdirilməsi əsas məsələ kimi vurğulanıb.


Sessiyada elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentləri Dilqəm Tağıyev və İradə Hüseynova iştirak ediblər.

 

İştirakçı fəallığı ilə müşayiət olunan digər paneldə “Azərbaycan dili yeni çağırışlar müstəvisində” mövzusu ətrafında müzakirələr aparılıb. Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyevanın moderatorluğu ilə Azərbaycan dilində oxu, yazı, nitq problemləri, o cümlədən dilin tədrisində müşahidə edilən problemlərə diqqət çəkilib.  

 

Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayev, ümumi təhsil müəssisələri üçün Azərbaycan dili dərsliklərinin həmmüəllifi Rafiq İsmayılov, yazıçı-publisist Aqşin Yenisey panel müzakirələrdə çıxış edərək ana dilinin təbliği, oxu vərdişlərinin aşılanmasında müəllimlərin rolunu vurğulayıblar. 

 

Müzakirələrdə Azərbaycan dilinin tədrisi ilə bağlı təkliflər də verilib.

 

“İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” paneli isə İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının moderatorluğu ilə keçirilib. Panel müzakirələrdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev, Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, Qarabağ Dirçəliş Fondunun Beynəlxalq əlaqələr və dövlət qurumları ilə iş şöbəsinin müdiri Aynurə Hacıyeva və Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin direktoru Həcər Mahmudova iştirak ediblər. 

 

Müzakirələrdə işğaldan azad edilmiş ərazilərdə görülən quruculuq işlərindən bəhs edilib, həmçinin Ağdam, Füzuli rayonlarında aparılan və yekunlaşmaq üzrə olan layihələrdən danışılıb. 

 

Qeyd edək ki, qurultayın ilk günündə “Rəqəmsallaşma, süni intellekt və təhsilin transformasiyası”, “Ümumi təhsilin idarə olunmasına müasir yanaşmalar”, “Peşə təhsili və gələcək üçün bacarıqlar”, “Müəllim hazırlığı və müəllimlərin peşəkar inkişafının prioritet məsələləri”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlbi: inklüziv, inteqrasiyalı və xüsusi təhsil” və “Məktəbəqədər təhsilin məzmunu və əhatə dairəsinin genişləndirilməsi” mövzuları üzrə də panel sessiyaları keçirilib.

 

Azərbaycan müəllimlərinin XVI qurultayı dekabrın 16-da da işini davam etdirəcək.

 

 



15.12.2023 | 18:44